Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:16

Növbəti dalğa…


İranın Ali dini lideri Ayətullah Əli Xameneyi
İranın Ali dini lideri Ayətullah Əli Xameneyi
«Sosial elmlərin öyrənilməsi dini prinsiplərə şübhə və inamsızlıq yaradır». İranın Ali dini lideri Ayətullah Əli Xameneyi bu fikirdədir. Xameneyi bu həftə hökuməti və Ali Mədəni İnqilab Şurasını məsələni diqqətlə izləməyə çağırıb.

Bəzi müşahidəçilər hesab edir ki, Xameneyinin xəbərdarlığı universitet və mədəni institutlara qarşı yeni kompaniyanın başlanğıcına işarə ola bilər. 3 həftədən sonra İranın ali məktəblərində dərslər başlamalıdır.

İran İslam Respublikası yaranandan 1 il sonra İranda «mədəni inqilab» olub. Məqsəd universitetləri Qərbin təsirindən uzaq tutmaq idi. İnqilabın nəticəsində 600-700 professor təmizləndi, universitetlər islamlaşdırıldı. Tədris planına yeni dini fənlər və kitablar daxil oldu. Təhsil icazəsi isə yalnız inqilaba və İslama loyal olan tələbələrə verildi.

İRANDA 3 MİLYON YARIM TƏLƏBƏNİN 2 MİLYONU SOSİAL ELMLƏRİ ÖYRƏNİR
Təxminən 30 ildən sonra - bu gün - yenidən tarixin təkrarlana biləcəyindən narahatlıqlar var.

İranın Ali dini lideri avqustun 30-da professor və bəsic (Könüllü Səfərbərlər Ordusu) ilə keçirdiyi görüşdə deyib ki, sosial elmlərin bir çoxunun əsasını «materializm, Allaha və islama inamsızlıq fəlsəfəsi» təşkil edir.

Xameneyi İranda 3 milyon yarım tələbənin təxminən 2 milyonunun sosial elmləri öyrənməsindən narahat olduğunu deyib:

«Sosial elmlərlə bağlı neçə iş görülüb, nə qədər islam araşdırması aparılıb? Sosial elmlərlə bağlı neçə nəşr olunmuş kitabımız var? İslam tədrisinə inanan, sosiologiya, psixologiya və ya menecmenti tədris etməyə hazır nə qədər professorumuz var?»

Sosial elmlər - İranda mübahisəli prezident seçkilərindən sonra iğtişaşlarda həbs olunan islahatçıların məhkəmə proseslərində də tənqid obyektinə çevrilib.

İslahatçılar kütləvi nümayişlər keçirməkdə ittiham olunub.

Bir çox müşahidəçilər hesab edir ki, sosial elmlərə yeni yanaşma birbaşa prezident seçkilərindən sonra etiraz aksiyaları ilə əlaqədardır.

Tehran universitetinin beynəlxalq münasibətlər üzrə professoru Qasım Şole Saadi deyir ki, hökumət yeni etirazların qarşısını almaq üçün daha bir «mədəni inqilab» başlaya bilər.

Ancaq professor hesab edir ki, bu addım İslam Respublikasında böhranı daha da dərinləşdirəcək.

«Biz universitetlərin bağlandığı və heç bir problemin olmadığı inqilabın ilk günlərində deyilik. Universitetlərin bağlanması və tələbələrin etirazı – hər ikisi böhran deməkdir».

Qasım Şole Saadi əlavə edir ki, açıq fikirli professor və tələbələri sosial elmləri öyrənməkdən çəkindirmək dəyişiklik və sosial islahatlar aparmaq arzusunu azaltmayacaq.

SOSİAL ELMLƏR İNSANIN «GÖZÜNÜ AÇIR»
Tehran universitetində İngilis ədəbiyyatı ixtisası üzrə təhsil alan tələbə deyir ki, hökumətin sosial elmlərə qarşı narahatçılığının səbəbi aydındır.

Tələbə deyir ki, sosial elmlər insanın «gözünü açır» və kitabları oxuduqca İrandakı vəziyyəti daha yaxşı anlayırsan. Tələbə hesab edir ki, hökumət daha çox «itaət» edən, sual verməyən tələbələrin olmasını istəyər.

«Mədəni inqilab»la bağlı narahatlıqlar Mahmud Əhmədinejatın prezidentliyinin ilk dövründən peyda olub. Universitet və tələbələrə qarşı təzyiqlər artıb, çoxları dərslərdən uzaqlaşdırılıb, professorlara istefa etmələri üçün təzyiqlər edilib.

DAHA BİR «MƏDƏNİ İNQİLAB»
Əhmədinejatın birinci prezidentliyi dövründə təhsil naziri olan Məhəmməd Mehdi Zahidi bu yaxınlarda deyib ki, universitetlərin islamlaşdırılması gündəmdə olub. O, bir çox qurumların, o cümlədən İmam Xomeneyi Araşdırma İnstitutunun da bu plan üzərində işlədiyini bildirib.

İranda belə söz-söhbət də gəzir ki, hökumət etirazların qarşısını almaq üçün akademik tədris ilinin başlanmasını təxirə sala bilər.

İranın Ali dini lideri Ayətullah Əli Xameneyi deyib ki, tələbə nə qədər dindardırsa, bir o qədər az onlar aksiyalar barədə düşünürlər.

Ancaq İranın islahatçı şəxsləri hesab edir ki, daha bir «mədəni inqilab» ölkəni və dini geriyə - orta əsrlərə götürə bilər.
XS
SM
MD
LG