Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:54

Ramiz Mehdiyev telekanallar haqda


Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev
«Azərbaycan»: Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev «Azərbaycanın efir məkanı: problemlər və vəzifələr» sərlövhəli məqalə yazıb. Məqalədə televiziyaların fəaliyyəti və proqramları təhlil olunur, keyfiyyətsiz şou biznes verilişləri tənqid edilir.

«…İstər inkişaf etmiş Qərb ölkələrində, istərsə də Azərbaycanda mətbuatın özünütənzimləmə mexanizminin formalaşması, elektron KİV sahəsində dövlətin tənzimləyici funksiyasının həyata keçirilməsi zərurətə çevrilmişdir. Son dövrlər Azərbaycanın televiziya və radio kanallarının fəaliyyətində nöqsan və çatışmazlıqların artması bu məsələnin ictimai müzakirəyə çıxarılmasına, vəziyyətdən çıxış yollarının axtarılmasına, problemlərin aradan qaldırılması üçün əməli tədbirlərin həyata keçirilməsinə zəmin yaratmışdır.

…Azərbaycan televiziya və radio kanallarının monitorinqi göstərir ki, maarifləndirici, məlumatlandırıcı və əyləncə funksiyaları arasında ciddi disbalans yaranmış, peşəkarlıq, yaradıcılıq, yeniliklərin tətbiqi, milli-mənəvi dəyərlərin qorunması kimi məsələlər teleradio rəhbərlərini o qədər də maraqlandırmır.

…Göründüyü kimi, özəl teleradio qurumları bir qayda olaraq biznes fəaliyyəti göstərir və daha çox gəlir əldə etmək məqsədi güdürlər. Halbuki özəl medianın əsas məqsədi reytinqini yüksəltmək, sağlam rəqabət mühitində lider mövqe əldə etmək və fəaliyyətini davam etdirmək üçün maliyyə imkanlarını da gücləndirməkdir. Son illər dünyada kinoindustriya, şou-biznesin güclü inkişafı telekanalların proqram siyasətinə ciddi təsir göstərir. Şou-biznes sahəsində çalışan şəxslər daha tez məşhurlaşırlar. Televiziya kanalları həmin təbəqəni cəlb etmək üçün ciddi rəqabət aparırlar. Bu, aktyor və müğənnilər, şou-biznes nümayəndələrinin də maraqlarına uyğundur, onların imiclərini yüksəltməyə, daha çox reklam olunmağa ehtiyacları var. Deməli, qarşılıqlı maraq şou-biznesin ekranlara ayaq açmasına və daha çox efir vaxtı zəbt etməsinə şərait yaradır. Eyni zamanda, şou-biznesin parlaq nümayəndələri ilə yanaşı, istedadsız, lakin bu sferada populyarlaşmaq istəyən və reklama ciddi ehtiyacı olan şəxslər teleefirə can atır və onların bir qismi müxtəlif vasitələrlə istəklərinə nail olurlar. Təbii istedadları, peşəkarlığı olmayan belə şəxslər daha çox bayağılıq, açıq-saçıq danışıq və geyim tərzi ilə özlərini tanıtdırmaq istəyirlər. Bu, Azərbaycan telekanallarında özünü qabarıq şəkildə büruzə verən problemlərdən biridir. Nəticə etibarilə efirdə ictimai tələbat olmayan keyfiyyətsiz şou-biznes verilişlərinin sayı artır».

«Azadlıq»: Bakı növbəti dəfə susuz qalıb. Artıq üç gündür ki, paytaxtın bir çox yerlərində, suyun verilməsi dayandırılıb. Bəzi yerlərdə isə dünəndən su problemi yaranıb. Bu da əhalidə ciddi narahatçılığa səbəb olub. Qeyd edək ki, suyun dayandırılacağı ilə bağlı əhaliyə xəbərdarlıq edilməyib. Yaranmış problemə səbəb nədir və suyun verilməsi nə vaxt bərpa olunacaq?

“Azərsu” SC-nin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aqşin Rüstəmov problemə səbəb kimi ölkə ərazisində güclü yağışlardan sonra çaylardakı daşqını göstərdi:

“Respublika ərazisində baş vermiş güclü leysan nəticəsində Kür çayına axan bütün dağ çaylarında sellər müşahidə olunmuşdu. Bunun da nəticəsində Kür çayında bulanıqlıq kəskin şəkildə artmışdı. Bu da sutəmizləyici qurğularda müəyyən çətinliklər yaratmışdı. Ona görə də Bakının bəzi rayonlarında suyun verilməsi qismən məhdudlaşdırıldı”.

A.Rüstəmov günün sonuna qədər suyun verilməsinin bərpa olunacağını dedi: “Bu gün (dünən) günün axırına qədər bərpa olunar. Bunun üçün çalışırıq. Bizdə hansısa avadanlıq xarab olmayıb. Suyun kəsilməsinə səbəb təbii hadisədir. Onunla bağlı məcbur olduq suyun verilməsinə məhdudiyyət qoyaq”.

«Bizim Yol»: Türkmənistan Xəzərdə mübahisəli yataqların işlənməsini qanunsuz hesab edir. Bunu oktyabrın 1-də Aşqabadda keçirdiyi mətbuat konfransında Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov deyib.

Q.Berdiməhəmmədov beynəlxalq hüquq normalarına uyğun qərar qəbul edilməmiş Azərbaycanın Xəzərdəki mübahisəli yataqlarda karbohidrogen xammalı çıxarmasını pisləyib.
Türkmənistan və Azərbaycan arasında fikir ayrılığı “Sərdar” (Azərbaycan versiyasında “Kəpəz”), “Ömər” (“Azəri”) və “Osman” (“Çıraq”) yataqları ilə bağlıdır. Ölkələr arasındakı mübahisə Xəzərin hüquqi statusu üzrə konvensiya hazırlanmasına maneə yaradır ki, bu da dənizdə resursların mənimsənməsini çətinləşdirir.

Q.Berdiməhəmmədovun sözlərinə görə, Xəzəryanı ölkələr dənizin orta xəttinin konkret coğrafi koordinatlarda müəyyən edilməsi üzrə birgə, qarşılıqlı səmərəli qərar qəbul edə bilməsələr, Xəzərin hüquqi statusunun müəyyən edilməsi, onun resurslarının mənimsənməsi və mühafizəsi, gəmiçiliyin inkişafı və s. mühüm məsələlərin həlli mümkün olmayacaq.
XS
SM
MD
LG