Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:58

Türkiyədə nə baş verir?


Prezident Abdulla Gül, Baş nazir Rəcəb Tayyip Ərdoğan və Baş Qərargah rəisi İlkər Başbuğ Ankarada görüşdülər, 25 fevral 2010
Prezident Abdulla Gül, Baş nazir Rəcəb Tayyip Ərdoğan və Baş Qərargah rəisi İlkər Başbuğ Ankarada görüşdülər, 25 fevral 2010
Yeni dövlət çevrilişi iddiaları üzündən generallar, indiki və keçmiş ordu komandanları həbs edilir.

Bundan narazı qalan silahlı qüvələr rəhbərliyi Baş Qərargahda dalbadal görüşlər keçirir. Siyasi hakimiyyətə ciddi xəbərdarlıq oluna bilər.

ÜÇLÜNÜN GÖRÜŞÜ

Son günlər Türkiyədə siyasi gündəmi məhz bu xəbərlər işğal edib. O üzdən dünən axşam açıqlananda ki, fevralın 25-də prezident Abdulla Gülün iqamətgahında Baş nazir Rəcəb Tayyib Ərdoğan və Ordunun Baş Qərargah rəisi general İlkər Başbuğ görüşəcəklər, çoxları bu toplantıdan ciddi açıqlamalar gözləyirdi.

Görüş baş tutdu, toplantıya baş nazir də, Baş Qərargah rəisi də öz çantaları ilə gəlmişdilər. Üç saata yaxın davam edən görüşdən əvvəl media video və şəkillər çəkdi, çantalardan başqa qeyri-adı bir şey gözə dəymədi də. Sadəcə, toplantı uzandıqca müxtəlif ehtimallar səslənirdi. Amma toplantı başa çatdı və sonra prezident, baş nazir və Baş Qərargah rəisi birlikdə nahar elədilər və dağılışdılar.

Hər kəsin intizarla gözlədiyi kritik zirvə haqda açıqlama isə Türkiyə prezidentinin rəsmi saytından verildi.

«Prezident Baş nazir və Baş Qərargah rəisi ilə ayrı-ayrılıqda olan həftəlik görüşünü bu dəfə bir yerdə keçirməyi daha uyğun sayıb. Toplantıda son vaxtlar ictimai rəydə müzakirə edilən məsələlər diqqətlə incələnib. Və müzakirə edilən məsələlərin konstitusiyamıza və qanunumuza uyğun şəkildə həll ediləcəyindən vətəndaşlarımızın əmin olması və ayrı-ayrı dövlət qurumlarının gözdən salınmaması üçün hər kəsin məsuliyyətini nəzərə alaraq hərəkət etməsi lazım olduğu bir daha vurğulanmışdır».

ÇOX FAYDALI MÜZAKİRƏ

Baş nazir Ərdoğan toplantıdan çıxarkən bir cümləylə çox faydalı müzakirə getdiyini deyib. Amma sonradan,
Türkiyə Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı Özdən Örnək polisin müşayiəti ilə İstanbul məhkəməsinə gəlir, 25 fevral 2010
Türkiyə parlamentində olarkən jurnalistlərə deyib ki, son baş verənlərdən sonra erkən seçkiyə getməklə bağlı ehtimallar əsassızdır. İqtidar partiyasının erkən seçkiyə getmək niyyəti yoxdur. Partiya məhkəmə sistemiylə bağlı islahatları da davam etdirəcək.

Qısacası, Türkiyədə bir çox şərhçilərin fikrincə, bu toplantıdan çıxan mesajlar elə də açıq olmadığı üçün, hər şeyin davamı, sadəcə, bir qədər sakit davamı gözlənilir. Yəni iqtidardakı Ədalət və İnkişaf Partiyası yenə də bəzi siyasətlərini, məsələn, elə Orduyla bağlı «Ergenekon» araşdırması və sonuncu «Çəkiç» çevriliş planıyla bağlı iddiaların araşdırılmasında israr edəcək, Silahlı Qüvvələr isə yenə də bəzi məsələlərdə kürd problemi, terrorla mübarizə, strateji qərarlar və ölkənin dünyəviliyinin qorunması məsələlərində əsas söz sahibi olmaqda israr edəcək.

«BU, DEMOKRATLARIN ANTİ-DEMOKRATLARLA MÜBARİZƏSİ DEYİL»

Türkiyədə təhlükəsizlik məsələri üzrə ekspert Garet Cenkins deyir ki, əslində, baş verənlərin heç birinin demokratiyaya dəxli yoxdur. Sadəcə, ölkədə iki avtoritar qüvvə - Ədalət və İnkişaf Partiyası və Türkiyə Ordusu mütləq hakimiyyətini bölüşmək istəmir:

«Faktiki olaraq son iki ildə biz ölkədə iki avtoritar qüvvənin hakimiyyət davasını görürük. Bu, demokratların anti-demokratlarla mübarizəsi deyil. Burda hər iki tərəf avtoritar güclərdir. Xüsusən də son illər iqtidar partiyası da avtopritar hakimiyyətini ciddi şəkildə gücləndirməyə çalışır».

Əslində, gün ərzində elə bu da baş verib. Həftənin əvvəlindən bəri həbs edilən keçmiş Hərbi Hava Qüvvələri komandiri, general İbrahim Fırtına, Dəniz Qüvvələri komandiri, admiral Özdən Örnək, 1-ci Ordunun keçmiş komandiri Ergin Sayqun bu gün ifadə veriblər. İstefada olan bu generalların ifadələrini Baş prokurorlar alıb. Generallar binadan gülümsəyərək çıxıblar. Digər bir ordu komandiri Çetin Doğanın dindirilməsi isə sabaha qalıb.

Bu gün dindirilən zabitlərdən isə 13-ü də həbs edilib, beləliklə saxlanan 49 nəfər içindən artıq məhkəmə tərəfindən həbs edilənlərin sayı 20-yə çatıb. Onların arasında keçmiş generallar və polkovniklər də var.
XS
SM
MD
LG