Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:24

«Bu NABUKKO sazişi əhəmiyyətsizdir»


İlham Şaban
İlham Şaban
İyulun 13-də Ankarada NABUKKO qaz kəməri layihəsi ilə bağlı saziş bağlanacaq. Amma bu saziş yalnız beş tranzit ölkənin – Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriya arasında imzalanacaq.

Məlumatı Avropa Komissiyasının sözçüsü Ferran Tarradellas Espuni də bu gün Brüsseldə keçirdiyi mətbuat konfransında təsdiqləyib.

«15 FAİZ MƏSƏLƏSİ HƏLLİNİ TAPIB»

O deyib ki, Türkiyədə beş ölkə arasında bağlanacaq bu müqavilə həmrəylik, bərabərlik və qarşılıqlı əməkdaşlıq prinsipinə əsaslanır.

NABUKKO layihəsi Avropanın Rusiya qazından asılılığını azaltmağa yönəlib. Gözlənilir ki, layihə reallaşsa Xəzər qazı 2014-cü ildən etibarən Avropaya daşınacaq.

Bu layihə haqda bir neçə ildir söhbət getsə də, onun reallaşması qarşısında əngəllər var. Bunlardan biri də o idi ki, Türkiyə tutumu 31 milyard kub metr olan bu kəmərlə daşınacaq qazın 15 faizini özü istifadə etmək istəyirdi.

Bakıda səfərdə olan Rumıniyanın İqtisadiyyat naziri Adrean Videanu telefonla «Röyters» agentliyinə deyib ki, Türkiyənin «15 faiz məsələsi» həllini tapıb, amma bunun hansı formada həllinin tapdığını açıqlamayıb.

NABUKKO QAZINA KİM MÜŞTƏRİ ÇIXACAQ?

Bəziləri ümid edir ki, bu saziş NABUKKO-nun Rusiyadan Avropaya qaz daşınması üçün nəzərdə tutulan «Cənub axını» kəmər layihəsi qarşısında rəqabət qabiliyyətini artıracaq və gələcəkdə NABUKKO ilə daşınacaq qaza indidən müştəri tapılacaq.

Bir neçə gün qabaq isə heç də NABUKKO-nun xeyrinə olmayan bir hadisə baş verib. Avropanın NABUKKO-da fəal iştirakına ümid etdiyi Azərbaycan 2010-cu ildən Rusiyaya qaz satmaq haqda saziş imzalayıb.

«Nabucco» layihəsi
Enerji eksperti İlham Şaban deyir ki, Ankarada bağlanacaq müqavilə əslində elə bir əhəmiyyət kəsb etmir. «Kəmərə vurmağa qaz olmayandan sonra lap 100 dənə belə müqavilə bağlansın. Bu tamamilə mənasız bir şeydir. Əvvəlcə gedib qaz axtarsınlar».

Avropa ölkələri Orta Asiya ölkələrini də NABUKKO-ya qaz verməyə razı sala bilməyiblər. Qazaxıstan hətta bəyan edib ki, onun gələcəkdə NABUKKO-ya vurmağa əlavə qazı olmayacaq.

Amma NABUKKO-nun reallığa çevriləcəyinə inananlar da var. Kəmərin tikintisi 11 milyard dollara başa gəlməlidir və bir müddət əvvəl Avropa Birliyi qərar qəbul edib ki, kəmərin tikintisi üçün lazım olan pulun az da bir hissəsini özü verəcək.

ŞRÖDERƏ QARŞI FİŞER «KARTI»

Bundan başqa NABUKKO layihəsinin rəhbərliyinə nüfuzlu bir siyasətçi – Almaniyanın keçmiş xarici işlər naziri Yoşka Fişer gətirilib. Bunu bəlkə də Rusiyanın addımına cavab saymaq olar.

NABUKKO-nun rəqib layihələrinin rəhbəri başqa bir nüfuzlu siyasətçi – Almaniyanın keçmiş kansleri Gerhard Şröderdir. Şröder dörd ildir ki, «Qazprom»dan maaş alır və Rusiyadan Avropaya böyük həcmdə qaz daşınması layihələri üçün lobbiçilik edir.

Rusiyanın «Cənub axını» layihəsi
İtaliyada yerləşən equilibri.net araşdırma qrupundan Federiko Bordonaro deyir ki, Fişerin təyinatı NABUKKO-nun reallaşmasına öz köməyini edə bilər.

Yoşka Fişer Avropanı güclü bir federativ təsisat kimi görür. O həm də Alman siyasi arenasında Türkiyəyönlü şəxs olub –Türkiyə isə NABUKKO-nun reallaşmasında mühüm rol oynayır. Bundan başqa Fişerin Bolqarıstan və Rumıniya kimi cənub-şərqi Avropa ölkələri ilə yaxşı əlaqələri var.

Fişer üçün çətinliklərdən biri də odur ki, artıq bəzi cənub-şərqi Avropa ölkələri Rusiyanın «Cənub axını» layihəsi ilə bağlı sənədə imza atıblar.

Bu arada «Qazprom»un xarici əlaqələr departamentinin rəhbəri Tsıqankov deyib ki, Avropa Birliyi ayrı-seçkilik edir – NABUKKO-ya Rusiya layihələri ilə müqayisədə daha üstün şərait yaradır. Onun sözlərinə görə, NABUKKO-ya hər yerdə yaşıl işıq yandırılsa da, Avropa Birliyi Rusiyanın «Cənub axını» və «Şimal axını» layihələri qarşısında daim maneələr yaradır.
XS
SM
MD
LG