Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:38

«Novruzəli Məmmədovun ölümü araşdırılmalıdır»


Novruzəli Məmmədov
Novruzəli Məmmədov
«Tolişi Sədo» qəzetinin baş redaktoru Novruzəli Məmmədovun ölümü müstəqil araşdırılmalıdır. Bu çağırışla Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (JMK) çıxış edib.

İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandırılan 10 il həbs cəzası almış Novruzəli Məmmədov avqustun 17-də Penitensiar Xidmətin müalicə müəssisəsində vəfat edib. İlkin rəydə onun baş beyin damarlarının kəskin trambozundan öldüyü bildirilir.

«Biz Novruzəli Məmmədovun həbsdə lazımi tibbi müalicə almaması barədə məlumatlardan bərk narahatıq, onun ölümünə də məhz bu səbəb ola bilər»-, bunu JMK-nın Avropa və Orta Asiya Proqramının koordinatoru Nİna Oqnianova deyir. «Biz Azərbaycan hakimiyyətinin çağırırıq ki, meyitin yarılmasının nəticələrini dərhal ictimaiyyətə açıqlasın».

Novruzəli Məmmədovun vəkili Ramiz Məmmədova JMK-ya bildirib ki, son aylar mərhumun səhhəti kəskin pisləşib, ancaq o, uyğun müalicə almayıb. Yerli medianın yazdığına görə, hakimiyyət Məmmədovu humanitar əsaslarla azadlığa buraxmaqdan, müstəqil müalicəsinə şərait yaratmaqdan imtina edib.

Avropa Şurasında Veronika Kotek və Azərbaycanın Ombudsmanı Elmira Süleymanova da hakimiyyəti çağırmışdı ki, Məmmədov mülki həbsxanaya köçürülsün.

Penitensiar xidmətdən Mehman Sadıqovsa bildirib ki, Novruzəli MƏmmədov həbsdə lazımi müalicəni alıb.

MƏMMƏDOV ÖLMƏYƏ BİLƏRDİ

Digər beynəlxalq hüquq müdafiə təşkilatları da «Tolişi Sədo» qəzetinin baş redaktoru Novruzəli Məmmədovun ölümündən narahatlığını bildirib.

Beynəlxalq İşgəncələr Əleyhinə Təşkilatdan Delfin Rekulo AzadlıqRadiosuna müsahibəsində deyib: «Biz inanırıq ki, Məmmədovun həbsdə qənaətbəxş müalicə ala bilməməsi onun səhhətini pisləşdirib və ölümünə səbəb olub».

Londondakı Amnesty İnternational təşkilatı həbsdə Novruzəli Məmmədovla pis davranılması, ona su və yemək verilməməsi barədə məlumatlar alıb. Qurumun sözçüsü Lidia Aroyo: «Biz Azərbaycan hökumətini çağırmışdıq ki, Məmmədovu daha yaxşı sanitar şəraiti olan mülki xəstəxanaya köçürsünlər, ona müvafiq tibbi müalicəylə təmin etsinlər. Təəssüf ki, bu, çox az idi və artıq çox gec idi. Məmmədov ölüb. Biz bunun səbəblərini araşdıracağıq».

Hər iki qurumun təmsilçiləri vurğulayıb ki, Məmmədovun məhkəməsi ədalətli olmayıb, onun həbsi siyasi motivli ola bilər. «Biz narahatıq ki, o, jurnalist fəaliyyətinə, talış xalqının mədəni haqlarını araşdırdığına və təbliğ etdiyinə görə həbs olunub»-, bunu Lidia Aroyo deyir.

Delfin Rekulo: «Biz hakimiyyətə əlimizdən gələn təzyiqi edəcəyik ki, Novruzəli Məmmədovun ölümünün müstəqil və səmərəli istintaqını aparsınlar».

68 yaşlı Novruzəli Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunda şöbə müdiri işləyib. O, Talış Mədəniyyət Mərkəzinə də rəhbərlik edirdi. 2008-ci ildə dövlətə xəyanət, milli, irqi və dini ayrı-seçkiliyi qızışdırmaqda ittiham olunaraq 10 il həbs cəzası alıb.
XS
SM
MD
LG