Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:34

Dövlət bağçası 100 manata?


Təhsil Nazirliyinin balansında olan 138 saylı uşaq bağçası
Təhsil Nazirliyinin balansında olan 138 saylı uşaq bağçası
Sentyabrın 1-dən Azərbaycan Dövlət Neft Şirkətinin tabeliyində olan uşaq bağçalarında qeyri-neft sektorunda çalışanların övladları üçün ödəniş aylıq 100 manat olacaq. Buna qədər isə həmin valideynlər hər uşaq üçün ayda 20 manat pul ödəyirdilər. Qiymətin 5 dəfə artması isə valideynlərin etirazına səbəb olub. Xüsusən də, seçim imkanı olmayan, yəni yaşadıqları ərazidə Təhsil Nazirliyinin tabeliyində olan pulsuz bağçaların olmadığı valideynlər çıxılmaz vəziyyətdə qalıblar.

ARDNŞ-ın Sosial İnkişaf İdarəsi qiymət artımını bağçada uşaqların saxlanma xərclərinin çox olması ilə izah edir. İdarənin mətbuat xidmətinin rəhbəri Əmrah Fəqanoğlu deyir ki, bir uşağın bir aylıq saxlanma xərci 188 manatdır. Təhsil Nazirliyinin balansında olan bağçalarda isə bu göstəricini öyrənmək mümkün olmadı. Nazirlikdən bu suala cavab verməli olan əməkdaşların məzuniyyətdə olduğunu dedilər.

EYNİ YEMƏK FƏRQLİ QİYMƏTƏ

Həm ARDNŞ, həm də Təhsil Nazirliyinin balansında olan uşaq bağçalarının qida rasionu eynidir. Nazirlər Kabinetinin 1994-cü ildə çıxardığı qərara əsasən gün ərzində hər uşağa 120 q çörək, 220 q tərəvəz, 25 q kərə yağı, 55 q şəkər, 100 q ət, 460 q süd, 200 q şirə, 60 q kəsmik, 220 q meyvə və sadalamadığım digər bir sıra ərzaq məhsulları verilməlidir.

Nazirlər Kabinetinin 1994-cü ildə təsdiqlədiyi uşaq bağçaları üçün menyu
Neft şirkətinin balansında olan adının çəkilməsini istəməyən bağça direktoru deyir ki, onlar göstərilən normativə əsasən gündəlik menyu hazırlayırlar. Tabe olduqları qurumun tapşırığına görə, bu menyu hazırlanarkən bir uşağın gündəlik qidası 2 manat 66 qəpiyi (aylıq təxminən 56 manatı) keçməməlidir. Qida rasionu eyni olan Təhsil Nazirliyinin balansında olan bağçalarda isə bu limit 1 manat 20 qəpikdir (aylıq təxminən 25 manat). Bəs eyni yemək niyə fərqli qiymətə alınır?

ARDNŞ-ın Sosial İnkişaf İdarəsinin mətbuat xidmətinin rəhbəri Əmrah Fəqanoğlu deyir ki, onlarda qiymətin yüksək olması çeşid bolluğu ilə bağlıdır: «Normativi keçməmək şərtilə bizdə çeşid bolluğudur. Bizim bağçalarda uşaqlar qida ilə yanaşı mövsümə uyğun salatlar, meyvələrlə daim təmin olunurlar». Təhsil Nazirliyinin balansında olan 138 saylı uşaq bağçasının direktoru Seyranə Qasımova da deyir ki, onlar da uşaqları normativə uyğun qidalandırırlar: «Gündəlik normativdə nə nəzərdə tutulursa, onların hamısı uşaqlara verilir. Uşaqların sağlam böyüməsi üçün lazım olan bütün qidalar alınır».

RƏSMİ RƏQƏMLƏR REALDIRMI?

Balansında bağçalar olan hər iki qurum uşaqların bir aylıq saxlanma xərcinə təkcə qidanı yox, kommunal xərclərdən tutmuş oyuncaqlaradək hər bir şeyi daxil etdiklərini deyirlər. Bağçalardan birində - Təhsil Nazirliyinin balansında olan 138 saylı uşaq bağçasında digər xərclərlə maraqlandıq. 2008-ci il üzrə bağçanın xərcləri aşağıdakılardan ibarət olub:

Elektrik enerjisi – 4310 manat, qaz – 2920 manat, su – 3690 manat, istilik enerjisi – 7800 manat, kanalizasiya xidməti – 1510 manat, digər kommunal xərclər – 2130 manat, yumşaq inventar və xüsusi geyimlər – 2990 manat, inventar – 1930 manat, avadanlıqların alınması – 1220 manat.

Nəzərə alsaq ki, hər uşaq bağçasında ən çox 215 uşaq yerləşdirilə bilər, bu zaman bu xərclərdən hər uşağın payına aylıq 11 manat düşür. Bu göstəricinin bağçalar üzrə dəyişə bilmə ehtimalı realdır, amma bu rəqəm hətta iki dəfə artıq olarsa belə, Təhsil Nazirliyinin balansında olan bağçalarda bir uşağın aylıq yekun xərci 50 manat, Neft Şirkətinin balansında olan bağçalarda isə 80 manatı ötmür.

GÜZƏŞTLƏR OLACAQ

Qiymət artımı qaçqın, məcburi köçkün, Çernobıl əlili və şəhid ailələrindən olan uşaqlara şamil olunmayacaq
Əvvəldə də qeyd olunduğu kimi, Neft Şirkətinin tabeliyində olan uşaq bağçalarında qeyri-neft sektorunda çalışanların övladları üçün ödənişin artacağı etiraza səbəb olub, xüsusən seçim imkanı olmayan valideynlər tərəfindən.

Dövlət Neft Şirkəti mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyir ki, bu məsələ qurumun nəzərindədir və hazırda ona baxılır: «Alternativ bağçalar olmayan ərazilərdə o məsələ valideynlərin xeyrinə həll olunacaq. Təxminən 1 həftə - 10 günə bu məsələ öz həllini tapacaq».

Qurumun məlumatına görə, qiymət artımı qaçqın, məcburi köçkün, Çernobıl əlili və şəhid ailələrindən olan uşaqlara da şamil olunmayacaq. O ki qaldı qiymət artımının keyfiyyətə təsirinə, qurumun rəsmisi Əmrah Fəqanoğlu deyir ki, Neft Şirkətinin balansında olan təmirsiz bağçaların hər biri növbə ilə təmir olunacaq. Amma qida rasionunda heç bir dəyişiklik gözlənilmir, Əmrah Fəqanoğlu deyir ki, hazırkı durum qaneedici olduğundan buna heç ehtiyac da yoxdur.

Ölkə üzrə Azərbaycan Dövlət Neft Şirkətinin tabeliyində 41, Təhsil Nazirliyinin tabeliyində isə 1550 uşaq bağçası var.
XS
SM
MD
LG