Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:32

Rusiya-Belarus münasibətlərində qarşılıqlı ittihamlar


«Drujba» neft kəməri
«Drujba» neft kəməri
Rusiya və Belarus arasında dekabrın 31-də müddəti başa çatmış neft ixracı sazişini təzələmək danışıqları uğursuz olub. Avropa ölkələri bu danışıqları diqqətlə izləyirdi. «Reuters»Agentliyinin neft treyderlərinə istinadən yaydığı xəbərə görə, Rusiya Belarusdakı neft emalı zavodlarının xam neftlə təchizatını dayandırmağa başlayıb. Hərçənd Rusiyanın neft kəməri şirkəti olan «Transneft», eləcə də Belarusun Dövlət Neft Şirkəti neft təchizatını dayandırdığı barədə xəbərləri təkzib edirlər.

Avropa ölkələri Rusiyanın sovet dövründən qalmış «Dostluq» boru kəməri ilə nəql etdiyi neftdən asılıdırlar. 2007-ci ildə neft nəqlində buna oxşar fasilələr Almaniya və Polşadakı neft emalı zavodlarının fəaliyyətinin dayanmasına səbəb olmuşdu.

RUSİYA BELARUSU NEFT OĞURLUĞUNDA İTTİHAM EDİR

Rusiya Belarusu öz ərazisindən tranzit keçən neftin bir hissəsini oğurlamaqda ittiham edir. Moskva görəcəyi tədbirlərin Avropa istehlakçılarına heç bir təsir göstərməyəcəyini də bildirir.

Rusiya «Dostluq» boru kəmərinə hər gün 1 milyon barreldən artıq neft vurur. Almaniya neftinin 15 faizini bu kəmərdən alır. Polşanın isə neft tələbatının 75 faizi bu kəmərdən asılıdır.

Belarus Rusiyadan aldığı xam neftin xeyli hissəsini emal edərək təkrar Avropa ölkələrinə ixrac edir. Minsk bundan milyardlarla dollar gəlir əldə edir. İndi Kreml bildirir ki, Belarus illər boyu davam edən ucuz neft satmağa son qoymasa, bazar qiymətlərinə keçmək niyyətindədir.

BELARUS İSƏ MOSKVANI TARİFLƏRİNİ ARTIRMAQLA HƏDƏLƏYİR

Minsk isə deyir ki, Rusiyadan aldığı neftə görə vergi ödəməməlidir. Çünki Belarus Rusiya və Qazaxıstanla birgə gömrük ittifaqındadır. Belarus hətta Moskvanı neft tranziti tariflərini 10 faiz artırmaqla hədələyir. Belarus deyir ki, Kreml öz qonşularına hədə-qorxu gəlmək üçün öz enerji ehtiyatından siyasi mübarizə üsulu kimi istifadə edir. Bu isə qəbuledilməz təzyiq üsuludur.

2006-cı ildə Rusiya Ukrayna ilə qaz alqı-satqısına dair 5 illik müqavilə imzaladıqdan cəmi bir ay sonra Ukraynanın yeni Qərbyönümlü hökumətinə təzyiq vasitəsi kimi təbii qazın qiymətini 4 dəfə qaldırdı. Həmin vaxt Avropa istiliksiz qalmışdı. Ancaq gərginliklərə baxmayaraq, Rusiya Belarusun müttəfiqi olaraq qalır. Bu ölkələr siyasi ittifaq yaratmaq barədə danışıqlar aparırlar.

NEFTİN BAHALAŞMASI SOYUQ HAVAYLA BAĞLIDIR

Hazırda neftin bir barrelinin qiyməti 80 dolları keçib. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə deyir ki, neftin bahalaşması hazırkı soyuq havayla bağlıdır:

«Həm Mərkəzi Avropada, həm Şimali Amerikada, o cümlədən Rusiyanın özündə, həm də dünyanın ən böyük neft istehsalçılarından olan Çində mənfi 15-20 dərəcəyə qədər şaxta var. Bununla bağlı neftə böyük bir təlabat yaranıb. Bu da qiymətlərə təsirini göstərir».

İlham Şabanın fikrincə, yaxın günlərdə neftin qiyməti 80 dolları da keçə bilər.
XS
SM
MD
LG