Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:53

Rusiyadan HİV, İrandan narkotika


Zülfiyə Mustafayeva
Zülfiyə Mustafayeva
Lənkəranda son altı ayda immunçatışmazlığı virusuna (HİV) yoluxanların sayı 10 nəfər də artıb. Bu müddət ərzində isə bu virusdan 3 nəfər vəfat edib. Lənkəran rayon Gigiyena və Epidemiologiya Mərkəzinin HİV-AİDS diaqnostikası laboratoriyasının müdiri Rəməli İbişovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, hər yoxlamadan sonra xəstələrin sayı artır.

RUSİYADAN HİV, İRANDAN NARKOTİKA

İnsan Hüquqları Cənub Resurs Mərkəzinin rəhbəri Esmira Tuhidə deyir ki, onların araşdırmasına görə, bölgədə HİV-in yayılmasının əsas səbəbləri əməkçi miqrantlar və narkotika istifadəçiləridir:

«Bölgədə əksər kişilər Rusiyaya işləməyə gedib. Hərdənbir ailəsinə baş çəkməyə gələnlərin bir çoxu da özü ilə bu virusu gətirir və xanımını da yoluxdurur».

ŞİRVAN VƏ HACIQABUL ÖNDƏ

Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyinin sədri Zülfiyə Mustafayeva altı ayda 3 adamın ölməsini kiçik bir şəhər üçün kifayət qədər ciddi rəqəm sayır. O deyir ki, Azərbaycanın cənub bölgəsi son aylara qədər immunçatışmazlığı virusunun yayılması səviyyəsinə görə, ən kritik vəziyyət hesab olunan regionuydu. Amma indi ondan da pis olan yerlər var:

«Artıq Şirvan şəhəri və Hacıqabul cənub bölgəsini ötüb-keçib. Sumqayıtda da narkotika istifadəçilərinin çoxu bu virusun yayılmasında aktiv rol oynayırlar və bu mənada, burda da vəziyyəti ürəkaçan saymaq olmaz».

Zülfiyə Mustafayeva deyir ki, HİV daşıyıcılarının statistikası tez-tez dəyişir, amma könüllü müayinədən keçmə tendensiyası olmadığından real rəqəmlər statistikadan daha çoxdur.

QADIN TƏLƏB QOYA BİLMİR

Müsahibimiz deyir ki, həyat yoldaşı Rusiyada işləyən qadının əri qayıdanda ona ilk öncə müayinədən keçməsi tələbini qoyması kimi hallara demək olar ki, rast gəlinmir:

«Ailələrin maarifləndirmə problemi kifayət qədər ciddidir. Qadının belə bir tələb qoyma hüququ tanınmır. Nəticədə də virus daşıyıcısı olan ər qadınını da yoluxdurur, bəzən gələcək körpə də artıq virusla doğulur».

Zülfiyə Mustafayevanın sözlərinə görə, onlar dəfələrlə məsələ qaldırıblar ki, ölkənin sərhəd buraxılış məntəqələrində, hava limanlarında maarifləndirici işlər aparılsın, hətta qan analizi verilməsi üçün məntəqələr quraşdırılsın:

«Bu, bir QHT-nin öhdəsindən gələ biləcəyi iş deyil. Bunun üçün bir neçə dövlət qurumu birgə əməkdaşlıq etməlidir».

Azərbaycanda HİV virusunun yayılmasının qarşısının alınmasıyla bağlı görülən tədbirlərdən razısızmı və bu işə bir töhfəniz varmı?
XS
SM
MD
LG