Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:44

«Evindən salamat çıxıb işə gedən adam niyə ölməlidir ki?»


Dövlət Yol Polisi sürücünü cərimələyir

«Bizə həqiqət lazımdır!». Bu, ötən həftə post-patrul xidmətinin saxlayıb polis bölməsinə apardığı və sonradan müəmmalı şəkildə ölən Söhbət Qasımovun yaxınlarının tələbidir.

«Tələbimiz budur ki, Söhbətin ölümü haqda dəqiq məlumat verilsin. Onu bu həddə çatdıran cəzalandırılsın. Söhbətin üç körpə uşağı var. Böyük uşağı 12 yaşındadır, balacası 4. Yoldaşı heç yerdə işləmir…
Hadisənin tarixçəsi:
  • Hüquq-mühafizə orqanları bildirir ki, 43 yaşlı taksi sürücüsü Söhbət Qasımov yol qaydalarını pozduğuna görə Binəqədi Polis İdarəsinin dördüncü bölməsinə gətirilib. Bu zaman o, əsəbi olub. Az sonra ürək ağrılarından şikayət edən sürücü 6 saylı xəstəxanaya göndərilib və orda ürək çatışmazlığından vəfat edib. Mərhumun qohumları isə əksini iddia edir. Söhbət Qasımovun əmisi oğlu Maarif Qasımov «Azadlıq» radiosuna deyir ki, o, hadisənin şahidləri ilə danışıb. Polisin dediyi kimi, əmisi oğlu xəstəxanada yox, elə bölmədə keçinibmiş.
Heç olmasa, uşaqları 18 yaşına çatana kimi orta əməkhaqqı dəyərində yardım verilsin…».

«SƏNİ TUTUB BAŞINA OYUN AÇARAM…»

«Söhbət iş yoldaşı ilə işə gedirmiş. Rəsulzadə qəsəbəsində üçüncü svetofordan dönərkən Post Patrul Xidmətinin əməkdaşları onu saxlayıb sənəd tələb ediblər. O da soruşub ki, məni niyə saxlamısız, səbəbini izah edin. PPX əməkdaşı da qayıdıb ki, sən kimsən, istəsəm sənin qolunu burub, əlini də qandallayıb - üzr istəyirəm ifadəyə görə, amma bu, onun sözüdür - qoduqluğa basaram, başına oyun açaram. Söhbət də əsəbiləşib ki, qayda-qanunu pozmamışam, mənə heç nə edə bilməzsən. Bundan sonra da yaxınlıqda yerləşən işinə yollanıb. PPX əməkdaşları ardınca gəlib. Yenə mübahisə ediblər və az sonra ora gələn Dövlət Yol Polisinin əməkdaşları Söhbəti Binəqədi rayon Polis İdarəsinin bölməsinə aparıblar. Orda nə olub bilmirəm. Bir onu bilirəm ki, bütün sənədlərini rəisə verib. Bir də imkan tapıb cib telefonundan bacanağına zəng vurub ki, özünüzü çatdırın, ölürəm, Binəqədi polis bölməsindəyəm. Vəssalam. Bacanağıgil iyirmi dəqiqəyə bölməyə çatıblar. Onlara deyiblər ki, Söhbət xəstəxanaya aparılıb. Xəstəxanada isə deyiblər ki, həmin adam bura gətiriləndə artıq keçinmişdi… Neçə gün sonra özüm də müstəntiqlə danışanda dilindən qaçırtdı ki, Söhbət xəstəxanaya gətiriləndə artıq ölübmüş».

Müstəntiqin deyəcəkləri az sonra. Maarif Qasımov isə sual edir:

«Niyə ölən kimi Söhbəti yarıb, daxili müayinə ediblər? Niyə sənədləri rəisdə ola-ola yaxınlarına xəbər verilməyib? Bütün bu onu göstərir ki, cinayətin izini itirmək istəyiblər…».

MÜSTƏNTİQ: « SAP-SAĞLAM GƏTİRİLİBMİŞ»

Hadisəylə bağlı istintaq aparan Binəqədi rayon Prokurorluğunun müstəntiqi Elşən Məmmədov Maarif Qasımovun dediklərini təkzib edir.

«İnsandır, ola bilsin nəyisə yanlış başa düşüb. Mən o sözü necə deyə bilərəm? Ora sap-sağlam gətirilib. 6 saylı xəstəxananın reanimasiya şöbəsində iyirmi dəqiqə həkimlər Söhbət Qasımova tibbi yardım göstəriblər. Amma faydası olmayıb. Bu işlə bağlı şöbə rəisini, həkimi dindirmişik».

Müstəntiq deyir ki, ilkin müayinə Söhbət Qasımovun ürək-damar çatışmazlığından öldüyünü göstərib. Amma bununla belə, ölüm səbəbini araşdırmaq üçün bədəndən nümunələr götürüb ekspertizaya göndəriblər. Müstəntiq laborator analizlərin nəticələrini gözləməyi tövsiyə edir. Nəticələrsə təxminən gələn ayın əvvəlində açıqlanmalıdır.

Maarif Qasımov isə ekspertizanın obyektiv aparılacağına inanmır:

«Ekspert kimdir? Məni aldada bilməzlər… Mən düz Avropa İnsan Haqları Məhkəməsinə kimi gedəcəyəm. Üç körpə uşağı qalıb Söhbətin… Bu adam evdən sağ-salamat çıxıb işə gedirmiş. Başına nə gəlibsə, polis şöbəsində gəlib. Orda onu əsəbiləşdiriblər ya neyləyiblər, deyə bilmərəm. Hər halda məlum deyil ki, nəyə görə Söhbətin ürəyi tutub ölməliydi?..».

Maarif Qasımovun sualına müstəntiq Elşən Məmmədov dəqiq cavab verə bilmir. Amma belə deyir:

- Cibindən manat düşəndə əsəbiləşirsən. O ki qala, maşınını cərimə dayanacağına aparalar, adam əsəbiləşər də…».

- Amma bu qərarı verənlər nə qədər haqlıydı?

- Qərarın əsaslı olub-olmamasını biz də araşdırırıq, Daxili İşlər Nazirliyinin inspeksiyası da. Yalnız araşdırmalardan sonra biz günahın kimdə olduğunu deyə biləcəyik».
XS
SM
MD
LG