Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:15

«İran prezidentini Allah saxlayır»


«İranda yaşayanlar dəyişiklik gözləyir»
«İranda yaşayanlar dəyişiklik gözləyir»
İranda prezident seçkilərindən sonra hakimiyyətlə müxalifət arasında gərginlik Azərbaycanda olan İran vətəndaşlarının əsas müzakirə mövzusuna çevrilib. İran vətəndaşları ilə söhbətimizdən bəlli oldu ki, budəfəki prezident seçkilərinin gərgin keçəcəyini çoxları gözləyirmiş:

«ƏHMƏDİNEJADLA FƏXR EDİRƏM»

Davud İbrahimi, 43 yaş:

- Mahmud Əhmədinejadla fəxr edirəm. Onun prezident seçilməsinə sevinirəm. İranda bu prezident seçkisi göstərdi ki, ölkədə siyasi rəqiblərin bərabər mübarizə imkanları var. Ancaq müxalifətin tərəfdarı olsa da, hakimiyyət dəyişikliyi gözləmirdim. İran prezidentini Allah saxlayır.

- Qohumlarınız hansı şəhərdə yaşayır? Onlarla əlaqə yarada bilirsinizmi?

- Qohumlarım Tehranda yaşayır. Onlarla səhər saatlarında danışmışam. İğtişaşlara görə nigarançılıq vardı, ancaq hər şeyin yolunda olduğunu dedilər.

«MUSƏVİNİN QƏLƏBƏ ÇALACAĞINI DÜŞÜNMÜRƏM»

Yaqub Qasımpur, 36 yaş:

- Burada səsvermə hüququmdan istifadə elədim. Ancaq düzü seçkilərdən sonra belə ciddi iğtişaşların olacağını gözləmirdim. Düşünürəm ki, İranda seçkilər saxtalaşdırılıb. İnsanlara bülleten verilməməsi, məntəqələrin tez bağlanması haqda bizim də informasiyalarımız var. Bununla belə, Musəvinin qələbə çalacağını da düşünmürəm. Çünki İranda əhalinin çoxu indiki hakimiyyəti müdafiə edir.

Fərrux Seyidcəfəri, 26 yaş:

- Mən seçkidən üç gün öncə Bakıya gəldim. İranda seçkiöncəsi də ciddi gərginlik hiss olunurdu. Çoxları gözləyirdi ki, həbslər, qətllər olacaq. Musəvi tərəfdarlarının çoxları gənclərdir. Musəvinin onlara azadlıq vəd etməsi cavanların qanını coşdurub. Bu təlatümün hələ davam edəcəyini, həbs olunanların sayının artacağını düşünürəm. Hakimiyyətin seçkilərin nəticələrini dəyişəcəyi inandırıcı görünmür.

«HƏR YERDƏ İNSANLARI YOXLAYIRLAR»

Vədud Qasımpur, 54 yaş, tacir:

- İran böyük dövlətdir və orada bir çox ölkələrin marağı var. 80 milyona yaxın əhalisi olan İranda təsəvvür etsək ki, əhalinin 10 faizi müxalifəti dəstəkləyir – bunun özü 8 milyon vətəndaş deməkdir. İran hakimiyyəti bu qədər insanın istəyini geri çevirə bilməz. Bütün hallarda hakimiyyət islahatlar aparmalı, insanların hüquq və azadlıqları ilə bağlı problemləri çözməlidir. Ailəm Tehranda yaşayır. Çox narahat idim. Bu gün telefonla danışmışam. Şəhərdə güc strukturlarının gücləndirilmiş iş rejimində işlədiyini deyirlər. Hər yerdə insanları yoxlayırlar. Telekanallarda müxalifətçiləri mitinqlərə çıxmamağa çağırırlar. Düşünürəm ki, gərginlik hələ davam edəcək.

Məhin Əsgərpur, 25 yaş:

- Əgər müxalifət ciddi dirəniş göstərsə, seçkilərin nəticələrinə təsir göstərmək, hətta seçkilərin yenidən keçirilməsinə nail olmaq olar. Bir tərəfdən də düşünürəm ki, İranda hakimiyyət çox güclüdür və xüsusi xidmət orqanlarının vasitəsilə vətəndaşlara basqılar artacaq, kütləvi həbslər olacaq.

Saleh Həmidi, 24 yaş:

- İran vətəndaşları dünyadan təcrid olunaraq yaşamaqdan bezib. Təsəvvur edin ki, internet imkanları məhdud, bütün kommunikasiya kanalları nəzarətdədir. Təbii gənclər belə şəraitdə yaşamaq istəmir. Bu iğtişaşlar hakimiyyətə cəmiyyətin bu qapalılıqdan bezməsilə bağlı ciddi mesajdır. Ola bilər ki, hakimiyyət hələ güclüdür, güc vasitəsilə insanları özünə tabe edir. Ancaq bu faktdır ki, İranda yaşayanlar dəyişiklik gözləyir.
XS
SM
MD
LG