Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:20

«Madrid prinsipləri» nə deməkdir?




2007-ci il noyabrın 29-da Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Vardan Oskanyan İspaniyanın paytaxtı Madriddə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər. ATƏT üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçən görüşdə E.Məmmədyarov, V.Oskanyan və həmsədrlərdən başqa Rusiya və Fransanın xarici işlər nazirləri, ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini də iştirak ediblər.

Həmçinin oxuyun:


NİYƏ «MADRİD PRİNSİPLƏRİ?»

Həmin görüşdə Minsk qrupunun həmsədrləri Məmmədyarovla Oskanyana Qarabağ münaqişəsinin həllinin təməl prinsipləri üzrə kompromislər layihəsini təqdim ediblər. Görüşün ardınca ATƏT-in Minsk qrupu bəyanatla çıxış edib. Bəyanatda deyilib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş danışıqların son üç ilində tərəflərin mövqeləri arasında ziddiyyətlər əhəmiyyətli dərəcədə azalıb və yalnız bir neçə məsələnin razılaşdırılması qalıb.

Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza Madrid görüşündən dərhal sonra jurnalistlərə açıqlamasında Ermənistan və Azərbaycan prezidentlərinin yaxın bir neçə həftə ərzində təklif olunmuş layihə üzrə razılıq bildirəcəklərinə ümid etdiyini vurğulayıb:
«Bu, yaxın bir neçə ay ərzində də ola bilər. Əsas məsələ bunu seçkilər (2008-ci ildə Ermənistan və Azərbaycanda keçirilmiş prezident seçkiləri) başlayınca etməkdir. Hazırda sənədə baxılması və prosesin gələcək inkişaf yolunun müəyyən edilməsi prezidentlərdən asılıdır. Biz seçkilərə qədər təməl prinsipləri üzrə tərəflərin heç olmasa şifahi razılığını almağa ümid edirik. Mənə elə gəlir ki, bu mümkündür».

İKİ İLDƏ PRİNSİPLƏR DƏYİŞMƏYİB?

2007-ci ilin noyabrından bəri Dağlıq Qarabağ danışıqları məhz Madrid prinsipləri adı almış həmin layihə ətrafında aparılıb. 2008-ci il noyabrın 2-də Azərbaycan, Ermənistan, Rusiya prezidentlərinin imzaladığı Moskva bəyannaməsinin 2-ci bəndində deyilir:

«Prezidentlər ATƏT-in Minsk qrupu həmsədrlərinin siyasi yolla həllinin əsas prinsiplərini işləyib hazırlamaq məqsədilə 2007-ci ilin noyabrında Madriddə tərəflərlə keçirdiyi görüşü və sonrakı diskussiyaları nəzərə almaq şərtiylə həmsədrlərin vasitəçilik səylərini davam etdirməsinin böyük əhəmiyyəti olduğunu təsdiqləyirlər».

TÖVSİYƏ OLUNUR

Azərbaycan və Ermənistan hökumətlərinə

1. 2008-ci ilin seçkilərinə qədər aşağıdakı prinsiplərdən ibarət sənədi razılaşdırmaq:

a) təhlükəsizliyə və beynəlxalq sülhməramlıların yerləşdirilməsinə zəmanət verilməsi,

b) Ermənistan və Dağlıq Qarabağ silahlı qüvvələrinin Dağlıq Qarabağ ətrafında işğal olunmuş bütün ərazilərdən çıxarılması, Kəlbəcər və Laçın üçün xüsusi şərtlər olmaqla,

c) deportasiya olunmuş əhalinin qayıtması,

d) Dağlıq Qarabağın yekun statusunun sonda səsvermə ilə müəyyənləşdirilməsi; buna qədər müvəqqəti statusun təyin edilməsi, bütün nəqliyyat və ticarət yollarının açılması.

2. Bütövlükdə sənəd üzrə konsensus alınmayanda razılaşdırılması mümkün olanı razılaşdırmaq və mübahisəli bəndləri dəqiqliklə göstərmək.

3. 2008-ci ilin seçki kampaniyası dövründə siyasi xadimlərin sülhə və kompromislərin zəruriliyinə müsbət yanaşmasına şərait yaratmaq.

Ermənistan və Azərbaycan hökumətlərinə, həmçinin Dağlıq Qarabağın de-fakto hakimiyyətinə

4. 1994-cü ilin atəşkəsinə hörmət etmək, güc tətbiqindən çəkinmək, hərbi büdcələrin artırılmasına, qarşılıqlı ittihamlara, həmçinin barışmaz və təhrikçi ritorikaya son qoymaq.

