Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:53

İnternet kimə xidmət edir?


İnternet təkcə soyqırıma qarşı çıxanların əlində yox, soyqırımı törətmək istəyənlərin də əlində silahdır
İnternet təkcə soyqırıma qarşı çıxanların əlində yox, soyqırımı törətmək istəyənlərin də əlində silahdır
Britaniyanın baş naziri Qordon Braun ötən ilin iyulunda çıxışlarının birində demişdi ki, «bu günkü internetin imkanlarını nəzərə alsaq, Ruanda soyqırımı təkrarlana bilməz. Çünki, ətrafda əslində nəyin baş verdiyini tez bir zamanda hər kəsin bilməsi və ictimai rəyin formaşalaşması imkanları çoxdur»

Ruanda soyqırımı 1994-cü ildə baş verib. Ruandada hakimiyyətə gələn Hutu qəbiləsi radioyla yaydığı xəbərlərlə hutuları başqa bir qəbilə - tutsilərə qarşı qaldırmışdı. Beynəlxalq ictimaiyyət və sülhyaratma qüvvələri əslində nəyin baş veridiyini anlayana qədər, cəmi 100 gün içində 1 milyona yaxın tutsi, ölkə əhalisinin 20 faizə qədəri qətlə yetirilmişdi.

İNTERNET – KÜTLƏVİ SİLAH?

Ancaq Braun internetin bugünkü imkanlarıyla Ruanda faciəsinin baş verməsinin mümkünsüzlüyünü iddia edəndə yanılır. Təsəvvür edin ki, Ruandadakı hadisələr indi baş verir. İnternet istifadəçiləri tez bir zamanda soyqırıma etiraz olaraq kampaniya başladır, «Facebook»da və ya hansısa bir social paylaşım şəbəkəsində kampaniyaya qoşulanların sayı 1 milyona çatmamış artıq soyqırım başa çatmış olar. Niyə?

Çünki 1994-cü ildə Ruandada hutular radio ilə camaatı tutsilərin onlara hücuma keçməsiylə bağlı yalan xəbərlərlə qızışdırırdılarsa, indi bunu daha sadə yolla edə bilərlər. Bir neçə qurama videonu bir neçə saat içində ölkədəki bütün internet istifadəçiləri, mobil telefonu olanlara çatdırmaqla daha çox nifrət yaymaq mümkündür.

Yəni, bugünkü internet təkcə soyqırıma qarşı çıxanların əlində yox, soyqırımı törətmək istəyənlərin də əlində silahdır. Həm də adi radio və televiziyadan da daha güclü silah.

YENİ DÖVR BAŞLAYIB

«Morgan Stanley» şirkətinin 2009-cu ilin dekabrında açıqladığı hesabata görə, dünya hələ yenicə yeni dövrə qədəm qoyub – «mobil internet» dövrünə. Həmin hesabata görə, bu, 1950-ci ildən sonrakı 5-ci texnoloji dövr olacaq.

Əslində, doğrudan da dünya hələ bu il tam olaraq sürətli mobil internetin - 3 G-nin imkanlarından geniş istifadə eləməyə başladı. Xüsusən də, 3G texnologiyasıyla sürətli məlumat ötürülməsinə imkan verən, populyar və rahat smartfonların, adnroid telefonların yayılmasından sonra.

«Morgan Stanley»nin ekspertlərinin fikrincə, məhz 3 G texnologiyasıyla bağlı səmərəli və cəlbedici telefonların bazara girməsi sayəsində texnoloji sıçrayış baş verib. Və yaxın onillikdə artıq köhnədən qalma WAP texnologiyasının yerinə, daha sürətli, həm video, həm səs, həm də məlumat ötürməyə imkan verən mobil internet istifadəçilərinin sayı artacaq. Yeni, ekranlar internetin görünüşünü də dəyişdirəcək. Uzun, bitməyən veb səhifələrin yerini yığcam, kiçik ekrandan oxuna bilən səhifələr alacaq.

KASIBLARIN İNTERNETİ

Dünyanın bir çox yerlərində, xüsusən də inkişaf eləməkdə olan və geridə qalmış ölkələrdə adi geniş zolaqlı internet və özəl masaüstü kompyuterlər, laptoplar hələ də bahalı vasitələrdir.

