Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:01

Hədəfdə gənclərdir…


Ağasif Şakiroğlu. Foto: IRFS
Ağasif Şakiroğlu. Foto: IRFS
Hər şey «Gül bayramı»na etirazdan sonra başladı. Hökumət qəfildən fərqinə vardı ki, ölkədə xeyli fəal gənc var. «Ayna-Zerkalo» qəzetlərinin şərhçisi Rauf Mirqədirov belə deyir. Son bir ayda üç gənc fəalın həbsini şərh edərkən.

GƏNCLƏRDƏN HAKİMİYYƏTƏ SÜRPRİZ

Rauf Mirqədirova görə, cəmiyyətdə durğunluq varıydı. Ənənəvi müxalifətin mübarizə resursları məhdudlaşdırıldığı üçün hakimiyyət özünə ciddi təhlükə görmürdü. Amma gənclər təşkilatları hakimiyyətə sürpriz etdilər:

«Neft Akademiyasındakı faciədən sonra gənclər təşkilatları min nəfərin toplaşdığı mitinq təşkil etdilər. Bundan sonra mayın 10-da şəhərin müxtəlif yerlərində yetərincə təsirli aksiyalar keçirdilər. Bu da görünür, hakimiyyət üçün gözlənilməz olub. Təsadüfi deyil ki, bundan az sonra gənclərə qarşı təqib kampaniyası başladı».

Rauf Mirqədirova görə, «Hədəf» Gənclər Koalisiyasının rəhbəri Ağasif Şakiroğlunun həbsi onu sübut edir ki, Emin Milliylə Adnan Hacızadənin həbsi internetdəki videoçarxla bağlı deyildi. Bu gənclərə qarşı başlanan kampaniyanın tərkib hissəsidir.

XATIRLATMA

Son bir ayda həbs olunan gənclərdən ikisi – OL Gənclər Hərəkatının həmtəsisçisi Adnan Hacızadəylə AN Gənclər şəbəkəsinin təsisçilərindən Emin Millidir. Və bu gənclər xuliqanlıqda ittiham olunurlar. Yəni döyüldüklərini deyən gənclər başqalarını döyməkdə ittiham olunurlar. Beynəlxalq qurumlar gənclərin qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edirlər.
Üçüncü gənc isə «Hədəf» Gənclər Koalisiyasının rəhbəri Ağasif Şakiroğludur ki, avqustun 3-də saxlanılıb və hərbi xidmətdən yayınmaqda ittiham olunur. Hərçənd gənc özü həbsinin siyasi məqsəd daşıdığını düşünür.

«NİYƏ KOMİSSARLIQ UŞAĞIMI ONDA ƏSGƏR APARMADI?..»

Ağasif Şakiroğlunun anası Sevda İbrahimova da oğlunun həbsini siyasi sifariş sayır. Və oğlunun çağırış vaxtı hərbi komissarlığa getməsi ilə bağlı əlində dəlillər, məsələn, komissarlıqla oğlunun danışığının yazıldığı lent yazısının olduğunu deyir.

«Ay hörmətli, Nərimanov rayon prokurorluğu, uşağım barəsində iyulun 23-də cinayət işi qaldırmısan. Amma iyulun 10-da onlar ata-bala hərbi komissarlıqda olublar. Çağırış idi. Niyə onda, elə orda aparmadın, ya da qandallamadın uşağımı?..»

Ağasif Şakiroğlu özü radiomuza son müsahibəsində həbsi ilə bağlı bunu deyib: «Məqsəd gənclərin gözünü qorxudub, ictimai siyasi aktivliyi azaltmaq, gəncləri ictimai-siyasi fəaliyyətdən uzaqlaşdırmaq, xof yaratmaqdır. Bir ay deyil iki dostumuz həbs olunub».

«O NECƏ AXTARIŞDAYDI Kİ, BÜTÜN AKSİYALARDA İŞTİRAK EDİRDİ…»

Ölkədəki gənclər təşkilatları da son həbsi siyasi sifariş kimi dəyərləndirirlər. Məsələn, Müsavat Gənclər Təşkilatının rəhbəri Tural Abbaslıya görə, bu həbs son bir ayda gənclərə qarşı başlanan demarşın başlanğıcıdır. O bir məqama diqqət çəkir ki, hüquq-mühafizə orqanları Ağasif Şakiroğlunun bir ildir axtarışda olduğunu deyirlər. Amma bu müddətdə o icazəli-icazəsiz bütün kütləvi aksiyalarda iştirak edib, qəzetlərə müsahibələr verib və sairə...

Tural Abbaslıya görə, bu da Ağasif Şakiroğlunun siyasi fəaliyyətinə görə tutulduğunu göstərir. Sadəcə, onu birbaşa siyasi fəaliyyətinə görə həbs edə bilmədikləri üçün başqa bəhanə tapıblar.

«Necə ki, Adnanla Emini xuliqanlıq maddəsyilə tutublar. Eləcə də Ağasif bəyi əsgərlikdən yayınmaq ittihamı ilə cəzalandırmaq istəyiblər. Niyyət Ağasif Şakiroğlunun əsgər aparmaqdırsa, tələm-tələsik məhkəmə keçirməyə, bir aylıq həbsə nə ehtiyac var?»

Tural Abbaslı bunu da deyir ki, əslində, fəal gəncləri hərbi xidmətə göndərmək yeni tendensiya deyil. Vaxtilə Böyük Quruluş Partiyasınnı sədri Fazil Mustafanı da siyasi fəaliyyətdən uzaqlaşdırmaq üçün əsgər apardılar:

«Müxtəlif bəhanələr tapa bilərlər. Xasiyyətimdə aqressivlik varsa, sabah məni xuliqanlığa görə tuta bilərlər, o birini komissarlıqdakı problemə görə saxlayacaqlar. Əsas niyyət odur ki, gəncləri çəkindirsinlər…»

Nərimanov rayon prokurorluğundan isə «Azadlıq» radiosuna bildiriblər ki, Ağasif Şakiroğluna qarşı ittiham siyasi məqsəd güdmür. Sadəcə, rayon hərbi kommissarlığından məlumat gəlib ki, o 2008-ci ilin iyulundan bəri hərbi xidmətdən yayınıb. Onlar da hazırda bu məlumatın doğru olub-olmadığını araşdırırlar.

EV DUSTAQLIĞI - GERİYƏ DOĞRU ADDIM?..

Avqustun 4-də gənc fəalın vəkili də həbs qətimkan tədbirindən şikayət verməliydi. Buna baxmayaraq Ağasif Şakiroğlunun atası Şakir İbrahimov da bu gün prokurorluğa çağrılıb. Və atanın bizə verdiyi məlumata görə, prokurorluq işçilərinin tövsiyəsi ilə baş prokurorun adına məktub yazıb ki, oğlunun haqqında həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənsin: «Mətbuat bu məsələni diqqətdə saxladığı üçün görünür, prokurorluq hay-küy qalxmasını istəmir…»
XS
SM
MD
LG