Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:50

Demokratiya anarxiya kontekstində təsvir olunanda


Rusların çoxu hökumətin Rusiyanı dünya arenasında güclü oyunçuya çevirmək səylərini dəstəkləyirlər
Rusların çoxu hökumətin Rusiyanı dünya arenasında güclü oyunçuya çevirmək səylərini dəstəkləyirlər
Mayın 25-də «Vaşinqton Post» qəzeti özünün «Rusiya Bu Gün» əlavəsində RİA Novosti agentliyinin Vaşinqton bürosunun rəhbəri Svetlana Babayevanın məqaləsini dərc edib. Məqalədə müəllif Rusiyada əhalinin demokratiya və demokratik ideallara baxışlarını təhlil edir. Müəllif yazır ki, 1990-cı illərdə Qərbdə Rusiya demokratiyası kimi qəbul olunan fenomen Rusiyanın özündə anarxiya kimi qəbul olunurdu. «Nəticəsi? Ruslar hələ də heç bir əlin olmamasındansa, güclü əlin olmasını qəbul edirlər».

Müəllif yazır ki, Buş administrasiyası dövründə tez-tez təkrar olunan «Rusiya xalqı demokratiyaya layiqdir» şüarı ruslar üçün çox az əhəmiyyətə malikdir. Bu xalqın yaddaşında demokratiya təcrübəsi yoxdur. 1990-cı illərdə hamı demokratiyadan danışanda Rusiyada çoxları iqtisadi çətinliklər içində çırpınırdı. Cəmiyyətin əsas dəyərləri və sosial şəbəkələri dağılırdı. Bu səbəbdən, «demokratiya» bir anlayış kimi rusların beynində anarxiya ilə assosiasiya olunur.

Müəllifin fikrincə, bu təcrübədən çıxış edən ruslar hakimiyyət onların şəxsi həyatlarına müdaxilə etməyənə qədər cəmiyyətdə dominasiya edən hakimiyyətin mövcudluğu ilə razılaşırlar. Əhalinin çoxu «mövcud ədalətsizlikləri, korrupsiyanı və qeyri-effektiv məhkəmələri disfunksional hökumətin uğursuzluqları kimi qiymətləndirmir».
Bu xalqın yaddaşında demokratiya təcrübəsi yoxdur. 1990-cı illərdə hamı demokratiyadan danışanda Rusiyada çoxları iqtisadi çətinliklər içində çırpınırdı. Bu səbəbdən, «demokratiya» bir anlayış kimi rusların beynində anarxiya ilə assosiasiya olunur


Müəllif yazır ki, sosioloqlar başqa səbəbləri də göstərirlər. Belə ki, avtoritar dövləti durdurmağın yeganə yolu ona qarşı küçələrdə açıq çıxış etmək olduğu bir halda əhalinin çoxu belə bir addımı atmağa hazır deyil. «Hətta indiki ağır iqtisadi durumda belə, əhalinin 10 %-dən azı ictimai etiraz formalarını dəstəkləməyə hazırdır».

Bundan əlavə, iqtisadi güc də sürətlə hökumətin əlində cəmləşir. 90-cı illərdə oliqarxlar dövləti nəzarət altında saxlayırdılarsa, hazırda bunun tam əksi baş verir. Müəllif yazır ki, aprelin 6-da Rusiyanın baş naziri Vladimir Putin Rusiya parlamentinə hesabatında demişdi ki, Rusiya hökuməti Rus şirkətlərinin Qərb banklarına borcları müqabilində Qərb şirkətlərində girov qoyduqları səhmləri satın almışdır. Başqa sözlə desək, əvvəl Qərb banklarına borclu olan Rusiya şirkətləri hazırda Rusiya hökumətinə, onun dövlət banklarına borcludurlar. Və əgər bu borclar ödənilməsə, həmin şirkətlərin əmlakı Rusiya dövlət mülkiyyətinə çevriləcək.

Müəllif yazır ki, bu tendensiya da Rusiya tarixində yeni bir şey deyil. Hələ Amerika tarixçisi Riçard Payps özünün «Köhnə Rejim Altında» kitabında yazırdı ki, «Rusiya burjuaziyasının zəifliyi əsrlərlə davam etmiş bir təcrübədən qaynaqlanır və həmin təcrübə göstərir ki, var-dövləti qazanmağın yolu hakimiyyətlə vuruşmaqdan deyil, onunla əməkdaşlıq etməkdən keçir». Müəllifin fikrincə bu səbəbdən, hazırkı rus oliqarxları Rusiya hökumətinin sadiq qulluqçularıdırlar.

Sonuncu səbəb kimi, müəllif onu qeyd edir ki, ruslar super-dövlət olmaq istəyirlər. Sorğular da bunu göstərir ki, rusların çoxu hökumətin Rusiyanı dünya arenasında güclü oyunçuya çevirmək səylərini dəstəkləyirlər. Müəllif yazır ki, hələ ki, ruslar öz yeni milli kimliklərini tapa bilməyiblər və deyək ki, 10 ildən sonra özlərini nə cür görmək istədikləri barədə aydın təsəvvürləri yoxdur. Bundan da vacibi odur ki, həmin qarışıqlıq millətin mənəvi dəyərləri sahəsində də hökm sürür. Buna görə də bu sahədə işlədilən yanaşmaların çoxu hələ də sovet arsenalından götürülüb. «Rusiyanın sovetsayağı xarici siyasət əsaslandırması – ölkədən qorxmalıdırlar və ona hörmət etməlidirlər – bir ideya kimi hələ də cəmiyyətdə hakim mövqe tutur».

Müəllif yazır ki, bəzilərinin fikrincə bu fikirləri Putin və onun komandası qızışdırır. Lakin bu belə olsa da, nəzərə almaq lazımdır ki, Putin məhz bu cür yox, başqa cür danışsaydı, o ictimai rəydə populyarlığını sürətlə itirərdi. Bu baxımdan, «hökumət Rusiya ictimai rəyini eyni zamanda həm manipulyasiya edir, həm də onu əks etdirir. Ruslar 10 il aşağılanma və özünü aşağı qiymətləndirmə içində yaşayıblar. Onlar daha özlərini dünyada, az qala, sayılmayan ikinci dərəcəli dövlət kimi görmək istəmirlər».

Müəllif onu da qeyd edir ki, bütün dağılmış imperiyaların öz yeni statusları ilə barışmaları vaxt aparır. Məsələn Böyük Britaniyadan müstəmləkələrini itirdikdən sonra öz yeni statusu ilə barışması 30 il vaxt apardı. «Ruslar heç vaxt Krıma və Qafqaza xarici dövlətlər kimi baxmayıblar və hələ də özlərini məcbur edə bilmirlər ki, onlara müstəqil dövlətlər kimi baxsınlar. Bəlkə 10-20 ilə ruslar bunun da öhdəsindən gələrlər. Hələlik isə dağılmış supergücün xatirələri həddən artıq aydın və ağrıdıcıdır. Bundan əlavə, milli kimliyi bir arada saxlamağın ən asan yolu real, yaxud illuzior düşmən obrazı yaratmaqdır», deyə müəllif öz yazısını yekunlaşdırır.
XS
SM
MD
LG