Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:41

Səfirlərin Qarabağa növbəti səfəri nədən xəbər verir?


Xankəndi, 2008
Xankəndi, 2008
Azərbaycan və Ermənistanın Rusiyadakı səfirləri - Polad Bülbüloğlu və Armen Sumbatyanın mədəniyyət və kinemotoqrafiya üzrə Rusiya Federal Agentliyinin rəhbəri Mixail Şvidkoy ilə birgə Qarabağa səfəri yenidən xalq diplomatiyasının problemin həllinə mümkün təsiri barədə müzakirələrə səbəb olub.

Millət vəkili Asim Mollazadənin və bəstəkar Siyavuş Kəriminin daxil olduğu qrup Xankəndində, Şuşada və Yerevanda görüşlər keçirəndən sonra artıq Bakıya dönüblər.

«ERMƏNİLƏRƏ PSİXOLOJİ CƏHƏTDƏN TƏSİR ETMƏK LAZIMDIR»

Bakı Musiqi Akademiyasının rektoru, əslən Şuşadan olan Fərhad Bədəlbəyli deyir ki, belə səfərlərə normal yanaşır:

«Hər halda əlaqələr lazımdır. Gedib baxmaq lazımdır ki, orada vəziyyət nə yerdədir. Azərbaycanlılar ora qayıdarkən hansı şəraitlə üzləşəcəklər».

Fərhad Bədəlbəyli
Fərhad Bədəlbəyli deyir ki, ATƏT sədri, Yunanıstanın Xarici İşlər naziri Dora Bakoyannis ilə bu günlərdə söhbətdən də görünür ki, artıq Avropa da azərbaycanlıların Şuşaya qayıtmasını qəbul edir. Ona görə indi belə əlaqələr lazımdır:

«Ziyanı olmaz. Ermənilərə psixoloji cəhətdən təsir etmək lazımdır ki, azərbaycanlılar tez-tez gəlirlər bura, gec-tez onlar qayıdacaqlar. Onları da başa düşmək lazımdır. Onlar da qorxurlar. Ona görə belə əlaqələr lazımdır. Onlara sübut eləmək lazımdır ki, Azərbaycan güclü bir dövlətdir. Bəlkə bunun sizə də bir xeyri olacaq».

Fərhad Bədəlbəyli hesab edir ki, bu səfərlər Qarabağın, oranın erməni icmasının vəziyyətini öz gözünlə görmək baxımından da yaxşıdır:

«Belə kəşfiyyat xarakterli səfərlərin xeyri çoxdur. Baxmayaraq ki, Polad Bülbüloğlu belə səfərlərə görə çox böyük tənqidlərə də məruz qalır, amma o işləyir və məncə, bu lazımdır».

Ermənistanın «Tert.am» saytının yaydığı məlumata görə, Dağlıq Qarabağ səfərində Polad Bülbüloğlunu 6 nəfər müşayiət edir. Onların arasında millət vəkili Asim Mollazadə də var. Onlar Xankəndində separatçı rejimin rəhbəri Bako Saakyanla görüşüblər.

«POLAD BÜLBÜLOĞLU ORA GETMƏKLƏ HƏYATI İLƏ RİSK EDİR»

Xalq yazıçısı Çingiz Abdullayev deyir ki, gec-tez Qarabağın yenə Azərbaycanın olacağı hamıya bəllidir. Bu baxımdan belə səfərlərlə azərbaycanlıların yerini orada bərkitməsi yaxşıdır:

«Hər halda Polad Bülbüloğlu ora getməklə həyatı ilə risk edir və bunu qiymətləndirmək lazımdır. Əgər azərbaycanlılar deyirsə ki, Qarabağ onundur, deməli, gec-tez ora gedilməlidir».

Çingiz Abdullayev
Çingiz Abdullayev hesab edir ki, azərbaycanlılar Qarabağa gedəndə də, gələndə də, görüşlərdə də deyirlər ki, o torpaqlar Azərbaycanındır. Ona görə də burada zərərli bir şey yoxdur. Digər tərəfdən bu səfərlər Azərbaycanın problemi istədiyi vaxt, istədiyi yolla həll etmək imkanını əlindən almır:

«Onlar da başa düşməlidir ki, əgər biz belə addımlar atırıqsa, deməli, problemi sülh yolu ilə həll etmək istəyirik. Vaxt axı bizə işləyir. Görün, onlar nə vəziyyətdədirlər, biz nə vəziyyətdəyik. Görün Qarabağa kimsə indi pul qoyurmu, inkişaf edirlərmi? Ona görə bu baxımdan yaxşıdır ki, onlar heç olmasa indi həqiqəti bilsinlər».

«İSTƏNİLƏN PİS SÜLH MÜHARİBƏDƏN YAXŞIDIR»

ANS PRESS-in «Tert.am»a istinadən yaydığı məlumata görə, Asim Mollazadə Xankəndində deyib ki, istənilən pis sülh müharibədən yaxşıdır. Onun Xankəndində olması sülhün əldə edilməsində Azərbaycanın təkcə hakim partiyasının deyil, həm də müxalifətinin maraqlı olduğuna sübutdur.

«SƏFƏRDƏ İŞTİRAK EDƏNLƏR AZƏRBAYCANDA NÜFUZ SAHİBİ OLMAYAN ADAMLARDIR»

«Ayna-Zerkalo» qəzetinin şərhçisi Azər Rəşidoğlu isə güman etmir ki, belə səfərlər sülh istiqamətində hansısa bir əhəmiyyətli dəyişikliklərə gətirib çıxara bilər. Onun fikrincə, səfərdə iştirak edənlər də Azərbaycanda nüfuz sahibi olmayan adamlardır. Ona görə də bu, nəyəsə təsir edəcək gücdə olmayan adi bir səfərdir:

Azər Rəşidoğlu
«Həmin səfərlərdə iştirak edən insanlar müstəqil fikir sahibi deyillər və Azərbaycan ictimaiyyətində o qədər də böyük nüfuzları yoxdur ki, hansısa sülhün yaranmasına təsir göstərə bilsinlər. Əlbəttə ki, dünya praktikasında konfliktlərin tənzimlənməsində bu cür səfərlərdən istifadə olunub. Rusiyanın hər dəfə bu cür təşəbbüslərlə çıxış etməsinin hansısa bir irəliləyişə gətirib çıxaracağına inanmıram».

Azər Rəşidoğlu deyir ki, bu cür səfərlərin ətrafında ajiotaj yaradıb onun iştirakçılarını vətən xaini adlandırmaq və ya bu addımı xalq diplomatiyası kimi qələmə verərək hansısa qələbələrdən danışmaq da düzgün deyil.

Qarabağa səfər edənlər iyulun 3-də səhər saatlarında Tərtər rayonunun Şıxarx kəndi istiqamətindən işğal altında olan Azərbaycan ərazilərinə keçiblər. Onlar Xankəndindən sonra Yerevana yola düşüblər. Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən sonra səfər iştirakçılarının Bakıya gələcəkləri gözlənilir.
XS
SM
MD
LG