Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:37

Dünya Bankından Azərbaycan hökumətinə «7» verdilər


Qreqori Yedjeyçak
Qreqori Yedjeyçak
Azərbaycanda iqtisadi vəziyyətə beynəlxalq təşkilatlardan verilən qiymətlərdə açıq bir təzad hiss edilir. Bu təşkilatların bəzisinin hesabatında Azərbaycan korrupsiyalaşmış, monopoliyaların hökm sürdüyü ölkə kimi tənqid olunur. Bəzilərinin hesabatında isə biznes mühitini yaxşılaşdıran ölkə kimi təriflənir.

Müxbirimiz Anna Zameyts bu hesabatlardan birinin müəllifi - Dünya Bankının Azərbaycan üzrə meneceri Qreqori Yedjeyçakla həmin ziddiyyətə aydınlıq gətirməyə çalışır.

- «Transparency International» Azərbaycanın korrupsiya sahəsində vəziyyətinin yaxşı olmadığını bildirdiyi bir vaxtda Dünya Bankı onu «dünyanın ən öndə gedən islahatçısı» elan edir. Yüksək korrupsiya olan ölkəyə necə bu cür yüksək qiymət verirsiniz?

- Məncə, hətta «Transparency International» və başqa təşkilatların hesabatlarına görə də ölkənin vəziyyəti yaxşılaşır. Ümumi istiqamət yaxşıdır. Biz inkişaf etmiş ölkələrdə işləmirik. Bu, bizim nəzərə aldığımız ilk faktordur. Əlbəttə, görülməli işlər hələlik çoxdur, hər şeyin qəfil dəyişməsini gözləmək düzgün olmazdı. Biz büdcənin şəffaflığı, ictimai xərclərin planlaşdırılması, bank idarəçiliyinin yaxşılaşdırılması sahələrində işləyirik. Başqa sahələrdə də birbaşa işləməsək də, layihələrimizin həmin sahələrdə də korrupsiya ilə mübarizəyə, yaxşı idarəetməyə təsir edəcəyini düşünürük.

- «İrs» Fondu (Heritage Foundation) özünün 2009-cu ilə dair iqtisadi azadlıqlar indeksində qeyd edir ki, «Azərbaycanda qeyri-şəffaf, korrupsiyalaşmış hökumət bürokratiyası, zəif hüquqi sistem, monopoliyalar var». Bu dəyərləndirməyə münasibətiniz necədir?


- Hər şeydən əvvəl bunlar sadəcə sözlərdir. Çox sərt, amma sadəcə sözlər. Siz eyni bəyanatı daha yüngül və daha dramatik şəkildə verə bilərsiniz. Reallıqda vəziyyət necədir? Bəli, hazırda Azərbaycanın qeyri-neft sektoruna xarici investisiya cəlb etməkdə çox ciddi problemləri var. Bilirsiniz, bəzən ölkələr coğrafi mövqeyinə, bazarının kiçikliyinə, başqa təbii amillərinə görə xarici sərmayələri cəlb etməkdə çətinlik çəkirlər. Belə vəziyyətdə olan çox ölkənin adını çəkmək olar. Azərbaycan da bu reallıqlar əsasında nə mümkündürsə, onu edir. Əlbəttə, vəziyyəti daha sürətli dəyişmək mümkündür. Amma ümumi vəziyyəti 10 balla qiymətləndirsəydik, mən Azərbaycana «7» verərdim.

- Qlobal iqtisadi böhran Azərbaycana təsir etdimi?

- Böhrandan öncəki illərdə Azərbaycanda çox yüksək inkişaf tempi var idi. Bəli, böhran Azərbaycana təsir etdi, amma başqa ölkələr kimi yox. Eyni zamanda da Azərbaycan hökuməti böhrandan əvvəl bank sektorunda çox ehtiyatlı idi. Maliyyə sektoru kifayət qədər yaxşı vəziyyətdədir. Neft gəlirlərindən daha ehtiyatlı istifadəyə dair hökumətdə bəzi müsbət yanaşmalar hiss edilir. Əvvəlki bir neçə ildə çox genişlənən büdcə var idi. İndi hiss edilir ki, yüksək neft qiymətlərinin əbədi olmayacağını başa düşürlər.

- Bəs, Azərbaycanda qeyri-neft sektorunun vəziyyətini necə qiymətləndirirsiniz?

- Hazırda ümumiyyətlə, dünyada yeni sahələrə sərmayə cəlb etmək çətinləşib. Xarici sərmayə qaynaqları qlobal miqyasda «quruyur». Amma hiss olunur ki, hakimiyyətdə neftdən kənar sahələrin inkişafına maraq var.

- Maraq, başa düşmə var. Amma konkret bir hərəkət necə?

- Hazırda proseslər erkən mərhələdədir. Böhran şəraitində bir iş görmək o qədər də asan məsələ deyil. İndi fikirləşə və infrastruktur qura bilərsiniz. Bu, ilk mərhələdir. Çünki yol, elektrik, təmiz su yoxdursa, sən heç bir sahəyə sərmayə cəlb edə bilməzsən. Bu baxımdan da bəli, hazırda infrastruktur qurulur, regionlara marağın artırılması üçün siyasət aparılır.

- Yekun olaraq, ölkədə ümumi sərmayə mühitinin yaxşılaşdırılmasında Sizin Azərbaycan hökumətinə məsləhətiniz nədir? Ən çox hansı addım atılmalıdır?

- Uzunmüddətli perspektiv baxımından insanların peşəkarlığının artırılması birinci addım olmalıdır. İnsan sərmayəsi əsas şərtdir. Bu yolla ölkənin ümumi qabiliyyəti artırılmalıdır... Elə dünən biz xarici sərmayəçilərlə işləyə biləcək mühasiblərin yetişdirilməsi barədə müzakirə aparmışıq. Ola bilər ki, Azərbaycanda 50 belə mühasib var. Amma məsələn, Britaniyada onların sayı 200 min nəfərdir. Əlbəttə, iqtisadiyyatın böyüklüyünə görə bu müqayisə uğurlu olmaya bilər. Amma bu rəqəm həm də peşəkarlıq sahəsində məhdudiyyətlərin göstəricisidir. 10 ildən sonra ölkədə nəyinsə dəyişməsini istəyirsənsə, işə indidən başlamaq lazımdır. İnsanlara sərmayə qoyulması islahatın ən önəmli elementidir.
XS
SM
MD
LG