Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:54

Emin və Adnana hökm oxundu


Emin 2 il 6 ay, Adnan isə 2 il azadlıqdan məhrum edildi
Noyabrın 11-də bloqqerlər Emin Milli və Adnan Hacızadənin məhkəmə prosesi davam edib.

Səbail Rayon Məhkəməsində baş tutan prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror Emin Millinin 3 il 6 ay, Adnan Hacızadənin isə 3 il müddətində azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra vəkillər və bloqqerlər çıxış edib.

Emin Millinin vəkili Elton Quliyev dövlət ittihamçısının dediklərini siyasi sifariş adlandırıb:

«Necə çıxış etməyimizdən asılı olmayaraq hesab edirik ki, bu kabinetlərdə çıxarılmış qərardır. Bu Emin Milli və Adnan Hacızadəni vuran adamların məsuliyyətdən azad edilməsidir. Heç kimin haqqında belə ağır cəza istənilməyib, bu, bir siyasi tapşırıqdır. Bununla gələcək nəslin gözünün qorxutmaq istəyirlər. Bu iki gənci kimlərsə dövlətçiliyə qarşı təhlükə hesab edir. Bu istedadlı gənclərdən istifadə etmək əvəzinə 3 il 6 həbsxanada gizlətmək istəyirlər ki, gənclərin gözü açılmasın. Azərbaycan məhkəmələri icra hakimiyyətindən asılıdır. Siz də cənab hakim, icra hakimlərindən asılısınız».

Adnan Hacızadənin vəkili İsaxan Aşurov deyib ki, hazırda beyinlə fiziki gücün mübarizəsi gedir (yazı videonun altında davam edir).

Bloqqerlərin məhkəməsindən görüntülər
Gözlə

No media source currently available

0:00 0:00:30 0:00
Direct-ə keçid

Məhkəmədən həvəskar kamera ilə çəkilən və AzadlıqRadiosuna dinləyicilərin göndərdiyi video.

Adnan Hacızadə çıxış edib: «Dünən gənclər günü idi, bizə hökm verilməsi gəncliyə hədiyyədir». O, Emin Millinin həyat yoldaşının Amerikanın nüfuzlu universitetlərindən birinin doktoranturasında oxuduğunu və himayəsində iki yaşlı şəxsin olduğunu nəzərə alıb onun azadlığa buraxılmasını istəyib.

Emin Milli də məhkəmədə son söz deyib: «Mən inandığım ideyalar uğrunda istənilən cəzanı çəkməyə hazıram». Bu sözlərdən sonra zal onu alqışlayıb, «Azadlıq» şüarları səsləndirilib. Məhkəmə nəzarətçiləri insanları sakitləşdirməyə çağırıblar.

Məhkəmə müşavirədən qayıdandan sonra hökmü elan edib – Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il azadlıqdan məhrum edilib.

Adnan Hacızadə və Emin Mİlli bu il iyulun 8-də «Livan» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.

MÖVZUYA MÜNASİBƏTİNİZİ FORUMDA BİLDİRƏ BİLƏRSİNİZ
XS
SM
MD
LG