Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:40

Təbrizli kinorejissoru 13 ay həbsdən sonra buraxıblar


gənc kinorejissor Məhəmməd Ehsani
gənc kinorejissor Məhəmməd Ehsani
Təbrizli gənc kinorejissor Məhəmməd Ehsani 2008-ci il, «Təcavüzkar ABŞ hökuməti ilə əlaqə yaratmaq vasitəsilə milli təhlükəsizliyi pozmaq» ittihamı ilə üç il həbs cəzası alsa da, 13 ay həbsdən sonra İranın dini lideri Ayətullah Əli Xameneinin əfv fərmanına düşərək azadlığa buraxılıb. Keçən həftə nişanlanan gənc rejissorun vəkili Məhəmməd Müstəfai bu haqda AzadlıqRadiosuna bildirib ki, Ehsaninin məhkəmə prosesi təmailə qərəzli keçirilmişdi. Ehsaninin indiyədək hazırladığı sənədli filmlər dəfələrlə daxili və xarici festivallarda nümayiş etdirilib.

- Ehsani 2007-ci ildə iki dəfə sənədli filmlərini nümayiş etdirmək üçün ABŞ-a səfər edib, lakin məhkəməyə bildirib ki, sırf incəsənətlə məşğul olurmuş. Siz ona qarşı yürüdülən ittihamları və üç il həbs cəzasını necə dəyərləndirirsiniz?
- Ümumiyyətlə, onun həbsi qanunsuz idi. Birinci buna görə ki, İran ABŞ-la müharibə şəraitində deyil, lakin, ittihamda «Təcavüzkar» sözü qeyd olunub. Həmçinin onun milli təhlükəsizliyi pozmağı ilə bağlı yetərincə sübut yox idi. Ehsaninin atası İran-İraq müharibəsində səkkiz il cəbhədə olub və onun özü də, Təbrizin həmin müharibədə adlım şəhidi Mehdi Bakiri haqda sənədli filmi var. Belə bir ailədə, belə bir düşüncədə olan şəxsin milli təhlükəni pozmaqda ittiham olunması sual altında idi.

- Məhkəmədə onun iki dəfə ABŞ-a səfəri xüsusilə vurğulanıb. Həmçinin onun iki ABŞ xəfiyyəçisi ilə Dubayda görüşü olub. Bu faktlar nə dərəcədə qanunvericiliyə zidd ola bilər?
- Birinci bunu xüsusi olaraq qeyd edim ki, İranın Mədəniyyət və Turizm nazirliyi ABŞ-ın Nyu-York Asiya Assosiasiyasını İrana dəvət edir və bu təşkilatın işi ümumiyyətlə mədəniyyətlə bağlıdır. Həmin assosiasiya heyətinin Tehrana səfərində Ehsani onlarla tanış olub və onlar Ehsanini ABŞ-a dəvət ediblər. Bu çox təbiidir. Ehsaninin ABŞ-da olduğu zaman sırf öz fəaliyyətləri çərçivəsində addım atıb. Dubaya gəldikdə isə, İrandan ABŞ-a səfər edənlər Dubaydan viza alırlar və təbiidir ki, konsulluqda ABŞ rəsmlərilə də görüşə bilərmiş, lakin, o şəxslərin xəfiyyə məmur olduqlarını bilmirmiş. Dubaydakı şəxslərin birisi ilə görüşündə Baskervil-in həyatı haqda sənədli kino çəkmək haqda danışıblar.

- Baskervil dedikdə, həmən Məşrutə inqilabı zamanı Təbrizdə həlak olan ABŞ vətəndaşını (Howard Conklin Baskerville) nəzərdə tutursuz?
- Bəli, o məşhurdur. Təbriizdə olduğu zaman təbrizlilərin mədəniyyəti sevib, məşrutəçilərə qoşulub və mübarizə edib. Həmən şəxsin heykəli hələ də Təbrizin Məşrutə evində dayanır.

- Məhkəmə onun etiraflarını xüsusi vurğulayaraq üç il həbs cəzası verib. Ehsani nəyi etiraf etmişdi?
- Ehsani aylarla təcridxanada saxlanılıb, ona qarşı təzyiqlər və mənəvi repressiyalar olduğu ucbatından, yalan etiraf vermək məcburiyyətində olub, hansı ki, məhkəmədə etiraflarını geri götürmüşdü. Onu vəkil müdafiəsiz aylarla istintaq ediblər. Bu vəziyyətdən qurtulmaq üçün, belə qərara gəlib ki, yalan da olsa etiraf etsin. Lakin, etirafları onun əqidələri haqda olub, yoxsa xarici ölkələrə casusluq haqda heç vaxt etiraf etməyib. Problem burdadır ki, onu məcbur ediblər ki o zaman məhkəmənin təşəbbüsü ilə vəkil müdafiəçisi seçsin, əslində, ona məhkəmənin özü vəkil tutub. Vəkil də ondan heç müdafiə etməyib. Məhkəmə çox rahatlıqla ona üç il həbs cəzası verib və Apellassiya məhkəməsi də həmən cəzanı təsdiq edib.
XS
SM
MD
LG