Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:21

«Bənənyarda dəhşətli şeylər baş verir»


Aşura Günü dekabrın 27-də qeyd olunub
Aşura Günü dekabrın 27-də qeyd olunub
«Burda Pinoçet rejimi hökm sürür. Burda dəhşətli şeylər baş verir. Eşitsələr sizinlə danışırıq, dərimizə saman təpərlər». Bu sözləri AzadlıqRadiosunun suallarına cavab verən Culfa rayonunun Bənənyar kəndinin sakini deyib. Adının çəkilməsini istəməyən bu və digər sakinlərin sözlərinə görə, Aşura mərasimindən sonra polis zorakılığı kəndə qarşı geniş miqyaslı hücumla əvəzlənib.

HƏR ŞEY AŞURADAN BAŞLAYIB

Hər şey ondan başlayıb ki, Naxçıvan MR polisi kənddə keçirilən Aşura mərasimində dindarların hisslərini tam gücü ilə ifadə etməsini bir neçə nəfərin saxlanması və sorğu-sual edilməsi üçün əsas sayıb. Kənd sakinləri deyirlər ki, polis saxlanılanlara qarşı zor tətbiq edib. Onları çılpaq şəkildə soyuqda saxlayıb və təhqir edib. Saxlanılanlar arasında olan Kamal Əliyevin həyat yoldaşını və qızını da təhqir ediblər. Onun oğlu Yunis Əliyev polisin hərəkətlərinə etiraz əlaməti olaraq özünü yandırmaqla hədələyib və kənd sakinlərinin sözlərinə görə, polisin də «qoyun yandırsın» deməsindən sonra kibriti çəkib.

Ağır vəziyyətdə olduğu söylənən Yunis Əliyevin indi harda olması ilə bağlı təzadlı xəbərlər var. Bəzi kənd sakinləri AzadlıqRadiosuna deyiblər ki, Yunis Əliyevi müalicə üçün qaçaq yolla Təbrizə yola salıblar ki, orada müalicə oluna bilsin.

Lakin bununla məsələ bitməyib. Aşura mərasimindən 8 gün sonra kəndə Daxili Qoşun hissələri yeridilib.

«Yanvarın 5-i günorta saatlarından başlayaraq MR Daxili İşlər nazirinin şəxsən rəhbərliyi ilə 500-dən artıq Daxili Qoşunların və müxtəlif rayonların polisinin əməkdaşları kənddə hücum ediblər. Onlar qoca-uşaq demədən hamını döyüblər, evləri dağıdıblar». Bunları Azadlıq Radiosuna deyən AXCP Naxçıvan şöbəsinin sədri Asəf Quliyevin sözlərinə görə, polislər qarşılarına kim keçibsə, qadın, kişi deməyib həbs ediblər. Amma xüsusi olaraq axtardıqları da olub:

Bənənyar kəndi quş uçuşu yüksəkliyindən (Aşağı tərəfdə Əbrəqunus, yuxarıda Saltaq kəndləridir)

KƏNDƏ GEDƏN BÜTÜN YOLLAR BAĞLIDIR

«50 nəfər əli dəyənəkli polis əməkdaşı AXCP Culfa rayon şöbəsinin sədri Rza Nuriyevin evinə girib, ailə üzvlərin təhqir ediblər. Baxmayaraq Aşura günü onun oğulları kənddə olmayıb, onları da həbs ediblər. Daxili İşlər naziri 1 saat müddət qoyub ki, əgər Rza Nuriyev gəlməsə həyat yoldaşını aparacağıq, bundan sonra Rza Nuriyev polisə gedib».

Yanvarın 6-da axşam verilən məlumatlara görə, kəndə gedən bütün yollar bağlıdır. Bakıda müvəqqəti məsknlaşmış bənənyarlılar insidentdən sonra Ombudsman Aparatında olub, mediadan dərdlərinə çarə istəyib. Onların sözlərinə görə, Bənənyarda elə ailə yoxdur ki, orda həbs olunan olmasın.

Yanvarın 6-sı axşama qədər kəndə həbs olunan qadınların hamısı evə buraxılıb. Amma hələ də yüzə qədər adamıb harda olduğu bəlli deyil. Naxçıvan Daxili İşlər Nazirliyində insidentin baş vermədiyini, həbslərin keçirilmədiyini iddia edirlər.

Kəndə qayıdanlar bəzi məhbusların Böyükdüz təcridxanasında saxlandığını deyiblər. Amma təcridxananın rəisi Vilayət Hadıyev bunu inkar edib:

- Bənənyardan heç kim yoxdur burda.

«GEDİN NAXÇIVANDAN SORUŞUN»

Azərbaycan Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov suallara cavab vermək istəməyib. Deyib, «gedin Naxçıvandan soruşun». Ombudsman Aparatında məsələni araşdırmağa söz veriblər.

Bənənyar kəndində insanlar qorxu içində olduqlarını və telefonlarının dinlənildiyini deyirlər. Onların sözlərinə görə, əsgərlər hələ də kənddədir və məlumat verənlər daha çox təzyiqə məruz qalır.

Hüquq müdafiəçisi Səadət Bənənyarlı «İşdən Sonra» proqramında deyib ki, bu qədər adamın gecə vaxtı evindən oğurlanıb aparılmasını gizlətmək mümkün deyil:

- Hadisənin şahidləri var. Elə belə deyil ki?.

Səadət Bənənyarlı deyir ki, polisin gözü qarşısında kiminsə özünü yandırması və polisin buna mane olmaması dəhşətli bir haldır. O və digər hüquq müdafiəçiləri həm özünə qəsd həm də kəndə hücum və kütləvi həbslərlə bağlı Daxili İşlər naziri Ramil Usubovun qəbuluna yazılıblar. Ondan isə hələ xəbər yoxdur.
XS
SM
MD
LG