Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:56

«Azərbaycanda din siyasi hərəkata çevrilə bilməz»


Nizami Cəfərov
(müsahibənin əvvəli)

- Azərbaycanda insan haqlarının bugünkü durumunu necə dəyərləndirirsiniz?

«AZƏRBAYCANDA CİNAYƏTKAR OLMAQ MÜMKÜN DEYİL»

- Azərbaycanda insan haqlarının ən strateji məqamları qorunur. Bu gün ölkədə müharibə, daxili çəkişmə yoxdur. Yəni məktəblər normal fəaliyyət göstərir. Təhsil sistemi fəaliyyət göstərir. İnsanların təhsil alma hüququ qaydasındadır. Ölkədəki iş yerlərinin mütləq əksəriyyətini azərbaycanlılar tuturlar. Azərbaycanlılar çox asanlıqla xaricə gedə bilərlər, öz istedadlarını nümayiş etdirə bilərlər. Eyni zamanda Azərbaycana dünyanın hər yerində mütəxəssislər gəlib fəaliyyət göstərə bilərlər. Azərbaycanda bu gün istirahət etmək üçün nə mümkündürsə şərait var. Yəni bu gün Azərbaycan insanının öz səviyyəsinə, peşəkarlığına, fiziki və əqli imkanlarına uyğun normal yaşamaq hüquqları yalnız konstitusiya ilə yox, həm də gerçək olaraq təmin olunur.

Azərbaycanda cinayətkar olmaq mümkün deyil, əgər cinayətkar olacaqsansa lazımi cəzanı alacaqsan. Yəni bu mənada insan hüquqları ilə bağlı xüsusi bir problem yoxdur.

«HƏRDƏN JURNALİSTƏ BİR-İKİ SİLLƏ VURMAĞIM GƏLİR»

- Amma BMT-nin İnsan Haqları Şurası Azərbaycanla bağlı son hesabatında bunun əksi qeyd olunur. Gənc fəalların həbs olunması pislənir, jurnalistlərə qarşı xuliqanlıq ittihamlarının irəli sürülməsindən narahatlıq ifadə olunub. Bu narahatçılıq həmçinin söz azadlığına məhdudiyyətlər qoyulması, müstəqil qəzetlərin bağlanması, xarici radiostansiyaların FM tezliyindən çıxarılması, jurnalistlərin qətli və döyülməsi yayılan xəbərlərə də şamil edilir. BMT-nin İnsan Haqları Şurası Azərbaycan hökumətinə bu cür halları aradan qaldırmağı məsləhət görür.

- O hesabatla bağlı mənim məlumatım o qədər də dərin deyil. Amma bu gənclərin, müəyyən jurnalistlərin həbsi, xarici radiostansiyaların bağlanması məsələlərinə həmişə baxıla bilər. Mən heç vaxt insanın söz üstündə həbs olunmasının nəinki tərəfdarı olmamışam, hətta bu yaxınlarda o məsələ ilə bağlı keçirilən debatda da zarafatyana demişəm ki, hərdən bəzən məni də haqsız tənqid edirlər. Həmin vaxt jurnalistləri məhkəməyə verməkdən daha çox, belə, bir tərbiyəvi şəkildə onlara bir-iki sillə vurmağım gəlir.

Bu gerçəklikdi də, bizim indi həbs olunan jurnalistlərimiz var. Onların demək olar ki, heç biri jurnalistlik fəaliyyətinə görə tutulmayıb. İndi də bu iki gənclə bağlı müəyyən qalmaqal və sairə çıxdı. Mən məsələnin mahiyyətini o qədər də dərindən bilmirəm. Amma bu şəkildə ajiotaj yaradılması, onların xüsusi bir hadisəyə çevrilməsi insan hüquqlarının qorunmaması demək deyil. Belə hadisələr dünyanın ən inkişaf etmiş dövlətlərdə də baş verir. İndi restoranda xuliqanlıq eləmiş bir adamın söz azadlığı üstündə tutulmasını necə deyəsən. Restoranda mitinq idi, restoran tribunadı, oradan söz deyirdilər buna görə tutublar. Ya dedi-qodu edirdilər buna görə tutublar.

Bizim müxalifət qəzetlərini açın, təhqirlər nə qədər desəniz var. Hansını bağlayırlar, hansını tuturlar? Yəni jurnalistika, jurnalist deyəndə, bu barədə söhbət edəndə bir az ciddi düşünmək lazımdır. Yoxsa istənilən bir xuliqanın əlinə jurnalist kitabçası verib demək olar ki, bu düz eləməyib.

Azərbaycanda nə qədər jurnalist olar? Axı bunlar çox zaman yazdıqları cümlənin dalını qabağını-bilmirlər. Bunlar heç fikirlərini normal ifadə edə bilmirlər.

