Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:02

Qafqazda korrupsiyaya görə ən pis vəziyyət Azərbaycandadır


«Transparency İnternational» beynəlxalq şəffaflıq təşkilatının noyabrın 17-də yayılan hesabatından dünya iqtisadiyyatının tədricən özünə gəldiyi və ölkələrin münaqişələrlə mübarizə apardığı bir vaxtda dünyanın heç bir ölkəsinin korrupsiyadan xali olmadığı görülür.

SİYAHIDA 180 ÖLKƏ VAR

Onların çoxu 10 ballıq şkaladan 5 balla qiymətləndirilib. 0 ən yüksək korrupsiya göstəricisidir. 10 bal isə korrupsiyanın olmadığı deməkdir.

Təşkilat ölkələr üzrə 13 müxtəlif ekspert və biznes müşahidələri məcmusundan çıxış edərək hesabatı hazırlayıb.

Qeyri-stabil, müharibə və münaqişələrin hökm sürdüyü ölkələr siyahıda ən çox korrupsiyalaşmış ölkələr sırasında yer alır. Bunlar Somali (1,1), Əfqanıstan (1,3), Myanma (1,4), Sudan və İraqdır (1,5). Bu nəticələr göstərir ki, ən çox korrupsiyalaşmış ölkələr uzun müddət münaqişələrdə əziyyət çəkən ölkələrdir. Bu ölkələrdə idarəçilik strukturu yox olmaq həddindədir. Cəzasızlıq mühiti isə dövlət əmlakının talanmasına şərait yaradır.

ƏN YAXŞI YERLƏR HANSI ÖLKƏLƏRƏ AİDDİR?

«Transparency İnternational» təşkilatının sədri Biqet Label deyir ki, korrupsiyanın qarşısını almaq üçün güclü məhkəmə, yaxşı formalaşdırılmış audit, antikorrupsiya orqanlarının mövcudluğu, qanunun işləməsi, gəlirlərin, ayrılan yardımların şəffaflığı, müstəqil media üçün məkan və enerjili mülki cəmiyyət lazımdır.

Ən yaxşı nəticələr isə Yeni Zellandiya (9,4), Sinqapur (9,2) və İsveçrəyə (9) aiddir. Bu həmin ölkələrdə siyasi sabitlikdən, ictimai institutlarını mövcudluğundan irəli gəlir.

Cənub-şərqi Avropa ölkələri və Mərkəzi Asiya ölkələrində korrupsiya ciddi problem olaraq qalır. Bu regiona daxil olan bütün ölkələr 5 baldan aşağı balla qiymətləndirilib. Bu da həmin ölkələrdə ciddi korrupsiya problemlərinin olduğunu göstərir.

Avropa Birliyi üzvlüyünə namizəd olan Türkiyə və Xorvatiya isə öz mövqelərini daha da yaxşılaşdırıblar. Hətta Avropa Birliyinin üzvü olan Bolqarıstan və Rumıniyadan daha yuxarı bal toplayıblar. Türkiyə 4,4, Xorvatiya 4,1. Bolqarıstan və Rumıniya isə 3,8 balla qiymətləndirilib.

POSTSOVET MƏKANDA ƏN YAXŞI YERİ QAZAXISTAN TUTUR

Sovet İttifaqının keçmiş ölkələr isə keçən ilə nisbətən bu il mövqelərini yaxşılaşdırıblar. Ən yaxşı yer Qazaxıstana (2,7) aiddir. Bu ölkənin antikorrupsiya səyləri, 2010-cu ildə ATƏT-ə sədrliyi həyata keçirəcəyi ilə əlaqələndirir. Qazaxıstan regionda ən güclü iqtisadiyyatı olan ölkədir. Ancaq burada da korrupsiya sistemli xarakter daşıyır. Korrupsiya daha çox məhkəmə, polis, gömrük sahələrindədir.

2008-ci ildə Rusiya ilə müharibədən qaynaqlanan daxili siyasi problemlərinə baxmayaraq Gürcüstanın korrupsiya göstəricisi 3,9 baldan 4,1 bala qədər yaxşılaşıb. Gürcülərin və beynəlxalq ictimaiyyətin belə bir ortaq fikri var ki, Gürcüstanda xırda rüşvət aradan qalxıb, ancaq yüksək səviyyədə və məhkəmə sistemindəki korrupsiya təcrübəsi hələ də qalmaqdadır. Rusiya da az da olsa vəziyyətini yaxşılaşdırıb, 2,1-dən 2,7-ə qalxıb. Bunun da daha çox parlamentin yeni qəbul etdiyi antikorrupsiya qanunvericiliyi ilə bağlı olduğu bildirilir.

AZƏRBAYCANDA VƏZİYYƏT NECƏDİR?

Azərbaycan korrupsiyanın səviyyəsinə görə 180 ölkə arasında 143-cü sıradadır. Beynəlxalq Şəffaflıq Təşkilatı qeyd edir ki, keçən ilə baxandan Azərbaycanda vəziyyət cüzi də olsa yaxşılaşıb. Azərbaycan keçən ilki 1.9 ballıq yerdən bu il 2.3 bala yüksəlib. Təşkilat ehtimal edir ki, bu, hökumətin biznes mühitini yaxşılaşdırmaq və korrupsiyaya qarşı mübarizə sahəsində qərarları ilə bağlı ola bilər.

Təşkilatı hesab edir ki, korrupsiyanın cəmiyyətin bütün sahələrinə yayıldığı bir şəraitdə hökumətin korrupsiya mövzusunu ictimai təşkilatlarla müzakirə etməyə razılaşması müsbət inkişafdır. Amma hökumət korrupsiya əleyhinə qanunların icrası sahəsində vəziyyəti yaxşılaşdırmalıdır.

Azərbaycan korrupsiya sahəsindəki vəziyyətə görə Qafqazdakı bütün qonşularından geridədir.

Ermənistan keçən ilə baxandan bir qədər geriləsə də yenə də Azərbaycandan yuxarıda – siyahının 120-ci pilləsində qərar tutub.
XS
SM
MD
LG