Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:37

İlham Əliyev: «Heydər Əliyev olsaydı torpaqlar işğal olunmazdı»


İlham Əliyev noyabrın 17-də Binəqədi rayonunda 369 məcburi köçkün ailəsi üçün inşa olunmuş yaşayış binasının açılış mərasimində iştirak edib
İlham Əliyev noyabrın 17-də Binəqədi rayonunda 369 məcburi köçkün ailəsi üçün inşa olunmuş yaşayış binasının açılış mərasimində iştirak edib
«Bu gün Azərbaycan qüdrətli dövlətdir. Bu gün kim bizim torpaqlarımızı işğal edə bilər? Heç kim! Əgər müharibə başlanan zaman Azərbaycanın rəhbərliyində ulu öndər Heydər Əliyev olsaydı, heç vaxt Azərbaycan torpaqları işğal altına düşməzdi. Ancaq bu oldu, bu işğal baş verdi. Bunu aradan qaldırmağın ya sülh yolu vardır, ya hərbi yolu. Başqa yol yoxdur. Ancaq biz daha bu prosesi uzada bilmərik».

Prezident İlham Əliyev bunu noyabrın 17-də Bakının Binəqədi rayonunda 369 məcburi köçkün ailəsi üçün inşa olunmuş yaşayış binasının istifadəyə verilməsi ilə bağlı mərasimdə çıxış edərkən bəyan edib.

«On beş ildir ki, atəşkəs rejimi bağlanıb. On beş il ərzində, daha doğrusu, ondan da əvvəl, 1992-ci ildə Minsk qrupu yaradılıb. Minsk qrupu fəaliyyət göstərir. Amma bu fəaliyyətin nəticəsi var? Yoxdur. Bu reallıqdır. Bizə deyirlər ki, siz dözün, danışıqlar aparın, ermənilər ilə danışın. Biz danışıqlar aparırıq və müəyyən irəliləyiş vardır. Onu da demək istəyirəm ki, artıq danışıqlar mövzusunda bütün torpaqlardan erməni qoşunlarının çıxarılması nəzərdə tutulur, bütün 7 rayondan. Eyni zamanda, azərbaycanlıların Dağlıq Qarabağa qaytarılması da artıq danışıqlar mövzusudur. Halbuki əvvəllər bu barədə heç söhbət də getmirdi. Yəni, bu bizə ümid verir. Bu bizim danışıqlarda iştirakımıza elə bil ki, əlavə stimul verir. Biz hesab edirik ki, hələ ümidlər vardır.
Artıq danışıqlar mövzusunda bütün torpaqlardan erməni qoşunlarının çıxarılması nəzərdə tutulur, bütün 7 rayondan
Amma bununla bərabər görürük ki, Ermənistan tərəfi vaxt uzatma taktikasını seçib, vaxt uzadır. Gah ortalığa yeni mövzular atılır, gah əvvəlcə razılaşdırılmış məsələyə yenidən baxmaq istəyirlər. Yəni bu nəyi göstərir? Biz indi bilirik bu taktika nədən ibarətdir. Vaxt uzatmaqdan. Vaxtı uzatmaq onlara heç nə vermir. Çünki onların əsas məqsədi torpaqlarımızda erməniləri məskunlaşdırmaqdır. Amma bunu etmək üçün onlarda canlı qüvvə yoxdur. Ermənistanın əhalisi azalıb. Bu gün orada real yaşayan insanların sayı 1 milyon 700 mindir. Getdikcə onlar təmas xəttini qoruya bilməyəcəklər. Çünki Azərbaycanın həm imkanları, gücü, həm də demoqrafik vəziyyət artır. Bizim əhalimizin sayı artıq 9 milyondur, 5-6 ildən sonra 10 milyon olacaqdır. Bu gün bizim iqtisadiyyatımız Ermənistan iqtisadiyyatından 7 dəfə böyükdür. Bir neçə ildən sonra bəlkə 13 dəfə, 15 dəfə böyük olacaqdır. Ermənistan bütün regional layihələrdən təcrid olunub. Demək olar ki, bir istisna ilə bütün qonşularla sərhədləri bağlıdır. Belə vəziyyətdə bu ölkənin yaşaması sual altındadır. O da həqiqətdir ki, öz hesabına yaşaya bilmir. Əgər bəzi ölkələr və bəzi maliyyə qurumları onlara bu il maliyyə yardımı göstərməsəydilər, tamamilə çökəcəkdi.

Ölkə xarici maliyyə dəstəyi hesabına uzun illər yaşaya bilməz, xüsusilə qonşularla ciddi problemi olan ölkə. Ona görə, bax bu amillərə - bizim iqtisadi gücümüzə, siyasi fəallığımıza, diplomatik sahədə, ordu quruculuğunda əldə edilmiş uğurlara və ümumiyyətlə perspektivə baxanda Ermənistan ilə Azərbaycan arasında uçurum getdikcə genişlənəcəkdir. Bütün bu amilləri təhlil edərkən biz hələ ki, yenə də danışıqlar yolunu seçirik.

Biz öz təzyiqimizi davam etdirəcəyik. Həm siyasi, həm iqtisadi, həm bütün başqa formalarda təzyiqimizi davam etdirəcəyik. Elə etməliyik ki, öz istəyimizə nail olaq. Bizim istəyimiz haqqın, ədalətin bərpasıdır. Bizim başqa ölkənin torpağında gözümüz yoxdur. Halbuki, bugünkü Ermənistan əzəli Azərbaycan torpaqlarında yaradılıbdır. İrəvan xanlığı, Zəngəzur mahalı bizim torpaqlarımızdır. Ancaq buna baxmayaraq, biz ölkələrin ərazi bütövlüyü prinsipini müdafiə edirik. Mən əminəm ki, biz istədiyimizə nail olacağıq. Ancaq mən istəyirəm ki, bu, tez olsun. Bunu etmək üçün çalışıram və çalışacağam».
XS
SM
MD
LG