Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:55

«Ərimi haqqını tələb etdiyi üçün dəlixanaya salıblar»


Məhəmməd Qurbanov

Vasif Talıbova şikayət məktubu yazan 57 yaşlı Naxçıvan şəhər sakini, 2-ci qrup əlil Məhəmməd Qurbanov psixi xəstəliklər dispanserinə salınıb.

Məhəmməd Qurbanovun həyat yoldaşı Fəridə İsmayılovanın AzadlıqRadiosuna verdiyi məlumata görə, bu günə kimi ərinin ciddi əsəbiləşdiyinin şahidi olmayıb. Xanımı düşünür ki, indi ona dəli adı verib dispanserə salmalarının əsas səbəbi haqqını tələb etməsidir:

- 35 ilə yaxındır ki, evliyik. Məhəmməd dəli deyil, xəstə deyil, indiyə kimi heç bir əsəb xəstəliyi olmayıb. Qonşulardan da soruşsanız deyərlər ki, onun kimi sakit, yaxşı adam yoxdur. Ona haqqını tələb etdiyi üçün dəli adını qoyublar.

Bir neçə il əvvələ kimi M.Qurbanov mühasib, qaraj rəisi, xəzinədar kimi məsuliyyətli vəzifələrdə çalışsa da, dünyadakı iqtisadi böhran onun da işlədiyi idarədən ixtisara salınmasına səbəb olub. İşsiz qaldığından ailəsini dolandırmaq üçün kiçik ticarətlə məşğul olmağa başlayıb. Daha doğrusu, Türkiyənin Naxçıvana yaxın ərazisi olan İğdır vilayətindən şampun, sabun və digər xırdavat əşyaları gətirib qapı-qapı satıb.

ŞİKAYƏT MƏKTUBUNDAN SONRA PSİXİ XƏSTƏXANAYA

Fəridə İsmayılovanın dediyinə görə, həyat yoldaşının son səfərində «Dilucu-Sədərək» gömrük keçid məntəqəsinin Naxçıvan hissəsində ondan gətirdiyi mallara görə çəkisindən artıq pul tələb edilib.
Fəridə İsmayılova
M.Qurbanov tərəzidəki çəkiyə görə rüsum ödəyəcəyini israr etdikdə, malları müsadirə olunaraq anbara vurulub. Özünün də Türkiyəyə keçməsinə qadağa qoyulub. Elə qalmaqal da bundan sonra başlayıb.

Məhəmməd Qurbanov mallarının anbara vurulmasını qanunsuz hesab edərək Naxçıvanın Gömrük Komitəsi ilə yanaşı Ali Məclisin sədri Vasif Talıbova da şikayət məktubu yazıb. Şikayət məktubundan iki gün sonra isə M.Qurbanov Naxçıvan Daxili İşlər Nazirliyinin əməkdaşlarının müşayiəti ilə nazirliyə aparılıb. Bir neçə saat sonra ailəsi onun psixi xəstəliklər dispanserində olduğu xəbərini alıb. Lakin indiyədək ailəsinin onunla görüşünə icazə verilməyib. Buna səbəb kimi də M.Qurbanovun polis tərəfindən dispanserə gətirilməsi göstərilir.

Sentyabrın 13-də biz M.Qurbanovun dispanserdə olmasının şahidi olduq. Bizim onunla görüşməmizə icazə verməsələr də, Qurbanov saxlandığı otağın pəncərəsindən fürsət tapıb bizə bildirdi ki, ondan işgəncə altında xəstə olması barədə ifadə alıblar.

MƏHƏMMƏD QURBANOVUN MALLARI MƏHV EDİLİB

Məsələyə aydınlıq gətirmək üçün Naxçıvan Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Muxtar Respublikanın Gömrük Komitəsindən isə M.Qurbanovun mallarının müsadirə olunmasını təsdiqlədilər. Oradan bildirildi ki, adıçəkilən şəxs tərəfindən Türkiyədən gətirilən malların müşayiət sənədləri olmadığından mallar saxlanılıb və üç gün müddətinə sənədlərinin çatdırılması tələb edilib. Həmin sənədlər vaxtında çatdırılmadığından mallar müsadirə olunaraq məhv edilib.
XS
SM
MD
LG