Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:36

Enerji ehtiyatları uğrunda mübarizə toqquşmalarla nəticələnə bilər


Moskva Arktik regionun daha böyük ərazisinə iddialıdır
Moskva Arktik regionun daha böyük ərazisinə iddialıdır
Dünyanın enerji ehtiyatları uğrunda artan mübarizə hərbi toqquşmalarla nəticələnə bilər. Kremlin yenicə qəbul etdiyi təhlükəsizlik strategiyasında belə qeyd olunur. «Guardian» qəzeti yazır ki, sənəddə Amerikanın raketdən müdafiə proqramının Rusiyanın üzləşdiyi ən əsas problemlərdən biri olduğu deyilir. Təhlükəsizlik strategiyasında Yaxın Şərq, Mərkəzi Asiya və Xəzər dənizi ilə yanaşı Arktik bölgə də yeni potensial münaqişə bölgəsi kimi nəzərdən keçirilir.

Sənəddə deyilir ki, «Resurslar uğrunda mübarizə problemlərin həlli üçün hərbi qüvvədən istifadəni istisna edilə bilməz» və əlavə olunur ki, «Rusiya Federasiyasının sərhədləri yaxınlığında mövcud güc balansı və onun müttəfiqləri pozula bilər».

«Guardian» qəzeti yazır ki, sənəd keçən onillik boyunca Rusiya ilə Qərb ölkələri arasında münasibətlərin kəskin pozulmasını göstərir. Kremlin sonuncu milli təhlükəsizlik strategiyası Boris Yeltsenin xələfi Vladimir Putin hakimiyyətə gələndən bir qədər sonra (2000-ci ilin yanvarında) qəbul olunub.

Sənəddə ölkənin təhlükəsizliyinə əsas təhdidin terror olduğu bildirilir və Çeçenistanda separatçılara qarşı aparılan mübarizə həmin «terror müharibəsi»nin bir hissəsi kimi qələmə verilir.

Çeçenistan məsələsi indi müəyyən qədər həll olunub və artıq Rusiya öz strateji maraqlarını dəyişib. Moskvanın ən çox ehtiyat etdiyi ABŞ-la Rusiyanın hərbi qüvvələri arasında boşluğun genişlənməsi və tükənən neft və qaz uğrunda mübarizənin kəskinləşməsidir.

Rusiyanın milli təhlükəsizlik strategiyası 2020-ci ilə qədər nəzərdə tutulub. Sənəddə eyni zamanda NATO-dan Rusiyaya gələ biləcək təhdiddən də söhbət gedir.

Dmitri Medvedevin imzaladığı sənəddə deyilir ki, Moskva Vaşinqtonla «bərabər və hərtərəfli tam strateji əməkdaşlıq» istəyir, lakin ABŞ-ın Mərkəzi Avropada raketdən müdafiə sistemini inkişaf etdirmək planına qarşıdır.

Moskvadakı müdafiə məsələləri üzrə ekspert Ruben Sergeyev deyir: «Yeni doktrina göstərir ki, Rusiyaya qarşı əsas təhdid Qərb ölkələrinin fəaliyyətidir».

Ekspertin fikrincə, «Rusiya ABŞ-la hərbi sahədə boşluğun genişlənməsindən və Amerikanın yeni silah sistemi yaratmaqla, Rusiyanın nüvə potensialını azaltmaq, Rusiya sərhədi yaxınlığına və kosmosa yerləşdirmə cəhdindən ciddi narahatdır».

Ruben Sergeyev eyni zamanda deyir ki, Rusiya Amerikanın uzaq mənzilli, qeyri-nüvə silahlarından da narahatdır.

ABŞ prezidenti Barak Obama isə Moskva ilə əlaqələri yenidən yaxşılaşdırmağa can atdığını bildirib. Obama söz verib ki, iyul ayında Moskvaya səfər edəndə Rusiya prezidenti ilə yeni strateji silahların azaldılması müqaviləsini razılaşdıracaqlar. Ancaq bu məsələdə hələ də iki tərəf arasında mühüm fikir ayrılıqları qalmaqdadır.

Kreml keçmiş Sovet ölkələri -Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyünə qəti surətdə etiraz edir. Rusiyanın bu mövqeyini isə Amerika qəbul etmir.

Rusiyanın Milli Təhlükəsizlik Strategiyasının müəllifi, Putinin yaxın müttəfiqi və Rusiya Federal Təhlükəsizlik Bürosunun keçmiş rəhbəri Nikolay Patruşevdir. Patruşev isə deyib ki, Amerikanın Rusiya sərhədlərində hərbi infrastruktur yerləşdirməsi qəbuledilməzdir. «İzvestiya» qəzetinə müsahibə verən Patruşev bildirib ki, Kreml «məqsədyönlü və praqmatik xarici siyasətini davam etdirəcək, qarşıdurmaya getməyəcək».

Maraqlı odur ki, Patruşev Barents dənizi və digər Arktik regionları yeni mümkün hərbi əməliyyat bölgələri kimi qeyd edib.

Rusiya şimal yarımkürəsində şimal qütbünə iddialı olan bir neçə ölkədən biridir, son vaxtlar isə bu bölgəyə hərbi birləşmələrini də göndərib.

Kremlin Arktik sahil zolağındakı niyyəti digər 5 dövləti təşvişə salıb. Bu ölkələrin hər birinin öz sərhədindən şimala 200 mil məsafəni istismar etmək hüququ var. Lakin Moskva Arktik regionun daha böyük ərazisinə iddialıdır. Rusiya okean şelfinin Sibir qitə platformasının davamı olduğunu təsdiqləyə bilsə, daha böyük ərazilərə sahib çıxa biləcək.

Ekspertlərin fikrincə, dünyanın neft və təbii qaz ehtiyatlarının 25 faizi məhz bu ərazidə yerləşir.
XS
SM
MD
LG