Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 04:58

Metyu Brayza: «Ya məlumatsızdırlar, ya yalan danışırlar»


Metyu Brayza
Metyu Brayza
Müsahibənin davamı

İlham Əliyev, Elmar Məmmədyarov, Araz Əzimov...


- Bununla belə, hər iki tərəf irəliləyiş haqda danışmırlar. Praqa danışıqlarından sonra Bakıdan və Yerevandan verilən bəyanatlar bunu deməyə əsas verir. Ola bilərmi ki, bu cür bədbin bəyanatlar daha çox daxili sakitləşdirmək üçündür? Nə üçün həmsədrlərin bəyanatları tərəflərin verdiyi bəyanatlardan bu qədər kəskin fərqlənir?

- Mən bilmirəm. Əlbəttə ki, hər iki ölkə liderinin özlərinin daxili siyasi məsələləri var və daha geniş diplomatik təşəbbüslər var. Biz bundan xəbərdarıq. Mənim bildiyim isə odur ki, Yuri, Bernar və mən danışıqlardan sonra qalıb öz aramızda bir neçə saat müzakirə apardıq. Və bizim səmimi qiymətləndirməmiz bu idi ki, bu, çox pozitiv bir görüş idi. Orada nəzərəçarpacaq irəliləyiş var idi. Düzdür, orada bizim ümid etdiyimiz dönüş nöqtəsi əldə olunmadı. Mən bilmirəm bundan aydın necə ifadə edim. Madrid sənədində 10-20 əsas prinsiplər var və konseptual baxımdan həllini gözləyən 10-20 məsələ var. Mənim, eləcə də Bernar və Yurinin hiss elədiyi o idi ki, prezidentlər, doğrudan da hələ razılaşdırılmamış konseptual məsələləri işləyə bildilər. Onlar nəyi edə bilmədilər - onlar detallar barədə razılaşmadılar. Bu isə indiki danışıqların əsas predmetidir. Detallar razılaşdırılmadan konseptual razılaşma əldə etmək nəzərəçarpacaq irəliləyişdir. Mən əmin deyiləm ki, Azərbaycanda prezident Əliyev, Xarici İşlər naziri Məmmədyarov və nazir müavini Əzimovdan başqa kiminsə müzakirə olunan detallardan xəbəri var. Əslində, məni Azərbaycanda prezident, Xarici İşlər naziri, nazir müavini, Ermənistanda isə prezident və Xarici İşlər nazirindən başqa heç kimin şərhləri maraqlandırmır. Başqa heç kimin şərhi əhəmiyyət daşımır, çünki heç kim başda duranlar qədər dərindən prosesdə iştirak etmir. Əslində isə son nəticədə yalnız prezidentlərin mövqeyi əhəmiyyət daşıyır, çünki qərarı onlar qəbul edirlər.

«Ya məlumatsızdırlar, ya yalan danışırlar»

- Deməli, siz inanırsınız ki, proses düzgün istiqamətdə davam edir.

- Bernar Fasye regiondadır və o, bizim - həmsədrlərin Praqadakı görüşdən sonra birgə hazırladığı təklifləri tərəflərə təqdim edir və yenə də deyirəm, Praqada razılaşdırılmış konseptual məsələlərin detalları üzərində iş gedir. Bernar regiondadır. Mən regiona tezliklə gedəcəyəm, dəqiq vaxtını bilmirəm, gedəcəyəm ki, hadisələrin inkişafını öyrənim, sonra isə biz prezidentlər arasında iyunda Sankt-Peterburqda görüşün olacağına ümid edirik. Ümid edirik ki, bu görüş baş tutacaq. Praqadakı görüşün əməli nəticəsinə gəlincə, bu da elə ondan ibarətdir ki, biz, prezidentlərin özünün xahişi ilə Minsk Qrupu çərçivəsində öz səylərimizi daha da gücləndirməyə razılaşdıq. Onu ləngitməyə yox, gücləndirməyə. Prezidentlərin bizdən istədiyi budur. Bunun əksini iddia edənlər ya məlumatsızdırlar, ya da yalan danışırlar.

«Dediyim hər sözün arxasındayam»

- Sankt-Peterburqda prezidentlərin görüşü ilə bağlı nə qədər nikbinsiz? O baş tutacaqmı?


- Mən optimist ya pessimist olduğumu demək istəmirəm. Prezidentlər özləri qərar verir. Mən iki şey əlavə etmək istərdim. Bilmirəm bu kiməsə maraqlıdır ya yox, amma mən Novruz Məmmədovun xətrini çox istəyirəm. Məncə, o, ABŞ-Azərbaycan münasibətləri üçün çox dəyərə malikdir və mən onunla gələcəkdə də işləməyə ümidliyəm. Onun məni tənqid etməsi ilə bağlı heç bir problemim yoxdur. Amma mən adamların nə baş verdiyini anlamasını istəyirəm. Bu, birincisi. İkincisi, mən sizə minnətdaram ki, siz bizim istifadə etdiyimiz spesifik sözlərə bu qədər peşəkarlıq və diqqətlə yanaşırsınız. Ayrı-ayrı sözlərin çox böyük əhəmiyyəti var. Mən sizə təşəkkürümü bildirməklə yanaşı onu da qeyd etmək istəyirəm ki, mən «Exo Moskvı» radiostansiyasına verdiyim müsahibədən heç bir sözümü geri götürmürəm. Dediyim hər bir sözün arxasında dayanmışam. Adamlar audioda mənim əslində nə dediyimə qulaq asa bilər. «Exo Moskvı» da dediklərimi mətnə köçürərkən etdikləri səhvi sonra professionallıq nümayiş etdirərək düzəldib. Mən səhv etməmişəm. «Exo Moskvı» edib və sonra onu düzəldib. Hər kəs mənim nə dediyimi audioda dinləyə bilər. Mən həm Ermənistanın, həm də Azərbaycanın mətbuatında hansısa gizli sövdələşmə barədə məni narahat edən, qızışdırıcı, populist bəyanatlar gördüm. Bunları yazan və deyən adamlar sülh prosesinin dostları deyil. Onlar kimlər tərəfindənsə ruhlandırılır və ya maliyyələşdirilir. Məsələnin mahiyyəti isə orada göz qabağında idi və sadəcə audioya qulaq asıb onu eşitmək olardı. Qulaq asın və mənim nə dediyimi görün. Ümumiyyətlə, həmsədrlərin dediklərində nəsə sizə ifrat görünürsə, yəqin ki, bunu həmsədrlər deməyiblər. Biz çox mötədil adamlarıq, uzun müddətdir bu işlə məşğuluq və bir arzumuz var - tərəflərin qarşılıqlı razılaşma əldə etməsinə yardımçı olmaq.

Karyera məsələsi

- Bakıda iddia edirlər ki, siz nikbin bəyanatlar verməklə öz karyeranızı xilas etməyə çalışırsınız. Bunu necə şərh edərdiz?

- Bu, çox qəribədir. Bəzən insanlar öz narahatlıqlarını başqalarında görürlər. Mənim işim mənim üçün çox böyük əhəmiyyətə malikdir və indi mənim əsas işim Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasına bacardığım qədər kömək etməkdir. Bu, mənim karyerama anlam qatır. Və mənim bütün diqqətim indi buna yönəlib.
XS
SM
MD
LG