Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:40

«Mina məsələsi» Konstitusiya Məhkəməsinə gedir


Türkiyə parlamenti
Türkiyə parlamenti
Ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyası Türkiyə parlamentində iyunun 3-də qəbul edilən və Suriya sərhədindəki 877 km.-lik ərazidəki minaların təmizlənməsini İsrailə verməyi nəzərdə tutan qanun layihəsinin qüvvəyə minməsini dayandırmaq üçün Konstitusiya Məhkəməsinə müraciət etməyi qərara alıb. Məsələ ilə bağlı Məclisdə jurnalistlərə açıqlama verən CHP parlament qrupu sədrinin müavini Hakkı Süha Okay qəbul edilən qanunun Konstitusiyaya zidd olduğunu iddia edib:

«Bu, ümumi bir qanun olmaqdan uzaqdır. Bir işlə bağlı olaraq xüsusi qanun qəbul edilməz. Qanunların əsas cəhəti - onların davamlı olmasıdır. Qanunlar bir dəfə qəbul edilib missiyasını tamamlaya bilməz».

Hakkı Süha Okay qanunun prezident tərəfindən təsdiq edilməsindən sonra qüvvəyə minməməsi tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət edəcəklərini vurğulayıb.

Türkiyənin Suriya ilə sərhədinə (877 km) 1956-cı ildə döşənmiş minaların təmizlənməsi üçün AKP hökumətinin hazırladığı qanun layihəsi Məclisdə müzakirə edilərkən böyük etirazlara səbəb olub, müxalifət bu işin Müdafiə Nazirliyinə yox, İsrailə verilməsinə qarşı çıxıb.

110 deputatın müraciət imzalaması halında Konstitusiya Məhkəməsi Məclisdə qəbul edilən istənilən qanunun ölkə Konstitusiyasına zidd olub-olmamasını araşdıraraq qərar qəbul edir. Müxalifətin müraciətləri nəticəsində indiyə qədər Konstitusiya Məhkəməsi bəzi qanunların qüvvəyə minməsini dayandırıb. Məclisdəki deputat sayının az olmasına baxmayaraq, xüsusilə ana müxalifətdəki CHP Konstitusiya Məhkəməsinə şikayət formasından tez-tez istifadə edir.
XS
SM
MD
LG