Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:46

22 hakim beş jurnalistə qarşı


- Müzəffər müəllim, Eynulla Fətullayevin işi ilə bağlı qərar verəndə sizə yuxarıdan hansısa bir təzyiq olmuşdumu?

- Yox, mənə heç bir təzyiq–filan olmayıb...

- Ümumiyyətlə, çıxardığınız qərarlarla bağlı sizə ya rəhbərlikdən, ya da məmurlardan hansısa göstəriş gəlirmi?


- Xeyr, hakimə heç kim heç bir təzyiq göstərə bilməz.

Müzəffər Ağazadə
Həmsöhbətimiz Ali Məhkəmənin hakimi Müzəffər Ağazadə Sülh və Demokratiya İnstitutunun tərtib etdiyi qanunvericiliyi kobud surətdə pozan hakimlər siyahısında 26 hakimdən biridir.

Müzəffər Ağazadə 2008-ci ilin iyununda Apellyasiya Məhkəməsinin jurnalist Eynulla Fətullayevin azadlıqdan məhrum edilməsi haqda qərarını qüvvədə saxlayıb.

Sülh və Demokratiya İnstitutu hesab edir ki, Azərbaycanda müstəqil məhkəmə sistemi yoxdur və hakimlər icra hakimiyyətindən tam asılı vəziyyətdə, siyasi sifarişlə, korrupsiyaya əsaslanan qərarlar çıxarırlar.

Amma hakim Müzəffər Ağazadə öz adının bu siyahıda olması ilə razılaşmır:

«Mən ildə 200 işə baxıram, tutaq ki, bunun 1-i səhv oldu. Bir hala görə qərar çıxarmaq olmaz axı. Ölkədə kim səhv buraxmır ki?! Bəlkə Leyla Yunus özü səhv buraxmır?!».

Terrorla hədələmə ittihamı ilə üst-üstə səkkiz il yarım azadlıqdan məhrum edilmiş jurnalist Eynulla Fətullayevin atası Emin Fətullayev isə deyir ki, təkcə bu hakimin yox, ümumiyyətlə, bütün instansiyalarda oğlunun işinə baxan hakimlərin ədalətsizliyi onun ailəsinə zərbə vurdu:

«Eynullanın məhkəməsi gedən ərəfədə iki uşağı zorlamış adama altı il iş kəsdilər, amma Eynullaya bir məqaləyə görə səkkiz il yarım iş verdilər. Necə təsir edər adama?! Adamı infarkt vurar e...Bunlar hakim deyillər ki...
Leyla Yunus
Onlara nə tapşırırlar, onu da icra edirlər».

«ÖLKƏDƏ DƏRİN HÜQUQİ BÖHRAN VAR»


Sülh və Demokratiya İnstitutunun qanunu kobud surətdə pozan hakimlər siyahısında Müzəffər Ağazadə də daxil olmaqla 26 hakimin adı var. Bu hakimlərin 22-i ayrı–ayrı jurnalistlərin, bloqqerlərin həbsinə müxtəlif instansiyalarda qərar verənlərdir.

Siyahıya görə, qalan dörd hakim qanunsuz hökmlə vətəndaşı mülkiyyət hüququndan məhrum edib.

İnstitutun direktoru Leyla Yunus deyir ki, əslində, Azərbaycanda qanunu kobud surətdə pozan hakimlərin siyahısı daha genişdir və bütün hakimlərin sayına yaxındır:

«Amma əsasən iki problem üzrə - söz azadlığı və mülkiyyət hüququ üzrə məhkəmələrdə daimi olaraq ən kobud qanun pozuntuları baş verir. Ümumiyyətlə isə ölkədə dərin hüquqi böhran var».

Azərbaycanda indi üç jurnalist və iki bloqqer həbsdədir.

«İNDİYƏ KİMİ BİR HAKİM DƏ İSTEFA VERMƏYİBSƏ...»


Azərbaycan Hüquqşünaslar Assosiasiyasının prezidenti Ənnağı Hacıbəyli də Sülh və Demokratiya İnstitutunun siyahısı ilə razılaşır,
Ənnağı Hacıbəyli
deyir ki, ölkədə hüquq sistemində ciddi problemlər var, hakimlər müstəqil deyillər, problem yalnız hakimlərlə yox, sistemlə bağlıdır, siyasi hakimiyyət onları müstəqil olmağa qoymur. Amma Hacıbəyli əlavə edir ki, bu, ədalətsiz qərarların yeganə səbəbi deyil:

«Həmin hakimləri yaxından tanıyan adam kimi deyə bilərəm ki, siyahıda xeyli peşəkar hakimlərin adları var, onlar peşə səhvi edə bilməzdilər. Onlara yuxarıdan təzyiqlər var. Əgər indiyə qədər 500 hakimdən biri də istefa verməyibsə, ya ona edilən təzyiqləri ictimailəşdirməyibsə, bu onu göstərir ki, hakimlərin həm də şəxsiyyəti ilə bağlı problemlər var».

Sülh və Demokratiya İnstitutunun hakimlərin işi ilə bağlı qiymətləndirməsi 2007-2009-cu illəri əhatə edir. Bundan əvvəlki hesabat 2007-ci ildə hazırlanmışdı, İnstitut Ağır Cinayətlərə dair İşlər Üzrə Məhkəmənin üç hakimini ədalətsiz hökm çıxarmaqda ittiham edib, simvolik olaraq «zolaqlı mantiya» ilə təltif etmişdi. İnstitut deyir ki, həmin hakimlər hələ ki, öz fəaliyyətlərini davam etdirirlər və cəzalandırılmayıblar.
XS
SM
MD
LG