Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:23

«Danışıqlar olduqca önəmli mərhələdədir»


Dennis Sammut
Dennis Sammut
Böyük Britaniyadakı LINKS qeyri-hökumət təşkilatı Azərbaycan və Ermənistandan olan qeyri-hökumət təşkilatları arasında görüşlər təşkil edərək Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edir.

Təşkilatın icraçı direktoru Dennis Sammut AzadliqRadiosunun müxbiri ilə söhbətində sülh razılaşmasını hər iki ölkədə adamların necə qəbul edə biləcəyi, hər iki tərəfdə bu danışıqları aparan hakimiyyətlərin qeyri-demokratik xarakterinin prosesə təsiri barədə sualları cavablandırıb.


- Qarabağ münaqişəsinin həlli yönündə LINKS konkret olaraq nə iş görür?

- Son beş ildə LINKS qeyri-hökumət təşkilatlarının Konsorsium Təşəbbüsü koalisiyasına cəlb olunub. Bu təşəbbüsün məqsədi Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dəstək verməkdir.

Biz Azərbaycanda, Ermənistanda və Qarabağda qeyri-hökumət təşkilatları, media, parlament üzvləri, siyasi partiyalarla və məcburi köçkünlərlə bir sıra layihələr həyata keçirmişik. Biz həmçinin münaqişənin həll üçün danışıqlara vasitəçilik edən Minsk Qrupunun işinin şəffaf olmasına çalışmışıq.

Bu danışıqlar əlbəttə gizli aparılmalıdır. Amma biz hiss edirik ki, xalqlar da nə baş verdiyi haqqında məlumatlı olmalıdır. Biz həmsədrlərlə işlədik, onlara izah etdik ki, vətəndaş cəmiyyəti institutları ilə işə açıq olmalı, onların suallarına cavab verməlidirlər.

- Azərbaycanla Ermənistan arasında xalq diplomatiyasının indiki vəziyyətinə baxışınız necədir? Biz münaqişənin həlli ilə üz-üzəyikmi?


- Mən münaqişənin artıq həll olunduğunu deməzdim. Danışıqlar olduqca önəmli mərhələdədir. Hər tərəf də öz mövqelərini möhkəm saxlamağa çalışır. Bu da təbiidir.

Biz adamları qarşı tərəfin təmsilçiləri ilə görüşməyə məcbur edə bilmərik. Biz sadəcə şəraiti yaradırıq, müzakirədə iştirak edib-etməmək onların öz işləridir.

Mən sizi əmin edə bilərəm ki, bu iş davam edir. Müxtəlif formatlarda, forumlarda görüşlər gedir. Bu, birtərəfli deyil, müxtəlif tərkiblərdə görüşlər gedir.

- Həm Azərbaycanda, həm də Ermənistanda hakimiyyətdə liberal demokratlar deyil. Onların bu sistemləri danışıqlara necə təsir edir?

- Qarabağ məsələsində sülh razılaşması əldə olunsa, bunu öz xalqlarına necə izah etmək hakimiyyətlərin öz işləridir. Açıq desək, mən onların bu izah işlərini görə biləcəklərinə şübhə etmirəm. Vaxtı gələndə onlar bu işi görəcəklər. İndi danışıqlar aparmağın vaxtıdır.

Nələrisə razılaşdırmaq asan olsaydı, indiyə qədər çoxdan razılaşdırılmışdı. İndi müzakirə olunan məsələlər olduqca çətin problemlərdir. Amma ümid edirəm ki, hər iki hakimiyyət onların məntiqi həlli üçün siyasi iradə nümayiş etdirəcəklər. Və Madrid prinsipləri çərçivəsində danışıqların növbəti fazasına keçmək mümkün olacaq.

Açıq desək, indi baş verənlər birbaşa sülhün əldə edilməsi demək deyil. Bu, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinin başlanğıcıdır. Yəni bizim finişə yolumuz hələ çoxdur, amma mən ora çatacağımıza əminəm.

- Həm azərbaycanlıların, həm də ermənilərin daha rahat qəbul edə biləcəyi bir sülh variantı varmı?

- Xalq bir az mücərrəd məfhumdur. Sülh variantını qəbul edən adamlar da olacaq, etməyənlər də. Hər iki cəmiyyətdə onun lehinə və əleyhinə debatlar olacaq. Bu, bütün sülh proseslərində mümkün ola biləcək normal bir haldır.

Qarabağ kimi illərlə davam edən və çox adamların həlak olduğu, yaralandığı münaqişələrdə insanların sülh şərtlərini heç bir emosiya olmadan qəbul edəcəklərini gözləmək olmaz.

Yəni biz hər hansı sülh razılaşmasının əleyhinə olan adamları ittiham etməməliyik. Bütün məsələləri onlarla müzakirə etmək lazımdır. Konsorsium Təşəbbüsləri də qarşıdakı illərdə bu işi görmək istəyir. Amma hər halda, biz rəsmi danışıqlardan asılıyıq, bizim rolumuz yalnız onu müdafiə etməkdir.

- İlkin məlumata görə, prezidentlər oktyabr ayında yenə görüşə bilərlər. Bu, son bir ildə onların yeddinci görüşləri ola bilər. Nə gözləmək olar?


- Suala aydın cavab vermək mümkün deyil. Çünki görüşlər arasında çox şey baş verə bilər. Hazırda regionda çox gərgin diplomatik hərəkətlər var. Bölgədəki bir yığın problemin həlli çoxdan gözlənilir. Amma onların arasında hələ də ciddi müzakirələr tələb edən məsələlər var.

Məncə, müzakirələrdən konkret işlərə keçməyin vaxtıdır. 15 ildir ki, Azərbaycan və Ermənistan xalqları, xüsusilə də münaqişədən birbaşa ziyan çəkən məcburi köçkünlər kiçik bir hərəkət belə, görmürlər. Bir nəfər də olsa, köçkün evinə qayıtmayıb, bir qarış torpaq geri qaytarılmayıb.

İndi biz elə mərhələyə qədər qoyuruq ki, adamlar nələrinsə dəyişdiyini görməyə başlayacaqlar.

Hər hansı dəyişikliyin olub-olmayacağı həm də sülh prosesi üçün də bir sınaqdır.
XS
SM
MD
LG