Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:40

Sadiq Gözəlov: «Mən də olsaydım elə edərdim»


Daxili İşlər Nazirliyi
««Livan» restoranında baş verənlər məişət zəminində xuliqanlıq hadisəsidir. Fakta görə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi (221.2) ilə cinayət işi başlanılıb. Məsələni siyasiləşdirmək düz deyil». Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Sadiq Gözəlov «Azadlıq» radiosuna deyib.

Onun sözlərinə görə, restoranın barında 5-6 nəfər hay-küy salıb qaydanı pozublar. Kənarda əyləşən digər iki nəfər Babək Hüseynov və Vüsal Məmmədov isə gəncləri qaydalara riayət etməyə çağırıblar:

«Yəni başqa birisi olsaydı, məndə olsaydım, bir sözlə vicdanı olan hər kəs belə edərdi. Belə zəmində münaqişə baş verib. Bunlar onlara xəsarət yetiriblər, döyüblər. Məişət zəminində baş verən xuliqanlıq hadisəsidir. Xəsarət alanlar kimlərinsə oğludur deyib bunu siyasiləşdirmək absurddur».

Sadiq Gözəlov iddia edir ki, döyülən Adnan Hacızadə və Emin Milli deyil, Babək Hüseynov və Vüsal Məmmədov olublar. O, Hüseynov və Məmmədovun Qarabağ qaçqını olduğunu da vurğuladı. Gözəlov onlardan birinin xəsarət aldığını desə də, zərərçəkənin Hüseynov, yoxsa Məmmədov olduğunu xatırlaya bilmədi.

Sadiq Gözəlov iddia edir ki, hadisəni siyasiləşdirənlər bunu məqsədli şəkildə edirlər.

İyulun 8-də paytaxtın «Livan» restoranında gənclər hərəkatı fəalları Emin Milli və Adnan Hacızadə idmançı görkəmli şəxslərin hücumuna məruz qalıblar.
XS
SM
MD
LG