Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:15

"Onun həbsxanadakı hər günü hüquqlarının pozulmasıdır"


“Amnesty İnternational” beynəlxalq insan haqlarını müdafiə təşkilatı özünün nüfuzlu mükafatlarından biri olan “Təhlükədə olan jurnalist” mükafatını iyunun 1-də Eynulla Fətullayevə verib.

Təşkilat həm də Azərbaycan hökumətini “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevi təcili şəkildə azad etməyə çağırır.

(Söz azadlığı haqqında fotosessiyaya BURADA baxın.)

“Amnesty İnternational”ın Londondakı ofisinin mətbuat nümayəndəsi Stive Ballinqder “Azadlıq” radiosuna müsahibəsində bildirir ki, jurnalistin hazırda həbsxanada olması onun hüquqlarının daim pozulması şəraitində yaşamasıdır:

- Burda fiziki təhlükədən söhbət getmir. Əvvəllər Eynulla bu cür təhlükələrlə də üzləşib. Onu da “Monitor” jurnalının mərhum redaktoru kimi öldürəcəkləri ilə hədələyiblər.
İndi həbsdə olması isə Eynulanın təməl insan haqlarının hər gün pozulması deməkdir.

Stive Ballinqder deyir ki, onların Azərbaycanda həbsdə olan digər jurnalistlərin arasından məhz Eynulla Fətullayevi seçməklə onun bu mükafata başqalarından daha çox layiq olması demək deyil:

- “Amnesty İnternational” “Təhlükədə olan jurnalist” mükafatını şəxsi həyatlına təhlükə olsa da fəaliyyətini davam etdirən jurnalistlərə verilir. Biz düşünürük ki, Eynulla Fətullayev məhz bu meyara cavab verir.

“Amnesty İnternational” qətiyyətlə inanır ki, Eynulla Fətullayevə verilən cəza onun öz qəzetində fikirlərini ifadə etməsi ilə bağlıdır. Biz hesab edirik ki, bu ittihamlar tamamilə uydurmadır.

Onu da bilirik ki, Azərbaycanda həbsdə daha bir neçə jurnalist var. Biz demirik ki, Eynulla bu mükafata həbsdə olan həmkarlarından daha çox layiqdir. Sadəcə olaraq, onun başına gətirilən hadisələri bu mükafatın meyarlarına daha uyğun bildik.

“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə, vergidən yayınma, etnik və dini düşmənçiliyi qızışdırma ittihamı ilə səkkiz il yarım müddətinə azadlıqdan məhrum edilib.

İttihamlarla razılaşmayan baş redaktor Avropa İnsan Haqları məhkəməsinə müraciət edib. Yaxın vaxtlarda həmin məhkəmənin qərar qəbul edəcəyi gözlənir. Bu qərar Eynulla Fətullayevin xeyrinə olsa, Azərbaycan məhkəmələri onun haqqında hökmə yenidən baxmalı olacaq.

Hazırda Azərbaycanda Eynulla Fətullayevdən başqa, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid və “Bizim yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynov da həbsdədir. Rəsmilər onları xuliqanlıq, rüşvət alma kimi cinayətlərdə ittiham edir.

İnsan haqlarını müdafiə təşkilatları xüsusiən Qənimət Zahidə qarşı ittihamların əsassız olduğunu, əslində onun hakimiyyətin ünvanına ittihamlarına görə həbs olunduğunu bildirirlər.


BU GEDIŞLƏ AZƏRBAYCAN MƏTBUATININ GƏLƏCƏYINI NECƏ TƏSƏVVÜR EDIRSINIZ?

FIKIRLƏRINIZI GÖNDƏRIN, MÜZAKIRƏ EDƏK.
XS
SM
MD
LG