Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:30

JMK Eynulla Fətullayevi azad etməyə çağırıb


Komitə üzvləri Azərbaycan səfirliyində
Komitə üzvləri Azərbaycan səfirliyində
Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi jurnalist Eynulla Fətullayevi təcili azad etməyə çağırıb.

Komitənin nümayəndə heyəti yanvarın 20-də Azərbaycanın Vaşinqtondakı səfirliyinin müvəqqəti işlər vəkili Xəzər İbrahimlə görüşüb və jurnalisti təcili azad etməyə çağıran 500-dən çox beynəlxalq jurnalistin imza atdığı məktubu səfirliyə çatdırıb.

Xəzər İbrahim Eynulla Fətullayevin ədalətli mühakimə olunduğunu və hökumətin məhkəmənin qərarına hörmətlə yanaşacağını bildirib.

O, məktubun diplomatik yollarla prezident İlham Əliyevə çatdırılacağını deyib, eyni zamanda komitəyə dialoqun davam etdirilməsini təklif edib.

Xəzər İbrahimin sözlərinə görə, görüş zamanı komitə heyətinə bildirilib ki, Azərbaycanda hüquq proses normaları var və bu çərçivədə məhkəmə prosesləri gedir.

Jurnalistləri Müdafiə Komitəsinin İcraçı direktoru Coel Saymon səfirliyin dialoqa açıq olduqlarını müsbət hal kimi qiymətləndirib.
O bildirib ki «Biz Fətullayevə qarşı bütün ittihamları və leqal prosesi tamamilə inkar edirik. İnanırıq ki o günahsızdır və onun həbsdə olmasının əsl səbəbi jurnalist peşəkarlıq fəaliyyəti ilə əlaqədardır».

Azərbaycan hökumətinin jurnalistlərə saxta ittihamlar irəli sürmək üçün onlara qarşı küçələrdə qəsdən dava səhnələrini yaratmaq və ya cibinə narkotik atmaq təcrübəsinin olduğunu bildirən Nina Oqniyanova isə deyir ki, «Eynulla Fətullayevə qarşı qaldırılan yeni ittiham «Azadlıq» qəzetinin satirik yazarı Sakit Zahidin işi ilə oxşar ssenari üzrə hazırlanıb».

Komitə üzvlərinin sözlərinə görə, onlar Azərbaycan diplomatlarına Fətullayev və digər jurnalistlərin azadlığa buraxılması üçün mübarizəni dayandırmayacaqlarını deyiblər.

«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru olan Eynulla Fətullayevə qarşı yeni cinayət işi açılıb.

Dekabrın 29-da Penitensiar Xidmət bildirib ki, Eynulla Fətullayevin ayaqqabısından və gödəkcəsinin astarından 0.223 qram heroin tapılıb. Jurnalist barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə cinayət işi açılıb. Onu bu ittihama görə 3 il azadlıqdan məhrum etmə gözləyə bilər.

Baş redaktor terrora çağırış, milli ədavəti qızışdırma və vergidən yayınmada təqsirli bilinərək 8 il yarım azadlıqdan məhrum edilib.

Jurnalist özü bu ittihamı qəbul etmir, həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu bildirir.

Bir sıra beynəlxalq təşkilatlar da onu vicdan məhbusu sayaraq azadlığa buraxılmasını tələb edirlər. Avropa Məhkəməsində isə Eynulla Fətullayevin Azərbaycana qarşı işi yekunlaşmaq üzrədir.
XS
SM
MD
LG