Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:42

Fermerlər taxıl sahələrini biçməkdən imtina edirlər


Bu il 3 milyon tona yaxın taxıl istehsalı gözlənilir
Bu il 3 milyon tona yaxın taxıl istehsalı gözlənilir
Fermerlər taxıl sahələrini biçməkdən imtina etməyə başlayıblar. Səbəb qiymətlərin ucuz olmasıdır.

Sabirabad rayonunun Sarxanbəyli kənd sakini Bəhruz Məmmədov deyir ki, xərci borcunu ödəmədiyindən o, taxıl sahəsini biçməyə gələn kombaynı geri qaytarıb. Taxıl zəmisini isə fermer otlaq sahəsi kimi çobanlara satıb. Fermer deyir ki, taxılın bir kilosu 7-8 qəpikdir. Bu isə taxılın əkin və becərməsinə çəkilən xərci ödəmir. Belə olan halda ikinci dəfə əlavə xərc çəkmək istəməyən Bəhruz Məmmədov satdığı taxıl sahəsinin puluna hazır məhsul almağa hazırlaşır.

Rayonun bəzi kəndlərində isə hətta adamlar taxıl sahələrini bir iki qoyun-keçiyə dəyişməklə problemdən yaxa qurtarıblar:

«Misal üçün, mən iki-üç hektar sahəni biçdirmək üçün xərcləyəcəyim pula elə gedib hazır arpa, buğda alıb yığaram evə. Bir də əlavə xərc niyə çəkirəm».

Bu işə də FHN baxır

Kənd Təsərrüfatı Nazirliyində isə deyirlər ki, günah fermerlərin özündədir. Gərək əvvəlcədən bazarın tələb və təklifini öyrənib taxıl əkəydilər. Nazirliyin idarə rəisi Sabir Vəliyevin fikrincə, onlar bu məsələdə fermerlərə yardım etməkdə acizdirlər:

«indi sovet dövrü deyil ki, dövlət məhsulları maya dəyərindən baha alsın».

Fermerlərdən taxılın ehtiyat fonduna alınması imkanlarına gəlincə, Sabir Vəliyev deyir ki, bu işə Fövqəladə Hallar Nazirliyi baxır:

«Adamlar ora müraciət edib məhsullarını təklif eləsələr, daha yaxşı olar».

Taxıl əkmə, xiyar ək

Sabir Vəliyevin fikrincə, qiymətlə bağlı hay-küy salan fermerlərin yəqin ki, məhsulları keyfiyyətsizdir:

«Bu problem fermerin öz problemidir. Əgər keyfiyyətli məhsul istehsal eləsələr yalvarıb alarlar».

İqtisadçı Rövşən Ağayev
İdarə rəisi məsləhət görür ki, əgər taxıl ucuz satılırsa, onda fermerlər xiyar, pomidor əksinlər.

Taxıl ucuz olsa da, xərclər həmən xərclərdir

Amma Bəhruz Məmmədov bu fikirlərlə razılaşmır. Onun deməsinə görə, keyfiyyətsiz taxıl yalnız bir iki adamda ola bilər, əksəriyyət normal toxumlar alıb əkib.

Xiyar, pomidor məsələsinə gəlincə, Bəhruz Məmmədov bu məsləhəti də uğurlu saymır. Düşünür ki, hektarlarla sahədə necə xiyar-pomidor əksinlər?

Bəhruz Məmmədova görə, taxılın bu qədər ucuz olmasına baxmayaraq? xərclər dəyişməyib:

«Ötən il biz taxılı biçib 28-30 qəpiyə sahədən satırdıq, bir hektar sahəni də biçdirirdik 30 manata. İndi də həmin qiymətə biçdiririk, amma indi taxılın qiyməti 7-8 qəpikdən yuxarı deyil. Kənddə adamlar var ki, 4-5 min manat borca girib hektarlarla taxıl əkib, 100 tondan artıq məhsulu var, amma o həmin borcu ödəmir. Adam da var taxılı biçdirib töküb həyətinə, amma çörək almağa pulu yoxdur, gözləyir ki, taxılını satıb pul qazanacaq».

Havaya sovrulan büdcə pulu

Bəhruz Məmmədov Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi ilə həm də bir məsələdə razılaşmır. Deyir büdcədən gübrə və yanacaq üçün xeyli vəsait ayrılıb ki, fermerlər taxıl əksinlər, ölkədə bolluq yaransın. Amma indi adamlar həmin xərclə əkilən taxıldan imtina edirsə, bu, nazirliyi və hökuməti ciddi narahat etməlidir. Bu büdcədən ayrılan pulların havaya sovrulması demək olardı.

