Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:51

Müxalifət Avropa Şurası ilə barışmadı


Arif Hacılı
Arif Hacılı
«Avropa Şurasının Bakı ofisi keçən dəfəki hadisəyə görə üzrxahlıq etməyənə qədər müşahidə missiyası ilə görüşmək fikrimiz yoxdur».

Bunu AzadlıqRadiosuna Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı deyir.

Xalq Cəbhəsi Partiyası da Avropa Şurasının müşahidə missiyası ilə görüşə getmədi.

Müxalifətçilər deyirlər ki, onlar Avropa Şurası Bakı ofisindən və bələdiyyə seçkilərini izləyəcək müşahidə missiyasından inciyiblər, deyirlər ki, missiyanın sədri Qaye Doğanoğlu dekabrın 7-dən -9-na kimi Azərbaycanda səfərdə olanda əvvəlcə hakim partiya ilə görüşüb, bu isə protokola ziddir.

Üstəlik, müxalifəti yarım saata yaxın qapı arxasında gözlətməyə məcbur edib, onlar da bunu özlərinə hörmətsizlik kimi qəbul edib, Doğanoğlu ilə görüşmədən gediblər.

Qaye Doğanoğlu isə AzadlıqRadiosuna müsahibəsində deyib ki, görüşlərin qrafikini o yox, Avropa Şurasının Bakı ofisi təşkil edib.

Müsavat Partiyasından Arif Hacılı deyir:

«Əgər bu Bakı ofisinin günahıdırsa, buyursunlar, onlar fəallıq göstərə bilərlər, hər halda belə texniki təşkilatçılıq məsələlərinin həllini bütün Avropada nizam yaratmaq istəyən təşkilata biz öyrətməli deyilik».

DOĞANOĞLU: «BU GÖRÜŞ AZƏRBAYCAN ÜÇÜN VACİBDİR»

Qaye Doğanoğlu
AzadlıqRadiosu Avropa Şurasının Bakı ofisinə bu məsələ ilə bağlı sorğu göndərib, amma hələ ki, cavab ala bilməyib.

Müşahidə missiyasının sədri Qaye Doğanoğlu dekabrın 21-də bəyanat yayıb ki, müxalifətlə görüşün alınmamasına təəssüf edir:

«Nümayəndə heyəti müxalifəti eşitməyə hazırdır, hesab edirik ki, beynəlxalq təşkilatlar və müxalifət arasında müzakirələr Azərbaycanda demokratiyanın inkişafı üçün vacibdir».

Müxalifəti narazı salan bir məqam da budur ki, Doğanoğlu Bakıdan gedəndən sonra verdiyi bəyanatda deyib ki, Azərbaycanda seçkiönü vəziyyətlə bağlı ciddi problem yoxdur.

«DOĞANOĞLU İLƏ GÖRÜŞMƏYİN ONSUZ DA ƏHƏMİYYƏTİ YOXDUR»

Doğanoğlunun dekabrın 7-9-u tarixində Bakıya səfərində onunla görüşənlərdən biri də politoloq Rauf Mirqədirov olub. Mirqədirov AzadlıqRadiosuna müsahibəsində deyir ki, müşahidə missiyası müxalifəti dinləməsə də bu, elə bir ciddi hadisə deyil. Onun sözlərinə görə, Doğanoğlu birinci səfərində müxalifətlə görüşməsə də, müstəqil media qurumlarının rəhbərləri ilə, o cümlədən, onunla görüşmüşdülər, amma bunun faydası olmadı:

Rauf Mirqədirov
«Biz Doğanoğluya kifayət qədər dolğun informasiya vermişdik. Həm ölkədəki seçkiönü vəziyyətin problemləri barədə, həm də müxalifətin üzləşdiyi problemlər barədə. Amma bu məqamların biri də Doğanoğlunun bəyanatında yer almadı. Odur ki, yəqin ki, müxalifətlə görüşün elə bir əhəmiyyəti yoxdur».

Amma Rauf Mirqədirov deyir ki, bütün hallarda müxalifət müşahidə missiyası ilə görüşsəydi, daha yaxşı olardı, çünki müşahidə missiyasında heç də hamı məsələyə Doğanoğlu kimi yanaşmır. Rauf Mirqədirov hesab edir ki, Doğanoğlu ümumiyyətlə obyektiv deyil:

«Təcrübə göstərir ki, ümumiyyətlə, Azərbaycana Türkiyədən gələn müşahidəçilər obyektiv olmurlar və hakimiyyətə yaxın bəyanatlar verirlər».

Qaye Doğanoğlu isə AzadlıqRadiosuna müsahibəsində bildirib ki, onun hakimiyyətlə heç bir yaxınlığı yoxdur.

Qaye Doğanoğlunun rəhbərlik etdiyi müşahidə missiyası Avropa Şurasının adından dekabın 23-də Azərbaycanda bələdiyyə seçkilərini müşahidə edəcək yeganə qrupdur. Səfərin yekununda missiya hesabat hazırlayacaq.
XS
SM
MD
LG