Dünya yeni dövrə qədəm qoyub – «mobil internet» dövrünə
Ancaq Dünya Bankının hesablamalarına görə, 10 il əvvəl dünyada cəmi 1 milyard mobil telefon abunəçisi var idisə, indi bu say 4 milyarda çatıb. Və yer üzündə hər 3 mobil telefonu olandan 1-i kasıb ölkələrdə yaşayanlardır.

Beynəlxalq Telekommunikasiya İttifaqının rəqəmlərinə görə, mobil telefon bazarı xüsusən də inkişaf eləməkdə olan və ya kasıb ölkələrin hesabına genişlənib.

Məsələn, indi hətta ən kasıb ölkələrdə belə balıqçı və ya taksi sürücülərinin mobil telefonu var, lazım olanda internetdən nəyisə öyrənə, mesaj göndərə bilər. Keniyada, əvvəllər heç adi bank hesabı da olmayan 5 milyon nəfər, mobil telefon bank şəbəkəsindən istifadə edir.

«Morgan Stanley»in hesablamalarına görə, yaxın 5 ildə dünyada internetə mobil telefon vasitəsiylə qoşulanların sayı kompyuterlə internetə girənlərin sayını keçəcək. «Informa Telecom»un proqnozuna görə isə, artıq 2012-ci ildə mobil internet daha sürətli olacaq və geniş yayılacaq.

İNTERNET DEMOKRATİYA GƏTİRƏCƏK?

Dünyada indi bir çoxları iddia edir ki, daha sürətli, daha çatımlı internet daha azad və demokratik cəmiyyətlərin qurulmasına töhfə verir. Belələri İranda sosial paylaşım şəbəkələrilə media senzurasını qıran Yaşıl Hərəkatı, Moldovadakı «Twitter» inqilabını və Kolumbiyada «Facebook»la 3 adamın 1 milyon nəfəri bir günə mitinqə toplamasını misal göstərir.

Bu cür xəyalpərəstlərin fikrincə, məhz bu üzdən avtoritar rejimlər internetin qarşısını almaq üçün radikal yollara əl atmağa çalışır, yazarları döyürlər, tuturlar, saytları bağlayırlar, interneti kəsirlər və s. Ancaq istənilən halda tam senzura qoymaq mümkün olmur.

Ancaq burda bir mühüm faktı unutmaq olmaz. İnternetə ümidlə baxanlar elə düşünürlər ki, internetdən hər kəs maarifçi, yaxşı məqsədlər üçün istifadə edir. Onlar unudurlar ki, demokratlar kimi, diktatorların da interneti var, neo-faşistlər, millətçilər, manyaklar, uşaqbazlar və başqa mənfi ünsürlər də sosial paylaşım şəbəkələrində təşkilatlana bilirlər. Mobil internet beynəlxalq terroçuların, cihadçıların, intiharçı bombaçıların və ya narkotik qaçaqmalçılarının da əlində əlverişli vasitədir.

İNTERNET «HEÇ NƏ»DİR

Ötən il «Boston Review» jurnalında «Kiber xəyalpərəstlər» məqaləsini yazan Yevgeni Morozov deyirdi ki, interneti tiran və diktatorlardan azad bir məkan kimi görənlər yanılırlar. Əslində, diktatorlar bura da təsir imkanı tapıblar. İndi bu yollardan ənənəvi repressiv üsullarla yanaşı istifadə edilir. Üstəlik, indiki avtoritar rejimlər öz ideyalarını, fikirlərini yeritmək üçün daha tez yol tapırlar, nəinki maarifçilər. Misal üçün, indi İran və ya Çinin internet məkanında hər islahatçıya azı bir hökumət tərəfədarı düşür.

Uzun sözün qısası, internetin, lap elə sürətli, mobil internetin təkbaşına dünyanı tamamilə dəyişə biləcəyinə inanmaq sadəlövhlükdür. İstər yaxşı tərəfə, istər pis tərəfə. Çünki öz-özlüyündə internet sadəcə insanın əlində olan texnologiyadır. Və dəyişmək qabiliyyəti də bu texnologoyadan istifadə edən «insan»ın qabiliyyəti və bacarığına bağlıdır.
XS
SM
MD
LG