Belə bir narahatlıq digər bölgələrdə də var. Salyan, Saatlı, Beyləqan, Bərdə fermerləri də eyni problemlə üzləşdiklərini deyirlər. Ən çox narazılıq edənlər daha çox taxıl əkənlərdir. Bəzi fermerlər yığdığı məhsulu sata bilmədiyindən, biçin və daşınma xərclərini ödəmək üçün mal-qarasını satmağa məcbur olur. Fermerlərin fikrincə, hökumət onların bütün məhsullarını heç olmasa, 20 qəpikdən alsa çəkdikləri xərci qismən çıxararlar. Rayonlardakı bu ucuzluq paytaxt Bakıda müşahidə olunmur. Bakıdakı bütün toxumçuluq bazarlarında 30 qəpikdən aşağı taxıl satılmır.

Çörək neçəyə olacaq?

Taxılın qiymətindəki ucuzluq bolluğun əlaməti deyil, bu prosesi idxaldan qaz vurub qazan dolduran gözəgörünməz sirli əllər idarə edir.

İqtisadçı Rövşən Ağayev bu fikirdədir. Onun fikrincə, idxalçılar tədricən özlərinə sərf edən prosesi dirçəltmək istəyirlər. Yəni, xaricdən taxıl gətirib yaxşı gəlir əldə edənlər ölkə daxilində taxıl istehsalının artmasında maraqlı deyillər.

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Azər Mehtiyev
İqtisadçı hesab edir ki, taxıl beş qəpiyə olsa da, çörəyin qiyməti ucuzlaşmayacaq. Rövşən Ağayev deyir ki, taxıl fermerlərin təklif elədiyi qiymətə, yəni 20 qəpiyə və ya ondan baha olsa, onda ötən ilki kimi yenə çörəyin çəkisini azalda bilərlər.

İqtisadçıya görə, əslində fermerlərin belə çətin vəziyyətə düşməməsi üçün hökumət əkin dövründə onlarla zəmanətli qiymətlə müqavilə imzalamalı idi.

Rövşən Ağayevi narahat edən bir məsələ də büdcənin ehtiyat fondundan Taxıl Fondunun yaradılmasına 36 milyon manatın ayrılmasıdır. İqtisadçının fikrincə, ayrılan vəsait haqqında məlumat verilsə də, bu vəsaitin necə xərcləndiyi, hansı işlərin görüldüyü barədə hər hansı bir söz deyilmir.

Məsələyə dövlət müdaxilə etməlidir

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Azər Mehtiyev isə fermerlərin üzləşdiyi problemin günahını Kənd Təsərrüfatı Nazirliyində görür. O deyir ki, ötən ilin yayında Azərbaycanda və dünyanın bir çox yerlərində taxıl qıtlığı ilə bağlı yaranan problem yaddan çıxmamalıdır. İqtisadçıya görə, belə vəziyyətdə dövlət taxıl istehsalçılarını qoruyacaq addımlar atmalı, bazardan asılı olmayaraq onların istehsal etdiyi məhsulu sabit qiymətə almalıdır. Azər Mehtiyevin fikrincə, bu, dünyada qəbul olunan bir təcrübədir:

«Fermerlərə taxıl yox, xiyar-pomidor əkməyi məsləhət görmək düzgün yanaşma deyil. Ən azı ona görə ki, ötən il bütün icra başçıları səviyyəsində fermerlərin üstünə düşülmüşdür ki, taxıl əkinini artırsınlar».

İndi taxılı biçməkdən imtina edənlər, gələn il onu əkməkdən imtina edə bilər

Azər Mehtiyevə fikrincə, fermerlərə yardımların edilməməsi gələcəkdə onların bu sahədən imtina etməsilə nəticələnə bilər.

Hazırda Azərbaycan Qazaxıstan və Rusiyadan taxıl idxal edir. Kənd Təsərrüfatı Nazirliyinin proqnozlarına görə, bu il 3 milyon tona yaxın taxıl istehsalı gözlənilir. Bu, Azərbaycanın bir illik taxıl tələbatını ödəyir. Ehtimal edilir ki, daha Azərbaycan xaricdən taxıl almalı olmayacaq. Ötən il isə bundan 600 min ton az məhsul olub. Azərbaycandakı Taxıl Fondunun tutumu isə 250 min tondur.
XS
SM
MD
LG