Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:25

Gənc fəalların şikayəti təmin edilmədi


Həbs edilmiş Hacızadə və Milli cari il iyulun 8-də saxlanıldıqları zaman polisin əməllərindən şikayət veriblər
Bakı Apellyasiya Məhkəməsi Səbail rayon Məhkəməsinin Adnan Hacızadə və Emin Millinin Daxili İşlər Nazirliyinə (DİN) qarşı iddiasına dair qərarını qüvvədə saxladı. Avqustun 28-də prosesdən sonra jurnalistlər qarşısına çaxan Emin Millinin vəkili Elton Quliyev dedi ki, gənclərin polis əməkdaşlarının qeyri-insani münasibəti və onların müdafiə hüququnun pozulması ilə bağlı məhkəmə qərarından şikayəti təmin olunmadı.

VƏKİL QƏRARI TƏBİİ HESAB EDİR

Vəkil Bakı Apelyasiya Məhkəməsinin bu qərarını təbii hesab etdiyini də bildirdi:

«Bu, Adnanla Eminə qarşı polis əməkdaşlarının qəddar münasibəti, onların müdafiə hüququnun pozulması ilə bağlı şikayət idi. Səbail rayon Məhkəməsi iddianı təmin etmədi. Qərardan şikayət vermişdik. Apellyasiya Məhkəməsi də təbii ki, bu dövlətdəki məhkəmə sisteminin bir qolu olduğu üçün cəsarət edib o qərarı dəyişdirə bilməzdi. Bizə isə sadəcə bu qərar lazım idi ki, Avropa İnsan Haqları Məhkəməsinə şikayəti göndərə bilək».

Elton Quliyev artıq tam əmindir ki, Avropa İnsan Haqları Məhkəməsi bu hüquq pozuntularını tanıyacaq.

Emin Milli və Adnan Hacızadənin işini aparan müstəntiq
Elton Quliyev
Ziya Əliyev gənclərin iddiası ilə bağlı suallarımızı DİN-in mətbuat xidmətinə ünvanlamağı münasib bildi.

DİN-in SÖZÇÜSÜ İDDİALARLA RAZILAŞMIR

DİN mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə polisə qarşı qaldırılan iddialarla razılaşmır:

«Azərbaycan polisi cinayətkarlıqla mübarizədə yalnız dövlətin qanunlarına və polisin istinad elədiyi «Əməliyyat-axtarış fəaliyyəti haqqında» qanuna və Konstitusiyaya tam uyğun hərəkət edir. Qeyd olunan dövlət qanunlarından kənara çıxılmır».

Ehsan Zahidov əlavə edir ki, əgər polis öz fəaliyyəti zamanı qeyd olunan qanunlardan kənara çıxıb hər hansı hüquq pozuntusuna yol verirsə, DİN rəhbərliyi bu halları müəyyən edir və çox ciddi ölçülər götürür.

«BU İŞ AVROPA MƏHKƏMƏSİNDƏ UDULACAQ»

Hüquqşünas Erkin Qədirli isə beynəlxalq təcrübəyə əsaslanaraq deyir ki, bu işin Avropa İnsan Haqları Məhkəməsində udulacağına şübhə etmir:

Erkin Qədirli
«Artıq bu mərhələdə Avropa İnsan Haqları Məhkəməsinə ayrıca bir iş kimi şikayət vermək olar. Şəxsən məndə heç bir şübhə yoxdur ki, bu iş Avropa İnsan Haqları Məhkəməsində udulacaq».

Erkin Qədirli deyir ki, işin mahiyyəti üzrə Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək üçünsə gərək bütün daxili instansiyalar keçilə. Ancaq hələ ki, mahiyyət üzrə birinci instansiya işə baxmayıb.

İyunun 8-də gənc fəallar Emin Milli və Adnan Hacızadə «Livan» restoranında baş verən münaqişədən sonra həbs olunublar.

Onlar saxlanılarkən həkim yardımı ilə təmin olunmamaları, biri-birlərinə qandallanmaları və vəkillərinin yanlarına buraxılmaması kimi qeyri-insani rəftara və hüquq pozuntusuna məruz qaldıqlarını iddia edərək məhkəməyə müraciət etmişdilər.
XS
SM
MD
LG