Onları lap tutaq ki, sabah azadlığa buraxsınlar. Bundan nə qazanılacaq. O saat Azərbaycanda insan hüquqlarının inkişafı barədə BMT-nin hansısa təşkilatı bəyanat verəcək? Əsas məsələ o deyil. Əsas məsələ bu millətin, xalqın dünyanın normal xalqları kimi inkişaf eləməsi və öz hüquqlarını, o cümlədən insan haqlarını müdafiə eləməsi məsələsidir.

XARİCİ RADİOLAR DİVERSİYA ALƏTİ KİMİ

- Bəs xarici radiostansiyalarla bağlı deyilənlər?

- Mənə elə gəlir ki, bu daha çox texniki problemdir. Bəzən xarici radiostansiyalar bizə insan hüquqlarını bizim öz hesabımıza başa salmaq istəyirlər. Yaxşı olar ki, hər bir xarici radiostansiya öz hesabına başa salsın. Əgər doğrudan da Azərbaycan cəmiyyətində yaxud dünyada gedən prosesləri normal izah edəcəklərsə... Yoxsa xarici radiostansiyalar da diversiya aləti kimi istifadə olunacaqsa, təbii ki, Azərbaycan artıq bunun çoxlu təcrübəsini görüb.

- Sizcə istifadə olunurdularmı?

- Şübhəsiz.

- Bu özünü daha çox nədə göstərirdi?

- Daha çox onda göstərirdi ki, həmişə Azərbaycanda nə isə bir yaralı yer, ağrılı bir şey tapıb onu qabardaraq bütün cəmiyyətə təqdim edirdi ki, bax vəziyyət belədir. Amma deyək ki, Azərbaycanda gedən inkişafı görməmək…

Azərbaycanın böyük problemi həmişə bilirsiniz nə olub? Xalqla dövlət arasında əlaqəni hər hansı formada olursa-olsun həmişə dağıtmaq, parçalamaq problemi olub. İstənilən xarici radiostansiyanın arxasında həmişə müəyyən bir ideoloji mərkəz dayanar. O ideoloji mərkəz həmişə öz hesabatını verir. O mərkəz özü bir layihə ilə fəaliyyət göstərir.

Yəni onlar Azərbaycan xalqının problemlərinin həllindən daha çox dünyada hansısa qlobal layihələri həyata keçirməklə məşğul olurlar. Və bu qlobal layihələrin çoxunun da taleyini biz görmüşük ki bu hansı məqsədlərdən irəli gəlir. Onu dəqiq bilirik ki, nəyisə dağıtmaq lazımdır, hansısa bir forma yaratmaq lazımdır, hətta o layihələrin arxasında dayanan terrorçu sistemləri biz görmüşük və bu gün də görürük. İstənilən xarici radiostansiyanı əgər siz bir həftə ardıcıl dinləsəniz və Azərbaycan insanının mövqeyindən ona diqqət yetirsəniz onda görərsiniz ki, nə vəziyyətdədir. Məsələn eyni radio erməni dilində bir şey deyir, Azərbaycan dilində başqa şey. Beləliklə də qarşı-qarşıya qoyulan problemlər çıxır ortaya. Ona görə bəlkə də biz də öz radiolarımızı hazırlamalıyıq. Belə təfriqələr yaratmaq doğrudan da müasir dünya üçün maraqlıdırsa, bəlkə biz də öz təfriqələrimizi təqdim etməliyik.

Əlbəttə demokratiyadır, xarici radiostansiyalar maliyyələşən qurumlardır. Azərbaycandan da kadrlar hazırlayırlar. Buyursunlar, hazırlasınlar. Amma o texniki təminatlarını özləri eləsinlər. Amma biz özümüzə yönəlmiş mikrafonu da özümüz satın alıb onlara verməməliyik.

- BMT-nin İnsan Haqları Şurasının hesabatında Azərbaycan polis idarələrində, təcridxanalarda işgəncə faktları ilə bağlı məlumatlar da var. Hətta tövsiyə edilir ki, nəzarət oluna bilməsi üçün MTN-nin təcridxanası ya bağlansın, ya da Ədliyyə Nazirliyinin ixtiyarına verilsin. Bu məsələni nə dərəcədə ədalətli hesab edirsiniz?

- Əslində buna daha çox peşəkarlar izahat verə bilərlər. Amma mənim bildiyimə görə MTN-nin təcridxanasında daimi olaraq o adamlar saxlanılır ki, onların dövlət üçün təhlükəlilik dərəcəsi çox yüksəkdir. Və indiyədək o təcridxanada kiminsə başına hansısa xüsusi bir hadisə gəlməyib.

