Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:37

Abituriyentlərin şikayətləri araşdırılır


TQDK-dakı şikayət komissiyaları iyulun 30-a qədər fəaliyyət göstərəcək
TQDK-dakı şikayət komissiyaları iyulun 30-a qədər fəaliyyət göstərəcək
İyulun 28-dən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaratdığı apelyasiya komissiyaları qəbul imtahanları ilə bağlı müraciətlərin araşdırılmasına başlayıb. Səhər saat 10-dan axşam 5-ə qədər komissiyaların qarşısı izdihamlı olur.

«Mən qaralamada hesabladım, 370 bal çıxdı, ancaq cavabda gəlib çıxdı 142 bal, bunu öyrənmək istəyirəm»... Nailə Əliyeva fikirləşir ki, ona qarşı qərəz olub. Onun kimi düşünən gənclər və valideynlərsə az deyil.

«340 bal toplamışam, riyaziyyatdan nisbi balım 7-dir, 10-dan aşağıdır, mənim hesabımla 12-14 olmalıydı. Ona görə kənarda qalmışam. Yazdığım düz cavabın biri ümumiyyətlə yox idi, bir düz cavabım yazmışam D orada da D-dir, guya mən C yazmışam, Onu araşdırmağa gəlmişəm».

Cavablarını araşdıranlar isə sübutları təsdiq olunmayanda daha narazı görünürdülər:

«Biz deyirik 6 cavab yazıb, onlar deyir 4. Ona görə riyaziyyata 0 düşüb. Heç nə sübut etmək olmur».

Səadət Babayeva isə deyir ki, oğlu 500-dən artıq bal toplayıb. Bu balla ödənişli təhsilə düşəcəyindən narazıdır:

«Oğlum azı 580 bal toplamışdı, ancaq 524 oldu. Onun 56 balı necə oldu. 524 balla pulsuz düz əməlli fakültə yoxdu. Özü də pullu təhsil 2500 manatdır. Deyirlər sübut olunmadı, bu qədər də olmaz axı?»

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadə deyir ki, şikayətlər adətən əsassız olur. Ancaq bu komissiyalarda abituriyentlər hansı səhvlərinin olduğunu öyrənir:

«Açıq apelyasiyalarda cavab kartları onlara göstərilir. 17 ildə hələ elə bir hal olmayıb ki, abituriyentin cavab kartında qeyd etdiyi məlumat onun nəticəsi kimi hesablanmasın. Kompüter oxuyur, optik qurğular müəyyənləşdirir. Nə texniki, nə də başqa səhv imkanı mövcud deyil».

«21-ci əsr»Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev də deyir ki, bu komissiyalarda imtahanın nəticələri dəyişmir:

«Sistem elə fəaliyyət göstərir ki, səhvlərə az yol verilir. Kimsə narazıdırsa, o, özü səhv etmiş olur. Şikayətlərdə çox vaxt bunlar üzə çıxır».

Komissiyalar iyulun 30-a qədər fəaliyyət göstərəcək.
XS
SM
MD
LG