Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:01

Gələn ilin pulları necə bölüşdürüldü?


2010-cu ilin büdcə gəlirləri 10.015 milyard manat proqnozlaşdırılıb ki, bu da 2009-cu illə müqayisədə 18 faiz azdır
2010-cu ilin büdcə gəlirləri 10.015 milyard manat proqnozlaşdırılıb ki, bu da 2009-cu illə müqayisədə 18 faiz azdır
Bu il olduğu kimi, gələn il də Azərbaycanın dövlət büdcəsinin təqribən yarısı neft pulları hesabına formalaşacaq. 2010-cu il üçün büdcə layihəsində deyilir ki, Neft Fondundan dövlət büdcəsinə 4 milyard 915 milyon manat yönəldiləcək.

İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu bildirir ki, gələn il də büdcənin xərclər hissəsinin prioritetləri bu cür olacaq - investisiya, təhsil və müdafiə.

Şəffaflığı tez-tez sual altına alınan investisiya xərcləri gələn il azaldılacaq, 3.5 milyard manat olacaq. Bu il həmin rəqəm 4.7 milyard manat idi.

MÜDAFİƏ XƏRCLƏRİ ARTMAYIB

Gələn ilin dövlət büdcəsində hüquq-mühafizə orqanlarının saxlanması üçün nəzərdə tutulan vəsait bu illə müqayisədə 108 milyon manat artırılıb və 707 milyon manata çatdırılıb.

Təhsil və səhiyyə xərcləri isə qismən azalıb. 2010-cu ildə təhsil xərci 1 milyard 276 milyon (2009-cu ildə 1 milyard 353 milyon manat idi), səhiyyə xərci isə 479 milyon manat (2009-cu ildə 508 milyon manat idi) olacaq.

Gələn il müdafiə xərclərində ciddi artım olmayacaq, hökumət bu sahəyə 1 milyard 205 milyon manat ayırır.

GƏLƏN İL PENSİYA ARTIMI GÖZLƏNİLMİR

İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu hesab edir ki, gələn il pensiyaların artımı gözlənilmir, çünki sosial müdafiə xərcləri artırılmayıb:

«Prezidentin Ehtiyat Fondu (2010-cu ildə 160 milyon manat) və büdcənin ehtiyat fondu (2010-cu ildə 100 milyon manat) azaldılıb və bu da yaxşı haldır».

BÜDCƏ KƏSİRİ TARİX YAZIB

«İqtisadi Forum» jurnalı İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin ekspertlərinə istinadla yazır ki, 2010-cu ildə büdcə kəsiri də əvvəlki illə müqayisədə 7 dəfə artaraq tarixində ilk dəfə 1 milyard 249 milyon manata çatacaq. 2009-cu ildə büdcə kəsiri 178 milyon manat olub.

Büdcə xərcləri növbəti ildə 11 milyard 264 milyon manat proqnozlaşdırılıb. 2009-cu illə müqayisədə büdcə xərcləri 8.8 faiz və ya təqribən 1 milyard manat azalıb.

2010-cu ilin büdcə gəlirləri 10.015 milyard manat proqnozlaşdırılıb ki, bu da 2009-cu illə müqayisədə 18 faiz və ya 2.162 milyard manat azdır.

Gələn ilin dövlət büdcəsi müzakirə üçün parlamentə təqdim olunub.

Rəsmi dövlət qəzeti «Azərbaycan» oktyabrın 16-da 2010-cu ilin dövlət büdcəsi haqqında qanun layihəsini dərc edib.
XS
SM
MD
LG