Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:07

«Türkiyənin azmağı»


Əhmədinejad Tehranda Ərdoğanı salamlayır, 27 oktyabr 2009
Əhmədinejad Tehranda Ərdoğanı salamlayır, 27 oktyabr 2009
Təxminən 10 il əvvəl Türkiyə Suriyanı işğalla hədələyirdi, çünki Dəməşq PKK lideri Abdulla Ocalana sığınacaq vermişdi. «Biz Qolan təpələrinə çıxıb israillilərə «şalom» deyəcəyik», - indi bir türk qəzeti ölkənin o vaxtkı əhvalını belə xarakterizə edir. Yəni türklərin suriyalılara və israillilərə münasibəti eyni idi.

«ŞƏKSİZ DOSTLAR»

Zaman dəyişir, ölkələr də. Bu ayın əvvəlində Türkiyə çoxmillətli illik hava qüvvələri təlimini təxirə saldı, çünki İsrail bu məşqlərdə iştirak edəcəkdi. Baxmayaraq ki, tarixən Türkiyə və İsrail ordularının münasibətləri yaxın olub. Baş nazir Rəcəb Tayyib Ərdoğansa Britaniyanın «Guardian» qəzetinə müsahibəsində İran prezidenti Mahmud Əhmədinejad barədə belə deyib: «O, bizim şəksiz dostumuzdur».

İranda iyun seçkilərindən sonra Ərdoğan Əhmədinejadı ilk təbrik eləyənlərdən oldu, İranın nüvə proqramını «dinc və humanitar» adlandırdı. Suriyayla münasibətlərsə heç vaxt bundan isti olmayıb. İki ölkə hətta birgə hərbi təlimlər planlaşdırır.

«Wall Street Journal» yazır ki, millətlərə qonşularını seçmək üstünlüyü verilməyib. Türklərin də düşmən qonşular arasında qalmaq istəməməsini başa düşmək olar.

AKP NƏYİ DƏYİŞDİ?

Ancaq 2003-cü ildə Ərdoğan və onun islamçı AKP partiyası hakimiyyətə gələndən sonra Türkiyənin xarici siyasətində baş verənlər daha çox bu ölkənin strateji prioritetlərinin dəyişdiyini göstərir, heç də regionda gərginliyi azaltmaq cəhdinə oxşamır.

Məsələn, yanvarda Ərdoğan Davosda, Dünya İqtisadi Forumunda Şimon Peresi qınadı, İsrail prezidentini «yalançı» adlandırdı, Qəzzə müharibəsiylə bağlı dedi ki, «öldürməyə gələndə, öldürməyi yaxşı bilirsiz». Az sonra Ərdoğan Sudanın vitse- prezidenti Əli Osman Tahanın şərəfinə nahar verdi. Yəqin ki, bu naharda Darfurda baş verənlər barədə mühazirə olmadı.

Türkiyənin Yaxın Şərqdə münasibəti təkcə İsrailə qarşı dəyişməyib. Vaşinqtonda yerləşən Yaxın Şərq İnstitutunun təhlilçisi Soner Kagaptaya görə, «AKP-nin xarici siyasətində bütün müsəlman ölkələrinə rəğbət yoxdur. Partiya islamçı, anti-Qərb rejimlərlə - Qatar, Sudanla həmrəylik göstərir, Misir, İordaniya, Tunis kimi dünyəvi, Qərbyönlü müsəlman ölkələrinə fikir vermir». Fələstinlilərlə də belədir, cənab Ərdoğan dünyanı «Həmas»ı tanımağa çağırıb. Daha dünyəvi görüşlü prezident Mahmud Abbasla münasibət yaratmayıb.

QUYRUQDA YOX, BAŞDA OLMAQ

Başqa sözlə, Ərdoğanın İsrail əleyhinə çevrilməsi Türkiyə siyasətində daha böyük dəyişikliyi göstərir. Bu da ABŞ-ın maraqlarına elə də uyğun deyil. Dünyəvi müsəlman dövləti kimi, Türkiyə NATO-nun sütunu, ayrı-ayrı qonşularının siyasi radikalizminə (kommunist, baas, islamçı) qarşı səddi sayılır. Ola bilsin cənab Ərdoğan fikirləşir ki, Türkiyənin gələcəyi Qərb tərəfdaşının quyruğunda yox, müsəlman dünyasının başındadır.

Bu variantların hansısa birinin baş verməsi Avropanın Türkiyənin Birlik iddialarını nə qədər ertələməsindən asılıdır. Ümid etmək olar ki, uzun illər dünyəvilik, dözümlülük, azadlıq, Şərq-Qərb körpüsü olmaqla fəxr edən türklər bu dəyərləri qaranlıq şöhrətə satmayacaqlar.
XS
SM
MD
LG