Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:11

"İrandakı azərbaycanlı yazıçılar özlərini senzura etməyə məcburdurlar"


Iran Azərbaycanından olan şairə Məlihə Əzizpur www.adyazar.az saytında "İstibdada qarşı milli ədəbiyat" məqaləsində İranda azərbaycamlı yazıçı və şairlərin oxucularla ünsiyyət qurmasının çətinliklərindən yazır.

Onun fikrincə, bu çətinliyin fərqli səbəbləri var:

Əvvəla azəri yazar və oxucu arasında rabitə qurmaq "təqribən mümkünsüzdür".

"Çünkü ölkədə türk dilində yazılmış kitabların yayılması üçün ciddi əngəllər vardır və İRŞAD idarəsinin izni olmadan hansısa bir kitab yayılmır.

Bu üzdən də hər bir yazıçı kitab çap etmək istərsə,

ÖZÜNÜ SENZURA ETMƏK ZORUNDA QALIR

Çünkü ədəbiyat sərhəd tanımaz və insanın azadlıq nıyyələrini bir bütün şəklində ortaya qoymaq istər.

Beləliklə rejimin basqıları nəticəsində yazıçı, kitablarının çap olması üçün öz duyğu və düşüncəsini senzura etməlidir, ya da məchul və tanınmaz bir şəkildə yaşamalıdır".

Məlihə Əzizpur yazır ki, bir yazıçını təşviq edən və onu həvəsləndirən oxucu kütləsidir. Oxucu kütləsinin təşviq və tənqidləridir ki, yazıçıya ilham verir.

Onun fikrincə İran Azərbaycanında yazıçı və şairlərin əsərlərinin oxunması üçün bir əngəl də var.

"O da bundan ibarətdir ki, keçən 85 il ərzində farslaşdırma nəticəsində türklərin öz dillərində yazma-oxuma adət-ənənəsini zəyiflədib, sanki kor etmişlər.

Çünki türk dilində yazıb-oxuma məsələsinə gətirilən qadağalar nəticəsində türkcə oxuma və türkcə düşünmə zəiflədilmişdir.

Bu üzdən də irşad idarəsinin izni olsa belə, türkcə oxuma alışqanlığının olmaması yenə də yazıçı və oxucu arasındakı geniş miqyaslı əlaqələrinin olmasını əngəlləyir".

Amma Məlihə Əzizpur yazır ki, bütün təzyiqlərə və basqılara rəğmən, imkansızlıqdan imkan yaratmaq və xalqla rabitə qurmaq lazımdır.

"Ancaq rejim bunun böyük qismini əngəlləyibsə də

MODERN TEKNOLOJİNİN GƏLİŞMƏSİ BİZİM DİRƏNİŞİ GÜCLƏNDİRMƏKDƏDİR

Bu yolda çox gənclərimizi tutub zindana salırlar.

Qələm sahiblərimizi təhdid edirlər. İrşad vizarətindən çap olması üçün izni olan dərgi və qəzetləri yasaqlayırlar.

Ancaq milli yüksəlişin arxasında milli iradə durduğu üçün gündən günə dirəniş miqyası dərinləşir, böyüyür və genişləyir.

Zindana düşən gənclərin mərd mərdanə dirənişləri, sınmamaları və Türklükləri ilə qürur duymaları, milli dirənişin hansı mərhələdə olduğunu açıq şəkildə göstərməkdədir.

Bu dirənişin ən açıq örnəklərini Güney Azərbaycanda yazılan ədəbiyat növlərində görməkdəyik".

Məlihə Əzizpur öz məqaləsində qeyd edir ki, son zamanlar İran Azərbaycanında bir çox roman, hekayə, şeir və fəlsəfi görüşləri əks etdirən kitablar bütün yasaqlara baxmayaraq yayılıb.

"Ayrıca, yasal olmayan yollarla da, milli oyanış və milli dirəniş nümunələrinə şahid oluruq".

Müəllif yazır ki, "hər bir yas və toy mərasimi, ad günü, milli şəxsiyətlərimizə aid törənlərimiz və s. özü-özlüyündə milli dirəniş göstərgəsinə çevrilir.

Milli varlığın içində mərkəzləşmiş olan əqli və hissi enerjimiz, özünü dirəniş mərhələsində açıq şəkildə göstərməkdədir.

Bu dirənişi, rejim bütün imkanlardan faydalanaraq qırmaq istəyir".

Məlihə Əzizpur bildirir ki, türk dilini aşağılayıb təhqir etmələr,

TÜRKCƏ YAZANLARI TUTUQLAMAQ

və bəzən də onların şəxsiyətlərini alçaltmaq cəhdləri rejimin azərbaycanlıların milli hərəkatına qarşı təzyiqlərinə nümunələrdir.

"Ancaq buna mütəqabil, milli qurtuluşu özünə böyük və tarixi bir hədəf olaraq seçən millətimiz öz dirənişindən vaz keçməməkdədir. Olayların axışı bunu göstərməkdədir.

Bizim gənclərimizin bu yolda çəkdikləri əzablar, zindanlar və gördükləri işkəncələr, bu qurtuluş yolunda ödənilən bədəldir.

Bu da nəticəsiz qalmayacaqdır.

Çünkü tarixdə doğruluq, haq və ədalət yolunda gedən mubarizələr sonunda qurtuluşla nəticələnmişdir, ancaq qurtuluş düşüncəsini qurtuluş duyğularını toplumun dünya görüşündə əkən və oluşduran yazarlar, şairlər və aydınlar olmuşlar.

İndiki mərhədə milli qurtuluş, zaman keçdikcə türk toplumunun dünya görüşündə bir inanc şəkli almaqdadır.

Bu inancı ayrıntıları ilə açıqlayan və etik və estetik tərəflərini izah edən, milli dilimizdə yazılan modern ədəbiyyatdır.

Bu modern düşüncənin təsirlərini bir çox sənət əsərlərində görmək mümkündür.

Nəsrimizdə, şeirimizdə, rəssamlığımızda və musiqimizdə

MODERN QURTULUŞ DÜŞÜNCƏSİNƏ ŞAHİD OLMAQDAYIQ

Gənclər arasında milli musiqimizə olan rəğbət, milli rəqslərimizi və milli dəyərlərimizi mənimsəmə nümunələrinə çox geniş miqyasda rast gəlirik.

Bu da onu göstərir ki, toplumun ruhunda və dünyaya baxışında böyük dəyişikliklər ortaya çıxmışdır.

Bu dəyişikliklər üzərində hesab etmək olar və haqqında danışdığımız milli qurtuluşu da millətin içində ortaya çıxmış olan bu milli enerji bərqərar edəcəkdir".

Məlihə Əzizpur yazır ki, bütün basqılara və təzyiqlərə rəğmən azəri gənclər İran Azərbaycanının şəhərlərində bir araya gəlib öz düşüncələrinin məhsulu olan yazı və əsərlərini kiçik ortamlarda paylaşmaqdadırlar.
XS
SM
MD
LG