Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:40

“Mənim dəfnimdə namaz qılınmayacaq...”


Müasir Türkiyənin ən böyük ziyalısı Əziz Nesinin bir doğum günü də onu sevənlər tərəfindən 20 dekabrda səssiz-küysüz qeyd edildi.

6 ildən sonra 100 yaşı olacaq. Sağlığında onu bir dəfə görə bilmişdim - ölümündən 3 ay yarim qabaq Yunanıstanın İstanbuldakı baş konsulluğunun ziyafətində bütün diqqətləri öz üzərinə toplayan Nesin hamı kimi mənim də qibtə dolu baxışlarımın arasından təbəssümlə keçərək mərasimi tərk etmişdi.

5 iyul 1995-ci ildə isə İzmirin Foça qəsəbəsində dincələrkən dünya ilə vidalaşmışdı.

ÖZ DƏFNİNİN SSENARİSİNİ ƏVVƏLCƏDƏN YAZMIŞDI

7 iyuldakı dəfn mərasiminin ssenarisini çox əvvəldən yazmışdı: rəsmi heç bir ritual olmayacaq, namaz qılınmayacaq, yan-yana 5 məzar qazılacaq, cənazənin hansı məzara qoyulduğunu sadəcə bir adam biləcək.

Məzarların üstü örtüləndən sonra vertolyotdan çəkiliş yapılmasına icazə veriləcək.

  • Əziz Nesin 30-dan çox kitabın müəllifidir, o, əsərləri xarici dillərə ən çox çevrilən 4 türk yazarından biridir. Azərbaycan oxucusu onun əsərləri ilə hələ sovet dövründən tanışdı: “Futbol kralı”, “Taxtalıköydən məktublar”, Kor döyüşü... Əziz Nesinin satirik hekayələrinin hədəfləri cəhalətpərəstlər, avamlar, öz mənafeyini güdən məmurlar və başqa mənfi tiplərdir.
Vəsiyyətinə olduğu kimi əməl edildi - əsərləri ilə birlikdə həyatının ən önəmli layihəsi saydığı Nesin Fondunun bağçasına gömüldü.

Ölümündən əvvəlki müsahibələrinin birində deyirdi ki, cavanlıqdan bəri ən böyük arzum - özümün istədiyim ideal bir dövlət qurmaq idi.

Ancaq bunu edə bilməyəcəyimi görəndən sonra bu torpağı alıb adıma Fond qura bildim.

Burada yaşayıb-oxuyacaq olan uşaqlar məndən sonrakı əsərlərim olacaqdır.

Ölümündən sonra Fondun işlərini oğlu, İstanbuldakı Bilgi universiteti riyaziyyat kafedrasının müdiri, professor Əli Nesin aparır.

Müsahibələrinin birində Əli Nesin deyirdi ki, ayda təxminən 25 min dollar pula ehtiyacımız olur - atamın kitablarının gəlirinin hamısı Fonda getsə də, yenə də maddi sıxıntı yaxamızdan əl çəkmir.

Ancaq hər ayın axırında heç gözləmədiyimiz yerlərdən Fondun yaşaması üçün pul gəldiyini görürük.

ONU DİRİ-DİRİ YANDIRMAQ İSTƏYİRDİLƏR

1998-ci ildə Türkiyənin bəzi siyasətçiləri ilə birlikdə Əziz Nesinə də “posmertno” mükafat verilmişdi. Mükafatları təqdim etmə mərasiminə gələn Əli Nesin kürsüyə çıxaraq dedi:

“Bu gecə atamı yuxuda gördüm.Ona mükafat verdiklərini dedim”.

”Məndən başqa kimə mükafat veriblər?” - deyə soruşdu.

“Tansu Çillərə, Yıldırım Aktunaya da veriblər”.

“Sən mənə verilən mükafatı alma”- Əli Nesin bu sözləri deyəndən sonra atasına “posmertno” verilən mükafatı almadan salonu tərk etdi.

Sovet İttifaqının dağılmasına qədərki mərhələdə Türkiyədə “Moskvanın agenti” və “Ateist” suçlamalarına məruz qalan Əziz Nesin ömrünün sonlarına doğru qatı şəriətçilərlə mübarizə apardı.

2 iyul 1993-cü ildə Sivas şəhərindəki Madımak otelində qalan Nesini qətlə yetirmək istəyən qaragüruh qrupu oteli yandırmış, Əziz Nesin yanğın pilləkənlərindən çətinliklə endirilərək xilas edilmişdi.

Oteli oda verib 37 nəfəri diri-diri yandıran qaragüruh, cinayətin səbəbi kimi Əziz Nesinin Sivasdakı Pir Sultan Abdal mərasimində dediyi “1300 il qabaq yazılanlara niyə inanmalıyam?”-sözlərini göstərmişdilər.

ƏZİZ NESİNƏ HEYKƏLİ KİM QOYACAQ?

O qorxulu mənzərə Türkiyənin yaddaşından uzun müddət silinməyəcək - həm də ona görə ki, bir neçə il əvvələ qədər 37 adamın yanaraq öldüyü Madımak otelinin yerində kababçı fəaliyyət göstərirdi.

Nesin öz vəqfində uşaqlar arasında
Otelin yerində muzey tikilməsi təklifinə qarşı çıxan müğənni və bəstəkar Arif Sağ “Muzeydə yanan adamların sümüklərini nümayiş etdirəcəksinizmi?

