Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:55

Əndican qırğınının dördüncü ildönümü tamam oldu


Əndican, 14 may 2005
Əndican, 14 may 2005
Özbəkistanın Azərbaycan qədər nə qazı var, nə nefti. Amma insan haqları təşkilatları Avropa Birliyi və ABŞ-ı strateji maraqlarına görə Özbəkistanda da insan haqları pozuntularına göz yummaqda ittiham edirlər.

Mayın 13-də bu ölkədə baş verən Əndican qırğınının dördüncü ildönümüdür. İnsan haqları təşkilatları 2005-ci il mayın 13-də Özbəkistan hakimiyyətinin dinc mitinqçilərə atəş açaraq yüzlərlə insanı qətlə yetirdiyini bildirir.

Bu faciəli hadisənin ildönümü münasibətilə Özbəkistanda keçirilən mitinqi polis dağıdıb. Buna bənzər aksiyalar Almaniya və İsveçdə də planlaşdırılıb. Vaşinqtonda senator Con Makkeyn Əndican hadisələrinə dair brifinq keçirib.

«Amnesty İnternational» beynəlxalq insan haqlarını müdafiə təşkilatı isə Avropa Birliyinə açıq məktub göndərib.

Bütün bu tədbirlərdə səslənən əsas fikir isə vaxt keçdikcə Qərb ölkələrinin bu qırğınla bağlı mövqeyindən geri çəkilməsindən narahatlıqlardır.

Avropa Birliyinə məktub göndərən «Amnesty İnternational» təşkilatının nümayəndəsi David Nikolas narahatlıqları barədə bunları deyir:

- 2005-ci ildə Avropa Birliyi Özbəkistana sanksiyalar qəbul edəndə əsas tələblərdən biri Əndican hadisəsinin müstəqil araşdırılması idi.
Əndican, 14 may 2005
Amma sanksiyaların bir hissəsinin ləğvi zamanı Avropa Birliyindən səslənən fikirlərdə həmin kütləvi qırğının araşdırılması haqqında heç bir şey deyilmirdi. Təşkilatın rəsmiləri ilə söhbətlərdə məsələnin ümumiyyətlə gündəlikdən çıxdığına dair narahatlığımız artır. Ona görə Avropa Birliyindən istəyirik ki, Özbəkistanla münasibətlərdə hadisənin beynəlxalq araşdırılması tələbini gündəlikdə saxlasınlar.

Avropa Birliyi 2005-ci ildə Əndican qırğınına görə bu hadisəyə qarışan məmurların birlik ölkələrinə səfərlərinə və Özbəkistana silah satışına qadağa qoymuşdu. Ötən ilin oktyabrında Avropa Birliyi «ölkədə insan haqları sahəsində irəliləyişlər var» deyərək səfər qadağasını aradan qaldırdı. Bu ilin oktyabrında isə silah qadağasına yenidən baxacaq.

ABŞ 2005-ci ildə qırğının müstəqil şəkildə araşdırılmasını tələb etsə də, Brüsselin Özbəkistana tətbiq etdiyi qadağalara qoşulmamışdı.

İnsan haqlarını müdafiə təşkilatları narahatdırlar ki, beləliklə də Daşkəsən Əndican qırğınından yavaş-yavaş canını qurtarmaqdadır. Bunun səbəbini də onlar beynəlxalq güclərin Özbəkistandakı maraqlarında görürlər. O qədər də enerji mənbələri olmayan bu ölkədə kimin, hansı maraqları ola bilər?

Ötən il Beynəlxalq Böhran Qrupu bildirirdi ki, Avropa Birliyinin öncül ölkələrindən olan Almaniya daha çox Özbəkistandakı Termiz şəhərindəki hərbi bazasına önəm verir. Bu baza Almaniyanın Əfqanıstandakı hərbi birliyinə yardım edir. Berlin bir tərəfdən də Avropaya qaz çatdırmağı nəzərdə tutan «Nabucco» kəməri layihəsinə Özbəkistandan təbii qaz almağa çalışır.

Əndican, 14 may 2005
Orta Asiyada hərbi bazalar Əfqanıstandakı ordusuna yardım üçün ABŞ-ın da marağındadır. Daşkənd elə Əndican qırğınından sonra ABŞ hərbi bazasını öz ərazisindən çıxarsa da, Vaşinqton bu bölgədə hərbi baza yaratmaq istəyi barədə siqnallar verir.

Maraqlıdır ki, Azərbaycan da dolayısı ilə Əndican hadisələrinin araşdırılmasının dayandırılmasına qarışıb. 2007-ci ilin martında BMT-nin İnsan Haqları Şurasında Özbəkistan və İranda insan hüquqlarının pozuntusuna dair fərdi şikayətlərin araşdırılmamasına Azərbaycan da səs verib. Həmin şikayətlər üçün Şuranın beş dövlətin iştirakı ilə yaratdığı komissiyanın üzvlərindən üçünün səs verməsi ilə dayandırılıb.

Özbəkistan və İrandan gələn şikayətlərin araşdırılmasının dayandırılmasına komissiyaya daxil olan Azərbaycan, Banqladeş və Zimbabve səs verib. Azərbaycanın BMT-də nümayəndələrindən olan Elçin Əmirbəyov öz qərarlarını bu cür izah edirdi:

- Ölkələr lazım olan bütün sənədləri təqdim edirlər və əməkdaşlıq edirlərsə, bu şikayətlərdən sui-istifadə edilməməlidir.

Artıq Azərbaycan BMT-nin həmin İnsan Haqları Şurasında deyil. Mayın 12-də Azərbaycan namizədliyini versə də, Şuraya seçilə bilməyib.
XS
SM
MD
LG