Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:51

Azərbaycanlı milyarder Rusiya hökumətinin hədəfində


Telman İsmayılov bu yaxınlarda Türkiyədə vətəndaşlıq istəyib
Telman İsmayılov bu yaxınlarda Türkiyədə vətəndaşlıq istəyib
Bir neçə gün əvvəl Türkiyədə tikdirdiyi əfsanəvi otellə xəbər başlıqlarını bəzəyən Azərbaycanlı milyarder Telman İsmayılov indi Rusiya hüquq-mühafizə orqanlarının hədəfindədir.

Söhbət Telman İsmayılova məxsus olduğu bildirilən Çerkizov bazarında 2 milyard dollarlıq qaçaqmalın tapılması ilə bağlı iddialardan gedir. Bazar günü Rusiyanın dövlət kanalı RTR–də həftəlik bülletenin demək olar ki yarısı, eləcə də «Xüsusi reportyor» verilişində araşdırma qaçaqmal işinə və Telman İsmayılovun «Mərdan Palas»ı başa gətirmək üçün xərclədiyi bir milyarddan artıq pulu necə qazandığı sualına həsr olunmuşdu.

VLADİMİR PUTİN: «HANI HƏBSLƏR»

Bazar günü Rusiyanın baş naziri Vladimir Putin də hüquq-mühafizə orqanlarını tənqid edərək, Çerkizov bazarında qaçaqmal işi ilə bağlı həbslərin həyata keçirilməsini tələb edib.

«Bu cür işlər nəticəsiz qalmamalıdır. Nəticə isə həbsdir. Hanı həbslər?» deyə baş nazir sual edib.

Rusiyanın baş prokuroru Yuri Çayka RTR telekanalına deyib ki, Çerkizov bazarında tapılan konteynerlərdəki malın nə mənşəyi, nə də onu gətirən şəxslər bəlli deyil. Prokurorun sözlərinə görə, orada olan uşaq geyimlərində zəhərli maddələr aşkar olunub.

Proqramda bazarın bəzi yüksək vəzifəli şəxslərin himayəsində olduğu da bildirilib.

QUL ƏMƏYİNDƏN XEYRİYYƏ FONDLARINADƏK

«Xüsusi reportyor» proqramındakı araşdırmada isə Çerkizov bazarında nəinki qaçaq malın, hətta qul əməyindən istifadənin və qadın alverinin baş verdiyi qeyd edilib.

Reportaj müəllifi Çerkizov bazarında ucuz və keyfiyyətsiz qaçaqmal satışının Rusiyada yüngül sənayenin inkişafına zərbə vurduğunu deyib və sual edib ki, görəsən, Telman İsmayılov Türkiyədə otel biznesinə, Hollivud ulduzu Riçard Girin xeyriyyə fonduna yatırdığı milyonları niyə Rusiyadakı yoxsullara xərcləməyib.

RTR telekanalı məsələ ilə bağlı Telman İsmayılovun və ya AST şirkətlər qrupunun mövqeyinə yer ayırmayıb. Telman İsmayılov bu yaxınlarda Türkiyədə vətəndaşlıq istəyib.

«Mərdan Palas» otelində AST Groupun mətbuat təmsilçisi Darya Sərtaş «Azadlıq» Radiosuna Telman İsmayılovun hazırda Türkiyədə olmadığını deyib. O, Çerkizov bazarı ilə bağlı qalmaqal, eləcə də otelin tikintisinə qaçaqmalçılıqdan qazanılan pulların xərcləndiyi barədə iddialara şərh verməkdən imtina edib.
XS
SM
MD
LG