Ən yaxşısı odur ki, oraya bir neçə gül əkib xatirə lövhəsi qoyasınız” - deyir.

Madımak faciəsindən sonra Ərbakanın Refah Partiyasından o vaxt Sivasın bələdiyyə başqanı olan Temel Karamollaoğlu ilə TV-də mübahisə edən Əziz Nesin belə deyirdi:

”Bunlar Türkiyəni cəhalətə və qaranlığa doğru aparan adamlardır”.

Deyəsən, radikal dinə və din tacirlərinə qarşı bu qədər barışmaz mübarizə apardığına görə, Türkiyənin islamçı təbəqəsinin gözündə Əziz Nesin adlı bir yazıçı və ziyalı “ateist”dən başqa heç bir dəyər ərz etməməkdədir.

Nesinə bu baxış nöqteyi-nəzəri indi - mülayim İslamın hakimiyyətdə olduğu dövrdə daha da güclənmişdir.

Çünki indi iqtidar patiyasindan olan bələdiyyələr aydın yazıçı və sənətkarların yox, din üləmasının yubileylərini qeyd edir, küçə və xiyabanlardan Nesinin, sui-qəsdə qurban gedən Uğur Mumcunun adları götürülərək, onların yerinə dünyagörüşü etibarı ilə iqtidara yaxın olanların adları asılır.

Əziz Nesin Türkiyənin elə bir ziyalısı idi ki, onun heykəlinin qoyulması üçün Türk toplumunun çox sarsıntılı və məşəqqətli bir aydınlanma dövründən keçməsi lazımdır.

“BU MİLLƏTİ MƏNDƏN DAHA ÇOX SEVƏN NEÇƏ ADAM VAR?”

1 ay qabaq Moskvada Nazim Hikmətin qəbrinin üstünə gedən Türkiyə Böyük Millət Məclisinin sədri Mehmet Ali Şahin ziyarətinin motivini bu şəkildə açıqlamışdı:

”Nazim Hikmətin məscidə getdiyini öyrənəndən sonra mən də onun məzarını ziyarət etməyə qərar verdim”.

Əslində isə indiyə qədər Nazim Hikməti tədqiq edən heç bir mütəxəssis onun məscidə getdiyini yazmayıb.

Əziz Nesin müsahibələrinin birində “Türklərin 60 faizi səfehdir”- deyərək, həmişəki kimi ildırımları öz üzərinə çəkmişdi.

Daha sonra bu sözlərini bir az da tündləşdirərək “Kürdlərin də 80 faizi səfehdir”- demişdi.

Ölümünə yaxın Kadir Çelikin Star TV-dəki “Objektif” proqramına verdiyi müsahibədə isə “60 faizi səfehdir- dediyim milləti məndən daha çox sevən neçə adam var?”- sözləri onun nəhəngliyini bir daha təsdiqləmişdi (bu müsahibəsi Nesinin ölümündən xeyli sonra yayınlanmışdı).

ƏZİZ NESİN VƏ MİRZƏ FƏTƏLİ AXUNDOV

Nesinin “60 faizi səfehdir- dediyim milləti məndən daha çox sevən neçə adam var?”- sözləri insanlara yenə və yenidən Axundzadəni, Mirzə Cəlili, Sabiri, Üzeyir bəyi xatırlatmışdı.

Nesinin ən çox sevdiyi şairlərdən birinin Sabir olduğu, Əbdülkərim Doğrunun 1966-da buraxdığı “Hophopnamə”yə “Ön söz”ü onun yazdığı məlumdur.

Onun “Türklərin 60 faizi səfehdir”- sözləri yenə və yenidən bu sualı özü ilə gətirib-gəlir:

Millətini kim daha çox sevir - “Turanlılarız, sahibi-şə”nü şərəfiz biz; Əslafımızın naibi xeyru-xələfiz biz” - deyən Əbdülxalıq Cənnətimi?

Yoxsa, “Turanlılarız, adiyi-şüğli-sələfiz biz; Öz qövmümüzün başına əngəl-kələfiz biz”-deyən Sabirmi?

Əziz Nesin, heç şübhəsiz, “Biz belə milləti sevə bilmərik” - deyən Cəlil Məmmədquluzadənin yoluyla getməyi tərcih etmişdi.

Axundzadənin, Sabirin, Məmmədquluzadənin aqibətini bildiyi halda, onların fəlsəfəsini yaradıcılığının şah damarına çevirmişdi.

Nesin bir missiya adamı idi - onun vəzifəsi, Azərbaycandakı sələfləri kimi topluma aydınlıq aşılamaq idi.

Bu yolda şah damarlarına basdığı qaranlıq tacirlərinin son yolçuluğunda da ondan intiqam almaq istəyəcəklərini bildiyinə görə, nəinki cənazə namazının qılınmasına, heç qəbrinin yerinin bilinməsinə də icazə vermədi.

Ancaq adım kimi əminəm ki, onun mənsub olduğu dinlə heç bir problemi yox idi - özünün də dəfələrlə dediyi kimi, o, dini qəlbində və vicdanında yaşadırdı.

Yaxşı bilirdi ki, qəlbdən və vicdandan kənara çıxan din - tacirlərin mənafe alətinə çevrilir.

Haqsız idimi?

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir).


HƏMÇİNİN OXU!

Əziz Nesinin bələdiyyə seçkiləri haqqında hekayəsi
XS
SM
MD
LG