Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:36

«Azərbaycanda yaxşı kitab yaxşı satıla bilər»


Nigar Köçərli
Nigar Köçərli
«Əli və Nino» Kitab Evinin yeni layihəsi, axır ki, gerçəkləşdi. Haqqında neçə aydır söhbət gedirdi. «İz»in bu buraxılışında həmin layihədən – «Bakı və ətrafları» toplusunun nəşrindən söz açırıq. Toplunun tərtibçi və naşiri Nigar Köçərli və yazıçı Samit Əliyev «İz»ə bələdçilik edəcək.

«Bakı və ətrafları» layihəsi necə yarandı?

Samit Əliyev: Günlərin bir günü oturmuşdum evdə. Nigar zəng vurub internetdə yayılmış təzə əsərimdən söz saldı və bir təşəbbüsünü açıqladı: «Azərbaycanın gənc yazıçılarının əsərlərindən toplu hazırlamaq istəyirəm...»

Nigar Köçərli: Hə, bu, mənim fikrim idi. 10 ildir ki, kitab ticarətiylə məşğulam. Azərbaycanda maraqlı durum ortaya çıxıb: adamlar yerli yazıçıların təzə əsərlərini oxumaq istəyir, amma bir şey tapmırlar.

Samit Əliyev: Buna bütövlükdə cəmiyyətin tələbi demək olar.

Nigar Köçərli: Zəngin ədəbiyyatımız, gözəl yazarlarımız olsa da, kitab buraxan yoxdur. Kimsə bu işi görməlidir. Axtardım-aradım, özümdən başqasını tapmadım. Samitlə də tanış idim. Əsərlərini xoşlayırdım. Onun bu təşəbbüsə «hə» deməsi məni lap cəsarətləndirdi.

«Bakı və ətrafları» nədən toplu şəklində çıxdı?

Nigar Köçərli: Bir naşir kimi, 1 yazarın deyil, 10-15 yazarın əsərini diqqətə yetirmək istədim. Üstəlik, janr məhdudiyyəti də qoymaq istəmədim. Müxtəliflik toplu ideyasını ortaya qoydu.

Bəs nədən topluda təkcə Azərbaycan yazarları təmsil olunmadı?


Nigar Köçərli: Öncə fikrimiz o cür idi. 5-6 nəfər gözaltımız da vardı. Məsələn, Samit indiyədək 2 kitab buraxıb və hər 2 kitab Azərbaycana görə yaxşı satılır. Bu baxımdan topluda Azərbaycan yazarlarının, üstəlik, gənc yazarların təmsil edilməsini istəyirdik. Toplunu hazırlamaq istəyimiz mətbuatda çıxandan sonra bizə xaricdən də müraciətlər gəldi.

Samit Əliyev: Çox istedadlı yazıçılardan soraq aldıq: məsələn, Moldovadan qaqauz Sergey Uzun bizə müraciət etdi. Maraqlıdır ki, dincə xristiandır, amma dilimizi yaxşı anlayır.

Nigar Köçərli: Rusiyadan da təkliflər gəldi – çox oxunan gənc yazar və jurnalist Yevgeni Smirnovdan. Sonra Yelena Pavlova bizə üz tutdu. O, Qazaxıstanda doğulub, indi Çexiyada yaşayır. Bir sözlə, seçim yaptıq və 10 azərbaycanlı və 3 əcnəbi yazarın üstündə dayandıq. O fikirdəyəm ki, əcnəbi yazarların topluya qatılması Azərbaycan yazıçılarının xaricdə tanınmasına da yol açır.

Toplu niyə «Baku i okrestnosti» («Bakı və ətrafları») adlanır?

Nigar Köçərli: Toplu artıq hazır olanda kimsə zarafatla bu adı təklif etdi. Yəni Bakı dünyanın paytaxtıdır, Praqa, Moskva, İstanbul və başqaları da onun ətrafları. Qısası, Bakını mərkəz seçdik (gülüşmə).

Topluda Samit Əliyevin hansı əsəri yer alıb?

Samit Əliyev: Bircə əsərim – «Qüruba doğru 7 addım». Əhvalat Çinlə Türkiyə arasında yerləşən balaca bir ölkədə vaqe olur. Oranın xalqı özü üçün, hakimiyyəti də özü üçün yaşayır. Pəncərəni açıb Bakıya və Azərbaycana baxsanız, eyni mənzərəni görə bilərsiniz. Bu ölkə çox zəngindir: orada neft var. Güclü ölkələrin gözünü də məhz bu neft bağlayır. Vəziyyət o yerə gəlib çıxır ki, iqtidarın içərisindəki 1-2 nəfər islamçıların əliylə dövlət çevrilişi hazırlayır. Beləcə, həmin dövlət 2 hissəyə parçalanır.

Toplu necə satılır?

Nigar Köçərli: Mayın əvvəllərindən satış başlanıb. «Əli və Nino» mağazalar şəbəkəsində ən yaxşı satılan kitabdır. Bundan öncə «Artuş və Zaur», bir də Harri Potter yaxşı satılırdı. Toplu barədə məlumat yalnız müxtəlif internet-forumlarda getsə də, adamlar gəlir və məhz bu kitabı alıb gedirlər.

«Bakı və ətrafları» layihəsinin ən önəmli özəlliyi nədir?

Nigar Köçərli: Bir neçə özəlliyi vurğulaya bilərəm. Birincisi, göstərmək istəyirdim, Azərbaycanda normal poliqrafiyalı kitab buraxıla bilər. İkincisi, sübut etmək istəyirdim ki, Azərbaycanda yaxşı kitab yaxşı satıla bilər.

Daha dolğun məlumat üçün «İz»i tıkla.
XS
SM
MD
LG