5. Qeyri-rəsmi diplomatiyaya və yuxarıda göstərilən prinsiplər daxil olmaqla kompromis qərarlar haqda diskussiyalara yardım etmək, ölkə parlamentlərini belə diskussiyaların açılmasına həvəsləndirmək və azərbaycanlılarla ermənilər arasında əlaqələri asanlaşdırmaq.

6. Dağlıq Qarabağın de-fakto hakimiyyəti işğal olunmuş ərazilərin ermənilərlə məskunlaşdırılmasına, o cümlədən bu rayonlarda özəlləşdirmənin aparılmasına, infrastrukturun inkişaf etdirilməsinə və yerli strukturların yaradılmasına son qoymalıdır.

7. Azərbaycan Qarabağ azərbaycanlılarına öz icmalarının rəhbərini seçmək imkanı verməli, neft gəlirlərindən bütün vətəndaşların, o cümlədən deportasiya olunmuş şəxslərin yararlana bilməsi üçün şəffaflığın artırılmasına, korrupsiyanın azaldılmasına birgə səylər göstərməlidir.

Minsk qrupunun həmsədrlərinə (Fransa, Rusiya və ABŞ) və geniş beynəlxalq ictimaiyyətə

8. Əsas prinsiplərin razılaşdırlmasına nail olunması üçün birgə səyləri artırmaq, Ermənistanda və Azərbaycanda 2008-ci il prezident seçkilərindən sonra danışıqlar prosesini davam etdirmək və bu prosesdə meydana çıxacaq hər hansı fikir ayrılıqlarını dəqiq qeyd etmək.

9. Həmsədrlərin təmsilçilik səviyyəsini artırmaq, Ermənistan və Azərbaycanla ikitərəfli və çoxtərəfli münasibətlər zamanı Dağlıq Qarabağ probleminin nizamlanmasını əsas elementə çevirmək.

10. Danışıqların məzmunu haqqında daha çox informasiya dərc etmək və hədsiz nikbin bəyanatlarla gözləntiləri süni şəkildə şişirtməkdən qaçmaq.

Avropa Birliyinə

a) Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəliyinin rolunu artırmaq; nümayəndəlik Minsk prosesinin gedişini izləməli, bütün tərəflərlə əlaqə saxlamalı, Dağlıq Qarabağa səfərlər etməli, Azərbaycanda deportasiya olunmuş vətəndaşlarla görüşməli və Avropa Komissiyası ilə birgə münaqişə çərçivəsində zəruri maliyyələşdirmənin miqyasını qiymətləndirməlidir,

b) Avropa Qonşuluq Strategiyası proqramından və onun maliyyələşdirilməsi mexanizmlərindən istifadə etməklə etimadın möhkəmləndirilməsinə, həmçinin insan haqlarına hörmətin və qanunun aliliyinin təmin olunmasına yönəlmiş institutların qurulmasına şərait yaratmaq.

TƏRƏFLƏR MADRİD PRİNSİPLƏRİNƏ NƏ DEYİR?

Azərbaycan müxalifəti deyir ki, Madrid prinsipləri ilə münaqişənin həlli Azərbaycanın mövqeyinə cavab vermir. Çünki bu prinsiplər heç də işğal olunmuş bütün ərazilərin qaytarılmasını nəzərdə tutmur, üstəlik referendum keçirilirsə, Dağlıq Qarabağ Azərbaycandan ayrıla bilər. Müxalifət qüvvələri danışıqlara cəmiyyətin etirazını bildirmək üçün, Milli Müqavimət Hərəkatı yaratmağı da planlaşdırır.

Ermənistanda da Madrid prinsiplərinə münasibət birmənalı deyil. Politoloq Aleksandr İsgəndəryanın fikrincə, prinsiplər ona görə indi açıqlanıb ki (Minsk qrupu həmsədr ölkələrinin iyulun 10-da yaydığı bəyanat nəzərdə tutulur), artıq prosesi uzatmaq mümkün deyil, oktyabracan Ermənistan-Türkiyə münasibətlərində əhəmiyyətli nəsə baş verə bilər. «Madrid prinsiplərinin mahiyyəti odur ki, Dağlıq Qarabağın Ermənistanın nəzarət etdiyi torpaqları iki yerə bölünsün. Yəni Dağlıq Qarabağ Muxtar Respublikasına və koridora. Yəni bizə paket variant təklif edirlər. Qalan torpaqlar sadəcə Azərbaycana verilir. Qalan müddəalarda isə xeyli qeyri-müəyyənlik var, qaçqınların qayıtması, sülhyaratma qüvvələri». Politoloqun dediyinə görə, Qarabağ münaqişəsi mahiyyətcə tezliklə həll olunası münaqişə deyil.

XS
SM
MD
LG