Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:22

Tarixi binanın sökülməsi təhlükəsi ciddiləşir


Neftçilər pospekti 95\97 saylı bina
Neftçilər pospekti 95\97 saylı bina
«Qız Qalasının yanındakı tarixi binanın suyunu, qazını və işığını kəsiblər».

Bu fikir noyabrın 13-də Mətbuat Mərkəzində Tarix, Mədəni və Təbii İrsi Qoruma İctimai Nəzarət Komitəsinin Neftçilər pospekti 95\97 saylı binanın vəziyyəti ilə bağlı keçirdiyi tədbirdə səslənib.

Komitənin əlaqələndiricisi Aytəkin İmranova bu binanın 1885-ci ildə tikildiyini, tarix-mədəniyyət abidəsi sayıldığını və İçərişəhər qoruğunun ərazisinə daxil olduğunu bildirdi. O, binanın heç bir mütəxəssis rəyi olmadan «qəzalıdır» iddiası ilə sökülmə cəhdinin qanunlara zidd olduğunu diqqətə çatdırdı:

«Bütün qanunların maddələrini poza-poza Azneftdə 30-a qədər bina dağıdıldı. İndi bir balaca təkan, sel olsa, İçərişəhərin nə hala düşəcəyini təsəvvürünüzə gətirin. Çünki dağıdılan binaların yerində buldozerlər işlədi, tunel-tikinti texnikası cövlan elədi. Dövlət əhəmiyyətli tikinti deyə-deyə orda neçə ulduzlu otel tikdilər».

Binanın sakini Xanlar Bayramzadə isə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) şifahi göstərişi əsasında onları mənzillərindən çıxarmaq istədiklərini bildirdi. O, prezidentin ötən il imzaladığı fərmanla qoruq ərazisində olan abidələrin, o cümlədən yaşayış sahələrinin də qoruğun balansına daxil edildiyini xatırlatdı:

«Bəs elədirsə, Qoruq İdarəsi niyə susur? Niyə mövqeyini bildirmir? Mənim hüququm, şərəf və ləyaqətim alçaldılır».

Başqa bir sakin - Qurban Əliyev isə BŞİH və Səbail rayon İcra Hakimiyyəti rəsmiləri tərəfindən binadan çıxıb getmək təklifi aldıqlarını söylədi:

«Təzyiq üçün işığımızı, qazımızı, suyumuzu da kəsdilər. Sabah orda hasar görsəniz, təəccüblənməyin. Binada 13 ailə yaşayır. Mağazalar var, mənim dükanımda 10 min manatlıq mal var. İşıq da kəsilib. Mən nə etməliyəm?».

Qurban Əliyev noyabrın 12-i BŞİH-də olduqlarını, onlara hər kvadratmetr üçün 2500 ABŞ dolları təklif olunduğunu bildirdi. O, sakinlərin bu məbləğlə razılaşmadıqlarını bildirdi:

«Bu, mənim mülkiyyətimdir, əgər dövlətə lazımdırsa, gəlsin, ya mənə uyğun yer versin, ya da qanuna uyğun bazar qiymətini ödəsin».

Tarix, Mədəni və Təbii İrsi Qoruma İctimai Nəzarət Komitəsinin əlaqələndiricisi Aytəkin İmranova isə binanın qəzalı olmadığını bir daha vurğuladı:

«Necə olur ki, Elmi Bərpa İnstitutunun mütəxəssisləri onu qəzalı hesab etmirlər, tanınmış memar Şamil Fətullayev rəy yazır ki, fundamental binadır, ancaq binaya sökülmə göstərişi verilir? Azneftdəki başqa binalarda da eynən belə oldu. Fövqəladə Hallar Nazirliyinin bir aktı ilə darmadağın etdilər».

Aytəkin İmranova bunu bəhanə adlandırdı: «Dövlətin borcu öz tarix və mədəniyyətini qorumaqdır. Otel tikdirmək, yol genişləndirmək bəhanəsi ilə onu məhv etmək deyil! Burada söhbət şəxsi mənafelərdən, ambisiyalardan gedir, dövlətin mənafeyindən yox!».

İttiham olunan qurumların məsələyə münasibəti məlum deyil.
XS
SM
MD
LG