Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:21

Bu gedişlə neftin pulu 2016-cı ildə tükənəcək


10 ildə Neft Fonduna 25 milyard dollardan artıq vəsait daxil olub
10 ildə Neft Fonduna 25 milyard dollardan artıq vəsait daxil olub
Azərbaycan vətəndaşı ölkənin sərvəti hesab olunan neft haqqında nə bilir? Bilirmi ki, bu 15 il ərzində neftdən nə qədər pul gəlib? Bu pullar hara gedib, nəyə xərclənib? Neft Fondundan xərclənən pullar doğrudanmı Azərbaycanın gələcəyinə sərmayə kimi qoyulub? Avropada bu cür məlumatların açıqlıq dərəcəsi nə yerdədir?

«İnternyus-Azərbaycan» təşkilatı və AzadlıqRadiosunun birgə layihəsi olan «Hər kəsin haqqı var» verilişinin növbəti buraxılışında bu mövzu araşdırılıb.

JURNALİSTLƏR DƏ NEFTLƏ BAĞLI İSTƏDİYİ MƏLUMATI ALA BİLMİR

Bu mövzuda xəbər və araşdırma hazırlayan KİV nümayəndələrinin rəsmi qurumlardan informasiya alması mürəkkəb bir məsələdir.

Bunu «Mədən Sənayesində Şəffaflığın Artırılması» Koalisiyasının informasiya xidmətinin rəhbəri Nicat Dağlar deyir.

«Neft şirkətinin əldə etdiyi gəlirlər, xərclər barədə statistik rəqəmləri əldə etmək üçün müxtəlif instansiyalara müraciət edirik. Sorğular göndəririk, faks, e-mail ünvanlarına məktub yazırıq. Daşdan səs çıxır, amma Dövlət Neft Şirkətindən səs çıxmır».

NORVEÇDƏ NEFT ŞİRKƏTİ İŞÇİLƏRİNİN MAAŞLARI DA DƏRC OLUNUR

Avropada əsas neft ölkəsi olan Norveçdə isə hər kəs neft sərvətindən istifadə edir. Bu ölkədə neft gəlirlərinə aid olan bütün rəqəmlər şəffafdır və mütəmadi olaraq açıqlanır, mətbuatda çap olunur. Vətəndaşlar istədikləri vaxt neft şirkətlərinin nə qədər vergi ödədiyini, büdcəyə onların fəaliyyətindən nə qədər pul daxil olduğunu bilirlər. Norveçdə təkcə neft hasil edən şirkətlərin deyil, hətta onların rəhbər işçilərinin, top menecerlərinin maaşları çap edilir. Bu informasiyaları istənilən vaxt İnternetdən tapmaq mümkündür.

Norveçin Neft Fondu hər il hər bir Norveç sakininə zərfdə məlumat yollayır. Burada həmin şəxsin Fonddakı hesabına neft satışından nə qədər vəsait köçdüyü haqqında ətraflı hesabat olur. Fondda rüblük və illik hesabatlar hazırlanır və dərhal da ictimaiyyətə açıqlanır. Nəhayət, Fondun fəaliyyəti təkcə öz ölkəsi deyil, həm də xarici vətəndaşlar üçün şəffafdır.

GƏLİRLƏRİN NECƏ XƏRCLƏNMƏSİ SİRR KİMİ SAXLANILIR

Himayət Rizvanqızı
«Himayədar» Humanitar Tərəqqi İctimai Birliyinin rəhbəri Himayət Rizvanqızı deyir ki, Azərbaycanda bu vəziyyətin tam əksini seyr etmək olar:

«Bizim təşkilat 2003-cü ildən etibarən monitorinqlər keçirir, amma neft gəlirlərini xərcləyən heç bir dövlət qurumu ilə əməkdaşlıq edə bilmirik. Hətta bir dəfə «QaçqınKom» bizə rəsmən cavab yazdı ki, bunun üçün hökumətə müraciət edin. Neft Şirkəti isə heç cavab da vermir».

AZƏRBAYCAN NEFTDƏN NƏ GÖZLƏYİRDİ, NƏ QAZANIB?

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu deyir ki, Azərbaycanın əsas gəliri neftdəndir, özü də bu gəlir son dövrlər artmaqdadır:

«Azərbaycan 13 il neft müqavilələrindən əldə olunan mənfəət neftinin yalnız 30 faizinə sahib olub, qalan 70 faiz isə şirkətlərə məxsus olub. Ötən ildən isə Azərbaycanın payı əvvəlcə 55, daha sonra isə 80 faizə qalxıb. Yəni, bu o deməkdir ki, Azərbaycan son dövrlər başlayıb mənfəət neftindən pay götürməyə».

ÜMİDLƏR DOĞRULMUR

«Güzəran» Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimli 15 il əvvəl imzalanan neft müqavilələrinin gözlənilən nəticəni vermədiyini deyir:

«Neft pulları elə layihələrə xərclənir ki, həmin vəsaitlərin tam olaraq o layihələrə xərcləndiyinə şübhə edirsən. Bundan başqa, vətəndaş cəmiyyətləri də bu məlumatları əldə etməkdə çətinlik çəkir və ya ümumiyyətlə, həmin məlumatlar gizli saxlanılır. Neft pulları fonunda şəffaflıq günü-gündən azalır».

BELƏ XƏRCLƏRLƏ 2016-CI İLƏ NEFTİN PULU TÜKƏNƏCƏK

Himayət Rizvanqızı da neft xərclərinin lazımsız yerlərə xərcləndiyini bildirir:

«Düzdür, bizə körpü lazımdır, amma körpünün mərmərdən olması lazım deyil. Çünki pul qurtaranda o mərməri söküb yeyəsi deyilik. Bu cür xərcləməklə 2016-cı ildə Neft Fondunun vəsaitləri tükənəcək».

NEFT FONDU NƏ DEYİR

Neft Fondunun mətbuat xidmətinin rəhbəri Cəmalə Əliyeva deyir ki, 10 ildə Fonda 25 milyard dollardan artıq vəsait daxil olub. Bu vəsaitin bir hissəsi gələcək nəsillər üçün toplanıb saxlanılıb, bir hissəsi isə mühüm sosial proyektlərə, bəzi problemlərin həllinə yönəldilib. Hazırda Fonddakı aktivlərin ümumi həcmi 13 milyard dollardan artıqdır.

Cəmalə Əliyeva deyir ki, Fond neft pullarının xərclənməsi barədə mütəmadi olaraq məlumatlar açıqlayır:

«Neft Fondu şəffaflıq məsələlərinə diqqətlə yanaşır, açıqlanması zəruri olan sənədlər daim internetdə yerləşdirilir. Hər rüb Fondun icraçı direktoru mətbuat konfransı keçirib jurnalistləri maraqlandıran suallara cavab verir»…
XS
SM
MD
LG