Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:46

«Freedom House» Azərbaycanın namizədliyini dəstəkləmir


İnsan Haqları Şurası BMT-nin insan haqlarına dair siyasi qurumudur
İnsan Haqları Şurası BMT-nin insan haqlarına dair siyasi qurumudur
Mayın 12-də BMT-nin Baş Assambleyasının İnsan Haqları Şurasına 18 yeni üzv seçilməsi planlaşdırılır. «Freedom House» və başqa beynəlxalq təşkilatlar BMT-ni, insan haqlarını pozan yeddi ölkənin Təşkilatın İnsan Haqları Şurasına seçilməsinə qadağa qoymağa çağırıb.

Onların BMT-yə təqdim etdikləri siyahıya görə, namizədlər içərisində olan Azərbaycanda insan azadlığının vəziyyəti onu bu Şuraya seçilməyə imkan verməməlidir. Azərbaycan son seçkidə İnsan Haqları Şurasının üzvü seçilib.

«Freedom House»un seçilməsini məsləhət görmədiyi ölkələrin sırasında Azərbaycanla yanaşı, Kamerun, Çin, Kuba, Cibuti, Rusiya və Səudiyyə Ərəbistanı da var. Bu siyahının içərisində də Çin, Kuba və Səudiyyə Ərəbistanı dünyada ən repressiv rejimə sahib olan dövlətlər kimi göstərilir.

“Freedom House”un nümayəndəsi Kristofer Volker “Azadlıq” radiosuna müsahibəsində bildirir ki, Azərbaycan əvvəlkə ölkədə insan haqları sahəsində vəziyyəti yaxşılaşdırmalıdır:

- Freedom House, eləcə də başqa demokratiya və insan haqları təşkilatları BMT bə başqa beynəlxalq qurumlarda lider mövqelərə çıxmaq iddiasında olan bir çox ölkələrin həmin iddialarının əleyhinədir. Hesab edirik ki, öz ölkələrində əsas insan azadlıqlarına hörmət etməyən dövlətlərin geniş mənada insan haqlarına cavabdeh mövqelərdə olması düzgün deyil. Bu əsas, baza prinsipdir. Məncə, Azərbaycan öz daxilində insan haqlarının vəziyyətini yaxşılaşdırsa, bu, fundamental addım olardı.

BMT-yə təqdim edilən sənəddə Şuraya üzvlük üçün namizəd olan daha altı ölkədə insan haqlarının vəziyyətinin ciddi suallar doğurduğu bildirilir. Bunlar Banqladeş, İordaniya, Keniya, Qırğızıstan, Nigeriya və Uruqvaydır.

«Freedom House» hesab edir ki, namizədliyini irəli sürən ölkələrdən yalnız altısının üzvlüyə haqqı var. Onlar Belçika, Macarıstan, Mavritaniya, Meksika, Norveç, ABŞ və Uruqvaydır.

Insan haqları təşkilatları mayın 12-də Nyu-Yorkda təqdim etdikləri xüsusi hesabatda bildirirlər ki, Şuraya üzvlük üçün namizədliyini vermiş 20 ölkədən üçdə-ikisində insan haqlarının vəziyyəti ya çox pis, ya da pisdir.

Hesabat müəllifləri qeyd edirlər ki, demokratik ölkələrin çoxu namizədliyini vermədiyindən rəqabət olmur və insan haqları sahəsində pis göstəricisi olan ölkələr asanlıqla seçilirlər. Buna baxmayaraq, namizəd ölkənin hər biri seçilmək üçün BMT-nin Baş Assambleyasında səslərin mütləq çoxluğunu qazanmalıdır.

İnsan Haqları Şurası BMT-nin insan haqlarına dair siyasi qurumudur. Ora BMT üzvü olan 47 dövlət seçilir. Həmin dövlətlər insan haqlarının vəziyyətini ən yüksək səviyyədə saxlamalı və bu dəyərlərin yayılmasına çalışmalıdır.

Ölkələr üç illik üzv seçilmək üçün Baş Assambleyada 192 üzv ölkədən ən azı 97-nin səsini almalıdır. İyunun 19-da şuranın üzvlərindən 18-nin səlahiyyət müddəti bitir və mayın 12-də onların yerinə seçkilər olacaq. Şuranın üzvü olan Azərbaycan növbəti dəfə də namizədliyini irəli sürüb.
XS
SM
MD
LG