Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:27

«İçərişəhər»ə doğru avtobus marşrutları ləğv edilib


Bir neçə gündür ortatutumlu avtobuslar şəhərin mərkəzinə buraxılmır
Bir neçə gündür ortatutumlu avtobuslar şəhərin mərkəzinə buraxılmır
Paytaxtda onsuz da indiyə qədər yaxşı olmayan sürücü-sərnişin münasibətləri bir neçə gündür yeni gərginliklə müşayiət olunmaqdadır. Səbəb də odur ki, artıq ortatutumlu avtobuslar şəhərin mərkəzinə buraxılmır.

ŞƏHƏRİN MƏRKƏZİNƏ OLMAZ…

Əvvəllər metronun «İçərişəhər», «Sahil» stansiyalarına və Bayıl qəsəbəsinə gedən 65, 52, 57, 79, 120 saylı avtobus marşrutları indi metronun «Nizami» stansiyasına qədər işləyirlər. Nə oradan şəhərin mərkəzinə, nə də şəhərin mərkəzindən «Nizami»yə doğru neçə gündür ki, bir avtobus belə işləmir:

«Adamların başına oyun açırlar. Nə qədər adam qalıb yollarda. Belə şey olar? Camaatı yığıblar boğaza. Gəlib hamını «Nizami»də boşaldırlar. Belə şey olar? Gecikirik axı!..»

Sürücülərin dediyinə görə, onlara bununla bağlı nə Nəqliyyat Nazirliyindən, nə də Bakı «Sərnişinnəqliyyat»dan hər hansı xəbərdarlıq edilib. İndi onlar da nə vaxta qədər belə işləyəcəklərini bilmirlər.

«Bakı Sərnişin Nəqliyyatı» MMC-nin mətbuat katibi Samir Həsənov isə bu sahədə hər hansı problemin olmadığını deyir. Onun sözlərinə görə, sadəcə ortatutumlu avtobusların iritutumlu avtobuslarla əvəzlənməsi davam etdirilir:

«Şəhərin mərkəzində işləyən ortatutmlu avtobusların hamısı iritutumlu avtobuslarla əvəzlənəcək, amma Füzuli meydanından «İçərişəhər»ə doğru ümumiyyətlə avtobus işləməyəcək».

(yazı videonun altında davam edir)
Avtobürokratiya
Gözlə
Embed

No media source currently available

0:00 0:00:46 0:00
Direct-ə keçid




Samir Həsənovun sözlərinə görə, artıq həmin istiqamətdə marşrutlar ləğv edilib
«Bakı Sərnişin Nəqliyyatı» MMC-nin mətbuat katibinin fikrincə, orada metro stansiyaları arasındakı məsafə az olduğundan bu istiqamətdə yerüstü nəqliyyata ehtiyac qalmır.

«ÜÇ-DÖRD GÜNDÜR Kİ, KÜTLƏVİ ŞƏKİLDƏ İNSAN HÜQUQLARI POZULUR»

Nəqliyyatçıların Hüquqi Problemlərinin Həllinə Yardım ictimai Birliyinin rəhbəri Məzahir Rüstəmov hesab edir ki, avtobusların bu qaydada xətdən çıxarılması və sərnişinlərin yollarda qalması ciddi hüquq pozuntusudur:

«Çox təəssüflər nəqliyyat sahəsində heç bir planlı iş görülmədiyi üçün artıq üç-dörd gündür ki, kütləvi şəkildə insan hüquqları pozulur, sərnişinlər yarıyolda düşürdülür, sürücülərlə sərnişinlər arasında mübahisələr olur. Bəzən avtobusların nömrələri açılır və s.»

Məzahir Rüstəmov hesab edir ki, problemin kökündə bu sahənin bir nazirlik tərəfindən inhisara alınması durur. Onun sözlərinə görə, vəziyyətin bu həddə çatmaması üçün əslində hər şey əvvəlcədən marşrut sahiblərilə razılaşdırılmalı idi. Məzahir Rüstəmova deyir ki, nəqliyyat sektorunda azad sahibkarlıq yoxdur, hər şey Nəqliyyat Nazirliyindən və icra hakimiyyətindən asılıdır. Hüquq müdafiəçisinə görə, əslində yeni avtobuslar kifayət qədər gəlir gətirən xətlərə sahib iş adamlarına zorla satılır:

«Bu gün gətirilmiş avtobuslar zorla o marşrut sahiblərinə sırınır. Onlara məcburi sürətdə deyilir ki, siz bu avtobusları götürməlisiniz və onların da pulunu ödəməlisiniz».

Hüquqları pozulan sərnişin və sürücülərin məhkəməyə müraciət etmə perspektivinə gəlincə, Məzahir Rüstəmov inanmır ki, bu məsələdə kimsə Nəqliyyat Nazirliyinə qalib gəlsin.

Əslində yerli mətbuat da iddia edir ki, yeni iritutumlu avtobusları əsasən Nəqliyyat Nazirliyinə yaxın firmalar Azərbaycana gətiriblər. Nazirliyin rəsmiləri isə deyirlər ki, həmin firmaların bəzilərini heç onlar da tanımırlar.
XS
SM
MD
LG