Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:47

Yazıçılar mümkün hakimiyyət dəyişikliyindən qorxuya düşüblər


Ukrayna yazıçıları və kinomatoqrafları İctimai Əxlaqın Qorunması üzrə Milli Ekspert Komissiyasını ölkədə senzura yaratmaqda ittiham edib.

Sənət adamları bununla bağlı ötən həftənin axırı mətbuat konfransı keçiriblər.

Yazıçı Les Podervyanskiy deyib ki, nəyin mənəviyyata uyğun olub-olmadığını dövlət yox, cəmiyyət özü müəyyən etməlidir.

“Xüsusən bizim hökumət kimi öz vətəndaşlarının yaşayış minimumunu təmin edə bilməyən bir hökumətin bu işlərlə məşğul olmağa haqqı yoxdur”.

Yazıçı hesab edir ki, mənəviyyatın qorunması ilə dövlət yox, ictimai təşkilatlar məşğul olmalıdır.

Yaziçilar Sergey Jadan, Andrey Bondar, Yuri Andruxoviç və başqalarının daxil olduğu ayrıca təşəbbüs qrupu da yaradılıb.

Qrupun məqsədi İctimai Əxlaqın Qorunması üzrə Milli Ekspert Komissiyasının qərarlarını izləməkdir.

S.Bondar deyib ki, indi Ukrayna mümkün siyasi rejim dəyişikliyi ərəfəsindədir.

“Digər pis xəbərlərlə yanaşı biz orientirlərin dəyişməsini, humanitar sahənin “cilovlanması” meyllərinin güclənməsini gözləməliyik.

Bu isə o deməkdir ki, İctimai Əxlaqın Qorunması üzrə Milli Ekspert Komissiyası üçün qızıl dövr başlaya bilər.

Elə bir dövr ki, müxalif fikirli sənət adamlarına qarşı hüquqi və informasiya məhdudiyyətlərini riyakarlıqla “ictimai əxlaqın qorunması cəhdləri” ilə pərdələyəcəklər”.

Yanvarın 17-də keçirilən prezident seçkilərində rusiyapərəst namizəd Viktor Yanukoviç hamıdan çox səs toplayıb, seçkilərdə ikinci turun olması gözlənilir.

Təşəbbüs qrupu yazarları öz əsərlərini komissiyaya təqdim etməməyə, komissiyanın rəylərini nəzərə almamağa çağırıb.

Birinci turun qalibi Viktor Yanukoviç
Onlar çalışacaqlar ki, kimliyindən asılı olmayaraq baş nazir tərəfindən komissiyanın ləğv edilməsinə nail olsunlar.

İctimai Əxlaqın Qorunması üzrə Milli Ekspert Komissiyasına elm və sənət adamları daxildir.

Axır dövrlərdə komissiya Rusiya istehsalı olan “72 metr” filmini - orada “Ukrayna və rus xalqlarının təhqir edilməsi” səbəbilə qadağan etmişdi.

“Blik” qəzeti “erotik və pornoqrafik təmayüllü materiallar çap etməkdə, dindarların heysiyyatına toxunmaqda” günahkar bilinmişdi.

Komissiya “Hitler”in “Mənim mübarizəm” əsərini qadağan etmiş, bir neçə serialı “əxlaq normalarını pozmaqda” ittiham eləmişdi.

Keçən ilin axırı isə komissiya İnternetdəki “senzuradan kənar” yazılara əncam çəkmək qərarına gəlmişdi.

Komissiya istəyir ki, saytlar mətbu orqan kimi qeydiyyatdan keçsin.
XS
SM
MD
LG