Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:29

«Tək beynəlxalq təşkilatlardan yox, cəmiyyətdən də fəallıq tələb olunur»


ATƏT-in media azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti
ATƏT-in media azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti
ATƏT-in media azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti AzadlıqRadiosuna məxsusi müsahibə verib

- Cənab Haraşti, buna qədər də siz bir neçə dəfə Azərbaycan hökumətinə çağırışlar etmisiniz ki, ölkədə söz azadlığına şərait yaradılsın. Sizcə, hökumət doğrudan da belə bir azadlığın olmasını istəyirmi, buna dair siyasi iradə varmı?

- Mən hökumətin siyasi istəyini beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirmək barədə görürəm. Amma onlar çox yaxşı bilirlər ki, ATƏT də daxil olmaqla beynəlxalq təşkilatlar qarşısında götürülmüş öhdəliklər daha çox şey tələb edir. Hökumət xəbərdardır ki, beynəlxalq təşkilatlar vəziyyətin yaxşılaşmasını istəyirlər. Azərbaycanda isə vəziyyət yaxşı deyil. Biz situasiyanın düzəlməsi üçün daha çox siyasi iradənin olmasını istəyirik. Hökumətdə beynəlxalq təşkilatlarla əməkdaşlıq istəyi olduğu üçün hesab edirəm ki, hələ də təkmilləşmə üçün imkan var.

- Cənab Haraşti, siz bu səfəriniz çərçivəsində prezidentlə görüşmədiniz. İlham Əliyevlə görüş üçün müraciət etmişdinizmi?

- Mən görüşlər üçün Prezident Administrasiyasına və Xarici İşlər Nazirliyinə müraciət etmişdim. Nazirin müavini Mahmud Məmmədquliyev və Administrasiyanın şöbə müdiri Əli Həsənovla görüş mümkün oldu. Əlbəttə, prezident və nazirlə görüşə şad olardım, amma bu alınmadı.

- Bizim cəmiyyətdə belə bir fikir var ki, beynəlxalq təşkilatların hüquq pozuntularına reaksiyası bəyanat səviyyəsindən o yana keçmir. Cənab Haraşti, bəyanat verməkdən başqa nə etmək olar?

- Hesab edirəm ki, beynəlxalq təşkilatlar bu məsələləri qaldırmaqla öz vəzifəsini yerinə yetirmiş olur. Bu qurumların rolu ondan ibarətdir ki, problemin mövcudluğu barədə məlumat versinlər, öz tövsiyələrini təqdim etsinlər. Bu o demək deyil ki, hansısa problem mövcuddursa və davamlı olaraq təkrarlanırsa, beynəlxalq təşkilatlar buna görə hökumətlə əlaqələrini kəsməlidirlər. Məsələnin həlli beynəlxalq təşkilatlardan asılı deyil, hətta deyərdim ki, heç hökumətdən də tam asılı deyil. Yaxşılaşma Azərbaycan xalqından asılı məsələdir. Biz Azərbaycan xalqına xidmət etməkdən ötrü buradayıq. Əlbəttə, vəziyyətin bu şəkildə olması bizi üzür, amma hətta bu təəssüfə baxmayaraq demək olmaz ki, beynəlxalq təşkilatlar hətta mətbuat azadlığının olmamasına görə Azərbaycan hökuməti ilə öz əlaqələrini kəsməlidir.

- Bir müddət əvvəl müsahibələrinizdən birində demişdiz ki, Azərbaycanda söz azadlığı ölür. Hələ də bu fikirdə qalırsızmı?

- Azərbaycanda media azadlığı böyük təhlükə altındadır. Hökumət tərəfindən təxirəsalınmaz tədbirlərə ehtiyac var. Bu gün Azərbaycanda məlumat mənbələri sıxışdırılır, xüsusilə də televiziya. Televiziya isə əhalinin əsas məlumat mənbəyidir. Bu sahədə plüralizm olmalıdır. Jurnalistlərə qarşı təqiblər və onların bəzilərinin həbs edilməsi başqa jurnalistlərə də mesaj göndərir, onları söz azadlığından istifadə etməkdən çəkindirir.

- Bəs tendensiya necədir, sizcə, vəziyyət pisləşir, ya yaxşılaşır?

- Mənim rəsmilərə təqdim etdiyim problemlərin siyahısı göstərir ki, söz azadlığının vəziyyəti yaxşılaşmayıb. Odur ki, təcili addımlar atılmalıdır. Amma bu, təkcə hökumətdən və beynəlxalq təşkilatlardan yox, həm də vətəndaş cəmiyyətindən, jurnalistlərin özündən davamlı olaraq cəsarət göstərmək tələb edir.
XS
SM
MD
LG