Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:55

İlham Əliyev izahat versin


AXCP sədri Əli Kərimli öz bloqunda «Vaşinqton Post» qəzetində gedən məqalə ilə bağlı prezidentin izahat verməsini istəyir:

«Vaşinqton Post» qəzeti Əliyevləri tam ifşa etdi. Sadə azərbaycanlılar iqtisadi böhranla çarpışırkən, Azərbaycan əhalisinin 2 milyona qədəri ayda 70-80 manatla dolanmağın sirlərinə yiyələndiyi vaxtlarda ailəyə yaxın işbazlar da İlham Əliyevin 11 yaşlı oğlunun adına 44 milyon dollarlıq əmlak almaqla məşğul imişlər…

Maraqlıdır, nə edəcəklər? Bu yazını yazan Elmar deyil ki, ölürtdürələr. Aqil Xəlil deyil ki, bıçaqladıb, sonra da mənəvi terrora məruz qoyasan. Qənimət Zahid, Eynulla Fətullayev, Mirzə Sakit, Emin Milli, Adnan Hacızadə deyil ki, şərləyib həbs etdirəsən. Bəli, cənablar, korrupsiyanı, talanı, oğurluğu gizlətmək mümkün deyil. Siz burada 5-7 min tirajı olan qəzetlərdə ifşa olunacağınızdan ehtiyatlanıb mətbuata divan tutdunuz, indi isə milyonlarla tirajı olan, dünyanın ən məşhur qəzetlərindən biri sizi ifşa etdi».

DUBAY, KORRUPSİYA VƏ İLHAM ƏLİYEV

Müsavat Partiyasının başqanı İsa Qəmbər də bloqunda bu mövzuya yer ayırıb, partiyanın bəyanatını yerləşdirib:

«ABŞ-da çıxan nüfuzlu «Vaşinqton Post» qəzetində Azərbaycandakı korrupsiya ilə bağlı geniş məqalə çap olunub. Məqalədə dövlət başçısı İlham Əliyevin adı ilə bağlı bir sıra ciddi faktlar sadalanır. O cümlədən göstərilir ki, Dubayda 11 yaşlı Heydər Əliyevin adına 44 milyon ABŞ dolları dəyərində əmlak alınıb. Müsavat Partiyası yazıda sadalanan konkret faktlar barədə ölkə ictimaiyyətinə məlumat verilməsinin zəruriliyini nəzərə alaraq İlham Əliyevdən təcili olaraq bu barədə hərtərəfli açıqlama ilə çıxış etməsini tələb edir».

MÜBARƏKDİR

İlqar Məmmədov da «Vaşinqton Post» qəzetinin məqaləsini nəzərdən qaçırmayıb:

«11 yaşlı Heydər Əliyev Dubayda 44 milyon dollara mülk alırsa, 20 yaşları təzəcə ötmüş Leyla Əliyeva bacısı Arzu ilə birlikdə Dubayda ən azından 31 milyon dollarlıq mülkə sahibdirsə, rəsmilərimizin Amerika səfirliyinə bu gün zəng edib acıqlı tərzdə «Bu nə yazıdır?» soruşmasına kim təəccüblənər? «Bu, söz azadlığının diktatora sıcaq salamıdır.

11 yaşlı Heydər Əliyevin ilk dünya miqyaslı korrupsion qalmaqalı da ki, mübarək».

ELMAR AZƏRBAYCAN ÜÇÜN VİCDAN ABİDƏSİ İDİ

Bu həftə bloqlarda qətlə yetirilmiş jurnalist Elmar Hüseynovu da yad etməyi unutmayıblar. Orxan yazıb ki, Elmar «Məndə sığar ikən cahan, mən bu cahana sığmazam» misrasıdır, bu misranın bütün ağırlığı, bütün hüznü, bütün yalnızlığıdır:

«2 mart biz yenə – otuz-qırx adam Elmarın qəbri üstünə yığışacağıq. 2 mart günü bütün Azərbaycan «Eurovision» sərsəmləməsi üçün qalibi seçəcək. Elmar isə Andersenin nağılındakı krala «çılpaqdır!» deyən o uşaq idi. Kim etiraz edəcək, desəm ki, Elmar Hüseynov Azərbaycan üçün vicdan abidəsi idi. Mən bilmirəm ki, onlara münasibəti necə idi, amma bu nəhəng adamın içində İmam Hüseyn var, İmadəddin Nəsimi var, Mahatma Qandi var, Nelson Mandela var. Bu siyahını uzatmaq da olar, Elmarın yarıda qırılmış ömrü kimi elə bu yerdə bitirmək də… Elmar getdisə, bu uzaq adları davam etdirməyin nə mənası?».
Uçan xalçalar və qırıq xətlər diyarından yazan bloqçu da son postunda Elmar Hüseynovun xatirəsini yad edir.