Bir məsələni də deyim ki, biz hər şeyi həm mətbuat, həm istənilən bir ölkənin təhlükəsizlik orqanı üçün, həm də dünya üçün açıb ortaya qoyacağıqsa, bu dövləti qura bilməyəcəyik.

«DİNİN ÖZ FƏALİYYƏT SFERASI VAR. QALAN HALLARA NƏZARƏT OLUNMALIDIR»

- Tənqiddən kənarda qalmayan sahələrdən biri də dini etiqad azadlığıdır. Ümumiyyətlə parlament qanuna dəyişikliklər edəndən sonra bu barədə çox danışılır.

- Həqiqətən də bizdə bu sahədə çox ciddi problemlər var idi. Azərbaycan bir çox hallarda müxtəlif ənənəvi və qeyri ənənəvi dinlərin siyasi, hətta iqtisadi təzyiq meydanına çevrilməsi barəsində iddiaları var idi. Və bunu praktik olaraq edirdilər. Azərbaycan demokratik bir ölkədir. Burada din hər bir insanın öz şəxsi işidir. Azərbaycanda din ictimai hərəkata, siyasi hərəkata çevrilə bilməz. İnsanlar zorla, yaxud maliyyə mükafatları sayəsində bu və ya digər təfriqəyə qoşula bilməz. Biz bir müsəlman ölkəsiyik. Əsas aparıcı din İslamdır. İslam dininin həm də dövlətlə, siyasətlə münasibət ənənəsi var. Amma əgər hər hansı təriqətlər, filan Azərbaycana hücum edirsə, dilimizə, mədəniyyətimizə, əxlaqımıza xüsusi normalar tətbiq etmək istəyirsə, burada müəyyən məhdudiyyətlər olmalıdır. Qanuna edilən dəyişikliklər də belə cəhdlərin qarşısını almaq üçündür. Əgər istənilən bir icma, bir təşkilat gəlib Azərbaycanda məscid adı ilə özünə bir siyasi ideoloji idarə tikəcəksə, orada öz təbliğatını quracaqsa, sabah da o məscidlərdə kimsə bomba partladacaqsa, yaxud oradan silah arsenalı çıxacaqsa buna dövlət məsuliyyət daşımalıdır. Dinin öz fəaliyyət sferası var. Qalan hallara nəzarət olunmalıdır.

Son vaxtlar görülən tədbirlər də göstərdi ki, müxtəlif təriqətlər, xüsusilə vəhabizm Azərbaycanda xeyli dərəcədə aqressivləşib. Nurçuluq Azərbaycanda müəyyən qədər intellektual sferanı təsir altında saxlamaq iddiasındadır. Amma din siyasətə dövlətin işinə qarşımamalıdır. Söhbət də bundan gedir.

«DÖVLƏT DƏ KƏNARDAN GƏLMƏYİB. O AZƏRBAYCANIN İÇƏRİSİNDƏN ÇIXIB»

- Sizcə bu gün Azərbaycan vətəndaşı bir ruh olaraq dövlətin içində özünü nə dərəcədə rahat hiss edir?

- Dünyada dövlətçiliyin ən azı bir 7 min il tarixi var. Heç bir ölkədə tam razılıq mümkün deyil. Bu gün hətta ən inkişaf etmiş ölkələrdə də bu sorğunu keçirsək görərik ki, özünü rahat hiss eləmək insanın tələbatları ilə bağlı olaraq dəyişir. İnsanlara azadlıq veriləndə də istər-istəməz bu tələbatın miqyası da dəyişir. Amma bu gün Azərbaycan dövləti Azərbaycanda həm insanlara uyğunlaşır, vətəndaş institutu yaranır, həm də insanlar vətəndaşlığa uyğunlaşır.

Amma Azərbaycan insanının özünəməxsus bir təbiəti var. Məsələn, Azərbaycan insanı bu gün məmnuniyyətlə istəyir ki, işıqdan, sudan, qazdan istifadə etsin və pulunu ödəməsin. Bu Azərbaycan insanı üçün ideal bir şəraitdir. Bax belə bir insanla dövlət hələlik izdivaca girib. İndi görək bu izdivac nə ilə nəticələnəcək.

Həm Azərbaycan insanı dövlət üçün anlaşıqlı olmalıdır, həm də dövlət insan üçün. Dövlət də kənardan gəlməyib. O Azərbaycanın içərisindən çıxıb. Bax belə bir vəziyyətdə tam standartlara salıb Azərbaycan cəmiyyətinə nəyisə təklif eləmək və heç bir kömək etmədən sonra onu günahlandırmaq, bu artıq hər hansı beynəlxalq intellektual mərkəz üçün konyukturadır.
XS
SM
MD
LG