Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:30

İlham Əliyev: «Yersiz məsləhətlərə ehtiyac yoxdur»


İlham Əliyev

Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə təbrik nitqi ölkənin siyasi, iqtisadi vəziyyətindən tutmuş, beynəlxalq əlaqələrə qədər məsələləri əhatə edib.

Təbrik nitqindən bəzi hissələri təqdim edirik:

AZƏRBAYCANIN QƏLƏBƏSİ

«Bu il Novruz bayramı, eyni zamanda, YUNESKO tərəfindən beynəlxalq səviyyədə qeyd olunur. Bu da böyük qələbəmizdir, böyük uğurumuzdur və onu göstərir ki, artıq beynəlxalq aləm bu bayramı qeyd edir.

Qarşımızda duran bütün vəzifələr uğurla icra edilir. Tərtib edilmiş və qəbul edilmiş bütün proqramlar vaxtında və böyük keyfiyyətlə icra edilir. Bu gün Azərbaycan, sözün əsl mənasında, inkişaf və tərəqqi dövrünü yaşayır. Bütün sahələrdə quruculuq-abadlıq işləri aparılır.

BULVAR – AZƏRBAYCANIN MÜASİR İNKİŞAF DİNAMİKASINI GÖSTƏRİR


Görülən işlər həm statistik rəqəmlərdə öz əksini tapır, eyni zamanda, biz bunu gündəlik həyatda da görürük. Abadlaşan şəhərlər, gözəlləşən küçələr, binalar, tarixi irsimizə olan münasibətimiz, - mən bu gün qədim Qız qalasının önündə çıxış edirəm, - arxamda qədim İçərişəhər, qarşımda gözəl dənizkənarı bulvar. Bulvarın da böyük tarixi vardır. Bu gün bulvar da Azərbaycanın müasir inkişaf dinamikasını göstərir.

Təqdim olunan təkliflər deyə bilərəm ki, bütövlükdə müəyyən kiçik istisnalarla Azərbaycanın maraqlarını, Azərbaycanın ərazi bütövlüyünü, işğal edilmiş bütün rayonların Azərbaycanın nəzarətinə qaytarılmasını təmin edir. Beləliklə, hesab edirik ki, əgər qarşı tərəf konstruktivlik nümayiş etdirərsə və təklif edilmiş variantla razılaşarsa, biz məsələnin həlli işində daha da sürətlə addımlaya bilərik.

QARABAĞA MÜSTƏQİLLİK VERİLMƏYƏCƏK


Biz danışıqlar prosesində öz prinsipial mövqeyimizdən bir addım geri atmamışıq. Bir neçə il bundan əvvəl nəyi demişiksə, bu gün də həmin mövqeyin üstündə dayanırıq. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. İşğalçı qüvvələr işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycan vətəndaşları oraya qayıtmalıdırlar. Bütün kommunikasiyalar açılmalıdır. Dağlıq Qarabağda yaşayan ermənilər və Dağlıq Qarabağa mütləq qayıdacaq azərbaycanlılar yüksək muxtariyyət statusunda yaşamalıdırlar. Bu status nədən ibarət olacaq, onu gələcək göstərər. O gələcək ki, sabah da, yüz ildən sonra da ola bilər və olmaya da bilər.

Yəni, Dağlıq Qarabağa Azərbaycandan kənarda statusun verilməsi qətiyyən qəbuledilməzdir. Bu, bizim prinsipial mövqeyimizdir. Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək, Azərbaycan onu heç vaxt tanımayacaq. Bizim tanımadığımız qurum dünya tərəfindən də tanınmayacaq.

ORDUMUZU GÜCLƏNDİRƏCƏK, YENİ SİLAHLAR ALACAĞIQ


Biz müharibə şəraitində yaşayırıq. Təsadüfi deyil ki, bizim dövlət xərclərimizin əsas hissəsi müdafiə məqsədlərinə yönəldilibdir. Bu, təbiidir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunandan sonra, əlbəttə ki, bu qədər böyük müdafiə xərclərimizə ehtiyac olmaz. Bu gün isə buna böyük ehtiyac vardır. Biz müdafiə xərclərimizi ildən-ilə artıracağıq, ordumuzu gücləndirəcəyik, yeni silahlar alacağıq, elə edəcəyik ki, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanının əmrini istənilən anda qısa müddət ərzində icra edə bilsin. Bu, bizim suveren hüququmuzdur, bu işdə heç kim bizə məsləhət verə bilməz.

İŞİMİZƏ MÜDAXİLƏ EDƏNLƏR BAŞA DÜŞMƏLİDİRLƏR Kİ...

Bu gün isə Azərbaycan həm siyasi, həm iqtisadi sahədə mütərəqqi islahatların aparılması ilə güclü dövlətə çevrilib. Əgər bizə hansısa məsləhət lazım olarsa, biz lazımi ünvana müraciət edərik. Amma yersiz məsləhətlərə ehtiyac yoxdur. Bizim daxili işlərimizə müdaxilə etmək istəyənlər çoxdan başa düşməlidirlər ki, bu səylər əbəsdir, bunun heç bir səmərəsi olmayacaqdır. Ancaq bir nəticəsi ola bilər ki, bizim işimizə müdaxilə etmək istəyənlərlə Azərbaycan arasında münasibətlər gərginləşə bilər. Biz istənilən münasibətlərə hazırıq. Biz istəyirik ki, bütün ölkələrlə münasibətlərimizi dostluq, qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında quraq. Heç kimin daxili işlərinə qarışmırıq, heç kimi tənqid etmirik. Baxmayaraq ki, bəzi hallarda tənqid etmək üçün kifayət qədər əsaslar vardır. Əlbəttə, gözləyirik ki, bizə də eyni münasibət olsun. Ona görə də, istəmirəm ki, vəziyyət gərginləşsin və biz kiminləsə məsələləri çox ciddi və gərgin şəkildə həll etməyə başlayaq.

AZƏRBAYCANIN ÖZ YOLU

Bu gözəl bayram günündə bir daha demək istəyirəm ki, Azərbaycan öz yolu ilə gedir. Bu yol demokratiya, inkişaf, tərəqqi, azadlıq və suverenlik yoludur. Biz bu yolda bütün dostlarımızla irəliyə getməyə hazırıq. Ancaq biz işimizə ləkə vurmaq, müdaxilə etmək istəyənlərlə bu yolu gedə bilmərik».

ÇIXIŞA MÜNASİBƏTİNİZİ BURADA BİLDİRİN
XS
SM
MD
LG