AZƏRBAYCAN İRİ ADDIMLARLA ADDIMLAYIRDI... İNDİ İSƏ YELLƏNİR

Dərvişin hücrəsindən postlarını göndərən bloqçu bu dəfə Sovet Azərbaycanı ilə müasir Azərbaycanın fərqindən yazıb:

«Vaxt var idi Heydər Əliyev Azərbaycanda kommunistlərinin lideri idi. Həmin dövrdə bütün SSRİ-nin lideri Leonid Brejnev Bakıya səfərində Respublika Sarayının - hazırda isə Heydər Əliyev adına Sarayın tribunasından deyirdi: «Azərbaycan iri addımlarla» (Şiroko şaqaet Azerbaydjan).

«Addım» deyəndə o, 1 milyon tondan artıq pambıq, 20 milyondan artıq neft emalını, üzüm yığımını və s. nəzərdə tuturdu. Azərbaycan «iri addım»larına görə Heydər Əliyev «sevgili Leonid Brejnevin əllərindən» «Qızıl Ulduz» Sosialist Əməyi Qəhrəmanı alıb.

O addımlardan nə qalıb?!

İl ərzində 6 milyon ton neft emalı. Heydər Əliyevin oğlu, Yeni Azərbaycan Partiyasının lideri və Azərbaycan prezidenti Rusiyanın «Vesti» kanalına müsahibəsində hazır neft məhsullarının satışının çətinliyindən danışıb. Bu səbəbdən Azərbaycan nefti xammal şəklində – neft buruqlarından ixrac etməyə üstünlük verir...»

RAMİZ MEHDİYEVİN STANDARTLARINA NAİL OLMAQ ÜÇÜN ÇOX İŞ GÖRÜLMƏLİDİR

Elnur Aslanov son postunda müsahibələrindən birini yerləşdirib. Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri olan bloqçu qeyd edir ki, Azərbaycanın yerli televiziya kanalları hələ çox iş görməlidir ki,
Ramiz Mehdiyevin dediyi standartlara nail olsunlar:

«Əlbəttə, bəzi kanallar müəyyən addımlar atıblar, inkişaf var. Ancaq təəssüflər olsun ki, verilişlərin bolluğu sosial-mədəni mühitə mənfi təsir göstərir. İntellektual və analitik proqramlar arzu olunan səviyyədə deyil. Cəmiyyət bu cür vəziyyətə reaksiya verməlidir».

DÖVLƏT DİLİNİ ƏSKİLTMƏKLƏ REKLAMA SANBALLILIQ VERMƏK FƏNNİ

İlqar Mirzə yazır ki, Azərbaycanda bəzi reklamçılar bilərəkdən dövlət dilindən yayınır.

Məsələn, bloqçu «Azerfon-Vodafone» brendinə məxsus reklam çarxında, çap məhsullarında və qəzet reklamlarında «Power to you» şüarının nədənsə ingilis dilində yazıldığını qeyd edir. Hərçənd başqa ölkələrdə şirkətin şüarı öz dillərindədir.

Bloqçu sual edir ki, nə üçün Azərbaycan bazarı üçün hazırlanmış reklam çarxında şüar ingilis dilindədir? Gəldiyi qənaət belədir:
«Dövlət dilini əksiltməklə reklama sanballılıq vermək cəhdi; Azərbaycan dilində şüar düşünməyə fərasətləri və kreativ ideyaları çatmayıb; «Azerfon»çuların düşüncəsində, dilimiz ingilis dilindən kasad və ya əskikdir – fikirlərini izah edə bilməyiblər; Azərbaycan əhalisinə ingiliscə nəyisə başa salmaq daha asan görünüb; Yaxud bizdə əhalinin böyük hissəsi ingilis dilində danışırmış, xəbərimiz yox imiş; Yoxsa biz dilimizi ingilislərdən az sevirik?!; Ya da, «Azerfon» hansı ölkədə olduğunu bir anlıq unudub…»
XS
SM
MD
LG